"YAP köhnə qvardiyanın poensialından istifadə edəcək"

img

19-07-2010 [05:35]


[b]Aydın Mirzəzadə: "Builki seçkilərdə YAP-ın siyahısında biznes dairələrinin nümayəndələrinin olması da mümkündür" [/b] Müxalifətin seçki ilə bağlı planları az-çox bəlli olsa da, hakimiyyət hələ də seçki taktikasını müəyyənləşdirməyib. Seçkiyə çox vaxt qalmasa da, YAP-ın seçki siyahısı hazır deyil. Bəzi ekspertlər bunu hakimiyyətdaxili çəkişmələrlə əlaqələndirsələr də, iqtidarın 2010 strategiyası barədə konkret fikir bildirən yoxdur. Müxalifət düşərgəsindəki təxmini seçki cinahları bəllidir. Əsas cinahda AXCP-Müsavat birliyi olacaq, bəs, hakimiyyət seçkiyə hansı komanda, hansı siyahı, hansı taktika ilə gedir? Hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şura üzvü, millət vəkili Aydın Mirzəzadə bu suallara konkret cavab verə bilməsə də, ümumi mənzərəyə aydınlıq gətirməyə çalışdı: - Yeni Azərbaycan Partiyasının seçki hazırlığını partiyanın icra katibliyi həyata keçirir. Mən və digərləri də partiyanın üzvləri kimi seçki prosesində bizə tapşırılan fəaliyyəti həyata keçiririk. Mənə verilən məlumata görə, bu gün partiya seçkilərə tam hazırdır. Seçkilərdə qələbə qazanmaq, 2005-ci ilin göstəricəlirini artırmaq fikrindəyik. [b]- Aydın müəllim, məlum olduğu kimi, hakimiyyətin siyasi kursunu dəstəkləyən bir sıra partiyalar var. Seçki zamanı həmin partiyaların əsas namizədlərini, yəni sədrlərini dəstəkləməklə bağlı hər hansı bir qərar varmı? [/b] - Mən bu barədə məlumatsızam. Çünki seçkinin təşkili məsələləri ilə məşğul deyiləm. [b]- Ümumiyyətlə, necə düşünürsünüz, heç olmasa, həmin partiyaların rəhbrlərinin dairələrində onlara güzəşt etmək lazım deyilmi? [/b] - Söhbət rəhbərə güzəştdən getmir, söhbət bu gün demokratik qüvvələrin parlament seçkilərində ümumi qələbəsinin təmin edilməsindən gedir. Əlbəttə, YAP Azərbaycanın müstəqilliyini qoruyan şəxslərin parlamentə düşməsini həmişə dəstəkləyib. Onların içərisində YAP-la əməkdaşlıq edən partiyaların üzvləri də, müstəqil namizəd olub, amma fikirlərimiz üst-üstə düşən şəxslər də ola bilər. Bütün bu məsələlər seçki prosesində həll ediləcək. [b]- Hakimiyyət həmişə dialoqun, əməkdaşlıq etməyin tərəfdarı olduğunu bildirsə də, amma nəinki müxalifəti, heç iqtidaryönlü partiyaları belə yaxına buramır. Məsələn, Vəhdət Partiyasının sədri Tahir Kərimli neçə vaxtdır buna can atır, hələ də yüksək səviyyədə qəbul olunmur... [/b] - Öncə onu deyim ki, eyni amal uğrunda mübarizə aparan təşkilatlar arasında dialoq yox, əməkdaşlıq olur. Əməkdaşlıq formasında görüşlər müxtəlif formada baş tutur. Yəni bu gün YAP-la əməkdaşlıq edən partiyaların rəhbərləri ilə görüşdə hər hansı bir problem yoxdur. Hesab edirəm ki, bundan sonra da bu şəkildə davam edəcək. Seçkidə də bu əməkdaşlıq davamlı olacaq. [b]- Hazırda YAP-ın seçki ilə bağlı hər hansı namizəd siyahısı bəllidirmi? [/b] - Bu barədə dəqiq bir söz deyə bilmərəm. [b]- Sizcə, YAP siyahısında yeni simalar yer alacaqmı? [/b] - YAP yeganə partiyadır ki, daima seçki siyahılarında yeni şəxslərin, cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrinin olmasına cəhd göstərir. Bunun üçün 2000-ci illə 2005-ci ilin partiya siyahısını müqayisə etmək yetərlidir. Hesab edirəm ki, həmin tendensiya bu il də özünü göstərəcək. Partiya rəhbərlərinin mətbuata verdiyi vaxtaşırı məlumata görə, YAP həm indiki deputat korpusundan, həm də müxtəlif təbəqələrdən - gənclərdən, qadınlardan, ayrı-ayrı ziyalılardan, əyalət ziyalılarından geniş istifadə etmək fikrindədir. Zamanı gələndə partiya rəsmi seçki siyahısını ortaya qoyacaq. [b]- O fikirlər də səslənir ki, 2005-ci il parlament seçkilərində hakimiyyət daha çox biznes adamlarına mandat verdi. Hətta bu səbəbdən də bəzi müxalifətçilər parlamentdə avlerçilərin çoxluq təşkil etdiyini bildirirlər. Bu cür ittihamlara yol verməmək üçün yeni bir taktika seçiləcək, yoxsa... [/b] - Alverçi anlayışı sosializm quruluşuna aiddir və bu gün alverçi yox, biznesmenlər, sahibkarlar təbəqəsi var. Onların da ictimai-siyasi proseslərdə iştirakı arzuolunandır. 2005-ci ildə parlamentə əvvəllər bizneslə məşğul olmuş insanların düşməsi müsbət hal idi. Yəni onlar cəmiyyətdə aparıcı qüvvələrdən biri idi. Cəmiyyətin rifahının yaxşılaşması, ölkə iqtisadiyyatının qüdrətlənməsi üçün onlar böyük işlər görən sosial təbəqədir. Onların siyasətlə məşğul olması isə ancaq alqışlana bilər. O başqa məsələ ki, kiminsə fəaliyyəti arzuolunan səviyyədə olmadı. Ola bilsin ki, kimsə özünü istədiyi tərzdə təsdiqləyə bilmədi. Seçki də ondan ötəridir ki, cəmiyyət kimləri yenidən parlamentdə görmək istədiyini ortaya qoya bilsin. Builki seçkilərdə YAP-ın siyahısında biznes dairələrinin nümayəndələrinin olması da mümkündür. Bir məsələni də unutmayaq ki, deputat mandatının taleyini hansısa siyasi qüvvə deyil, seçki həll edir. Kim seçicinin dili ilə danışmağı bacaracaqsa, kim irəli sürdüyü proqramla konkret dairənin maraqlarına cavab verə biləcəksə, o da parlamentdə təmsil olunacaq. Deməli, seçkiyə gedən ayrı-ayrı sosial təbəqələrin nümayəndələri özlərinin məşğul olduğu sahə ilə yanaşı, qanunvericilik və siyasət sahəsində də hazırlığını yüksək səviyyədə saxlamalıdır. [b]- Ötən seçkilərdə YAP-ın köhnə qvardiyasının, eləcə də "91-lər Hərəkatı"nın bəzi üzvləri narazı qaldılar. Bu dəfə də analoji hal təkrarlana bilərmi? [/b] - Bizim "91-lər" deyilən insanlara böyük hörmətimiz var. Onlar partiyanın yaradıcılarıdır, Heydər Əliyevin təbiri ilə desək, qızıl fondudur. Həmişə onlar YAP-ın tarixində önəmli yer tutacaqlar, partiyanın diqqətdə saxladığı qrup olacaqlar. Sözsüz ki, əvvəlki seçkilərdə olduğu kimi, budəfəki seçkilərdə YAP köhnə qvardiyanın potensialından istifadə edəcək. Qeyd edim ki, məşhur "91-lər"in nümayəndələrindən təkcə parlament səviyyəsində deyil, hakimiyyətin digər sahələrində də istifadə edilir. [b]- Ancaq hələ də narazı qalanlar var. Bu günlərdə "Reytinq"ə müsahibə verən YAP İdarə Heyətinin üzvü Şahlar Əsgərov hakimiyyətdəki bəzi şəxslərin 2005-də onu müsavatçı bir xanımın ayağına verdiyini bildirmişdi...[/b] - Mən, Tərtər rayonundakı situasiya ilə yaxından tanış deyiləm. Amma hesab edirəm ki, 2005-ci ildə Tərtər seçiciləri adıçəkilən şəxsə üstünlük verdiyinə görə, o, parlamentin deputatı mandatını qazandı. Builki seçkidə yenidən hər kəs öz gücünü və potensialını ortaya qoyacaq. Konkret olaraq, Şahlar müəllimə gəldikdə isə, bir alim kimi onun YAP-da böyük nüfuzu var. Onu partiyanın ideoloji xəttini müəyyənləşdirən insan hesab edirik. Bundan sonra da həmişə YAP-çıların onun fikirlərinə ehtiyacı olacaq. [b]- Başqa mövzuya keçək. Bildiyiniz kimi, bu yaxınlarda seçki qanunvericiliyinə bir sıra dəyişikliklər edildi. Müxalifət bu dəyişiklikləri süngü ilə qarşılayaraq iddia edir ki, dəyişikliklər seçkiöncəsi vəziyyəti daha da mürtəceləşdirməyə yönəlib. Opponentlərinizlə razısınızmı? [/b] - Sonuncu dəfə edilənlər texniki dəyişikliklərdir. Hətta Venesiya Komissiyasının nümayəndələri də bu dəyişikliyin seçki prosesinin obyektiv keçirilməsinə hər hansı problem yaratmayacağını bildirdilər. Mən təəssüf edirəm ki, bizim milli müxalifətin müəyyən cinahları seçki ilə deyil, seçkiətrafı söhbətlərə daha çox diqqət yetirirlər. Bu gün cəmiyyətdə nüfuzu olan, seçicinin etimadını doğrulda bilən şəxsin neçə gün təbliğat aparmasının deputat seçilməsi üçün elə bir həmiyyəti yoxdur. Əvvəllər bu müddət 30 gün olub, indi isə 23 gündür. Məgər 7 gün nəyisə həll edir? 23 gündə edə bilmədiyini 30 gündəmi etməyə çalışır? Məsələ ondadır ki, müxalifətin müəyyən dairələri seçkiyə ancaq seçki kampaniyası dövründə start verirlər. Əslində seçkiyə ötən beş il ərzində hazırlıq görmək lazımdır. Ölkənin inkişafına dair ayrı-ayrı layihələr hazırlamaq, insanlarla işləmək lazımdır. Məsələn, mən 47 saylı Mingəçevir dairəsindən deputatam, ötən beş il ərzində seçicilərimin yanında olmağa çalışmışam. Bu beş il ərzində 2005-ci ildə mənə rəqib olan insanların birini Mingəçevirdə görmədim. Mən bilmirəm hansı dairədən namizəd olacağam, amma müxalifət dairələrindən olanlar hansı üzlə Mingəçevirə gedəcəklər? Bu baxmıdan, müxalifətin seçki ilə bağlı dediyi fikirlər özlərinin hazırlıqsızlıqlarını ört-basdır etməkdən başqa bir şey deyil. [b]- Aydın müəllim, müxalifət düşərgəsindəki gərginlikdən yəqin ki, xəbəriniz var. "Azadlıq" bloku parçalandı, ardınca Müsavat-AXCP birliyi yaranır. Bu barədə Sizin fikrinizi öyrənmək istərdik. [/b] - Mən bu məsələyə YAP üzvü kimi deyil, politoloq kimi şərh vermək istəyərdim. Əlbəttə, siyasi qüvvələrin birləşməsi müsbət haldır. Siyasi qüvvələr nə qədər təmərküzlşərsə, vahid birlik yaranarsa, bu, ölkənin inkişafı üçün xeyirlidir. Ancaq iş burasındadır ki, AXCP və Müsavat cəmiyyətə, eyni zamanda, bu partiyaların həm tərəfdarlarına, həm əleyhdarlarına kifayət qədər tanışdırlar. Bu iki təşkilatın birliyini mehriban düşmənlərin birliyi kimi qiymətləndirmək olar. İş burasındadır ki, 2000-ci ildə AXCP ümumən müxalifət qüvvələrinin hesabına əldə etdiyi mandatları götürərək Müsavat arxa çevirdi, eyni şeyi Müsavat "Azadlıq" blokuna qarşı elədi. Bu gün yenidən düşmən mövqeyində olan qüvvələr ittifaq bağlamağa çalışırlar. Mən onların səmimiliyinə inanmıram. Bu, taktiki bir gedişdir. Bu, bir-birinin hesabına daha çox mandat almaq uğrunda gedən mübarizənin bir formasıdır. Onların fəaliyyətini bir əllə mehribancasına görüşən, o biri əlində arxalarında daşı bərk saxlayan şəkil formasına bənzədirəm. [b]- Bəs, Müsavat-AXCP birliyini hakimiyyətə alternativ kimi görürsünüzmü? [/b] - Hakimiyyətin əleyhinə çıxan istənilən şəxs bizə alternativ sayılır. Hətta bir nəfər belə, bizim əleyhimizə çıxırsa, bu bir nəfər bizim üçün alternativdir. AXCP ilə Müsavatın bir blok yaratmaq istəməsi onların daxili işidir. Ancaq cəmiyyətin ona marağı varmı, həmin iki partiyanın arxasınca gedəcəkmi? Bunlar nə dərəcədə Azərbaycanın demokratik qüvvələrini, ziyalıları öz ətrafına toplaya biləcəklər, hakimiyyətə gələcəkləri təqdirdə Azərbaycanın maraqlarını dünya qarşısında qorumaq iqtidarındadırlarmı? Bütün bunların heç biri görünmür. Açığı, bu birlik cəmiyyət üçün maraqlı deyil. Artıq 20 ildir ki, bu qüvvələrin başında eyni insanlardır, eyni yanaşmadır. Birincisi, bu partiyaların birləşməsi gözlənilən deyil, çünki hər iki partiyanın daxilində bu birləşmənin əleyhinə çox güclü müqavimət var. Həm də birləşməsələr belə, cəmiyyətdə böyük rezonans yarada bilməyəcəklər. [b]- Görünən odur ki, seçkidə bir tərəfdə müxalifətin aparıcı qüvvələri olan Müsavat-AXCP, digər tərəfdə isə hakimiyyət olacaq. Bu iki qüvvənin mübarizəsinin nəticəsi olaraq hansı tablo alına bilər? [/b] - Bir qayda olaraq, müxalifət o zaman qalib gəlir ki, iqtidar zəif olur. Əgər iqtidar prezident və parlament seçkilərində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirirsə, belə iqtidar zəif ola bilməz. Bu gün iqtidarın fəaliyyətin hər bir seçici, konkret olaraq, ya yeni yol çəkilişindən, ya yeni məktəb tikilişindən, yeni iş yerlərinin açılmasından, ölkədə stabilliyin qorunmasından hiss edir. Bu baxımdan Yeni Azərbaycan Partiyasının iqtdidarın seçkilərdə qələbə çalacağına hər hansı bir şübhə yoxdur. Eyni zamanda, mümkündür ki, müxalifət dairələri, o cümlədən AXCP-Müsavat cinahı da parlamentdə yer alsın. Amma hesab etməyək ki, Azərbaycanda müxalifət ancaq bu iki partiyadan ibarətdir. Bu gün parlamentdə BAXCP, BQP, DİP, VHP kimi müxalifət qüvvələri də var. Böyük olmasalar da, hər halda onlar da müəyyən qüvvədirlər. Məsələn, bu günlərdə Milli İstiqlal Partiyası da özünün qurultayını keçirdi və yeni bir rəhbərlik formalaşdı. Onlar da çox iddialı şəkildə siyasi prosesə girmək əzmindədirlər. Bir sözlə, seçkilər bu cür iddiaları ortaya qoymağa imkan verir. Nəticənin necə olacağını isə seçkilər göstərəcək. Amma Yeni Azərbaycan Partiyasının üzvləri hesab edirlər ki, parlament seçkiləri fəaliyyətinə, cəmiyyətlə sıx olduğuna, ən əsası, daim yeniləşdiyinə, müasirləşmə əzmini ortaya qoyduğuna görə, yenidən bizim qələbəmizlə başa çatacaq. [b]Zaur ƏHMƏD[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA