11-07-2010 [05:46]
[b]Nurəddin Məmmədli: "Ölkədə işsizlik baş alıb gedir, narkomaniya, hüquqsuzluq hökm sürür, hər bir Azərbaycan vətəndaşı bu gün rüşvət verməyə məhkum edilib. Belə bir şəraitdə bu xalq hakimiyyətə hörmətlə yanaşıb onun elektoratı ola bilməz" [/b]
2010 seçki ili kimi passiv əhval-ruhiyyədə başlasa da, son iki ayda müxalifətin keçirdiyi etiraz aksiyaları bir qədər aktivlik yaradıb. Amma müxalif düşərgə daxilindəki gərginlik bu aktivliyə kölgə salır. Belə ki, iqtidar əleyhdarı olan partiyalar seçkiyə hazırlaşsalar da, bir tərəfdən də daxili intriqalarla məşğul olmağa məcburdurlar. Suallarımızı cavablandıran Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Nurəddin Məmmədli isə yaranmış vəziyyətə görə hakimiyyəti suçlayır.
- Mən, Azərbaycanda bu rejimin mövcudluğu şəraitində demokratik seçki keçirilməsini mümkün hesab etmirəm. Amma beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət katibi çox ciddi xəbərdarlıqla normal seçki keçirilməsini tələb elədilər. Azərbaycan hakimiyyətində bir çaşqınlıq hiss olunmaqdadır. Hakimiyyət çox gözəl bilir ki, onun keçmiş korpusdan olan deputatlarının seçilmək perspektivi yoxdur. Əgər demokratik seçki keçirilsə, onların nümayəndələri səs ala bilməyəcəklər. Ona görə də bir tərəfdən seçki qanunvericiliyini mürtəceləşdiriblər, təbliğat kampaniyasına ayrılan vaxt tamamiylə azaldılıb, digər tərəfdən isə hər hansı bir deputatlığa namizədin seçki fonduna 500 min pul qoyulması absurddur. Əslində bu, seçkidə pul faktorundan geniş şəkildə istifadə olunacağının işartılardır. Bütün bu çətinliklərə baxmayaraq, seçki kampaniyasını fəal şəkildə keçirmək, seçilmək uğrunda ciddi mübarizə aparmaq iddiasındayıq.
- Nurəddin bəy, ölkədə demokratik şəraitin olmadığını deyirsiniz, amma seçkidə iştirak etməyi də düşünürsünüz. Əgər normal şərait yoxdursa, nəyə ümid edib prosesə qoşulursunuz?
- Seçki prosesi bizə şans verir ki, indiki kütləvi narazılıq fonunda təşkilatlanma və partiyaların nüfuzunun artırılması prosesini sürətləndirək. Hakimiyyət istəsə də, istəməsə də seçki prosesi ərəfəsində televiziyadan istifadəyə, kütləvi tədbirlərin keçirilməsinə imkan veriləcək. Biz də bu tarixi şansdan bəhrələnmək fikrindəyik. Bilirsiniz ki, neçə illərdir telekanallar müxalifətin üzünə qapanıb. Seçkidə isə az da olsa, müəyyən şərait yaranacaq və bu şəraitdən istifadə eləmək lazımdır. Bu gün Azərbaycan xalqı bütövlükdə bu hakimiyyətə qarşıdır. Bu hakimiyyətdən ancaq dəlilər və ölülər razı ola bilər. Normal adam bu rejimdən razı ola bilməz. Seçki kampaniyasında isə bu narazılıqları ümumiləşdirib bir hərəkata çevirmək olar.
- Müxalifət əksəriyyətin hakimiyyətə qarşı olduğunu bildirir, qarşı tərəf isə Sizin dayaqlarınızın olmadığını iddia edir. Arqument kimi isə aksiyalarınıza 30-40 adamın gəlməsini göstərirlər. Opponentlərinizin fikirləri ilə razısınızmı?
- Hakimiyyətin davranışında nə hüquq, nə də məntiq elementi yoxdur. Hüquq yoxdur ona görə ki, Azərbaycan vətəndaşının sərbəst toplaşmaq hüququnu tanımaq belə istəmirlər. Əgər sərbəst toplaşmaq azadlığına qarşı bu cür təpki varsa, adını ictimai televizaya qoyan bu orqan rejimin ideoloji ruporuna çevrilirsə, bu, ölkədə qüvvələr nisbətinin hakimiyyətin xeyrinə olmadığını göstərir.
Müxalifətə olan təpkilər göz önündədir. Təkcə AXCP-dən son 6-7 ildə 16 nəfər siyasi məhbus var. Bu adamların hamısı heç bir hüquqi əsası olmadan həbs ediliblər. Eyni zamanda aksiyalarımızda 70-dən az olmayaraq insanlar həbs olunub. Bütün bunlar hakimiyyətin qorxusundan, gücsüzlüyündən irəli gəlir. Əgər doğrudan da hakimiyyət ideoloqlarının dediyi kimi, sosail bazamız yoxdursa, onda hüquqlarımızı niyə məhdudlaşdırırlar? İmkan versinlər, aksiyalarımızı keçirək və ciddi tədbir keçirə bilməməklə gücsüzlüyümüzü ortaya qoyaq. Digər tərəfdən, aksiyalarda iştirak edən adamlarımızı hər gün sahə müvəkkilləri vasitəsi ilə polis şöbələrinə dayşıyırlar. Bunlar hakimiyyət ideoloqlarının yalan və qorxu altında yaşadıqlarını sübut edir. Bir də ki, Azərbaycan əhalisi bu rejimdən necə razı ola bilər, bunlar xalqa hansı hüquq və azadlıqları verirlər ki, xalq bunlardan razı olsun? Hökumətin özünün rəsmi statistikasına görə, ölkədə 2 milyona qədər insanın aylıq gəliri 75-100 manat civarındadır. Bu, kommunal və nəqliyyat xərclərini ödəyə biləcək pul deyil. 500 min ailə bu gün-sabah süprülüb küçəyə atılacağını gözləyir. Ölkədə işsizlik baş alıb gedir, narkomaniya, hüquqsuzluq hökm sürür, hər bir Azərbaycan vətəndaşı bu gün rüşvət verməyə məhkum edilib. Belə bir şəraitdə bu xalq hakimiyyətə hörmətlə yanaşıb onun elektoratı ola bilməz. Mən əminəm ki, bu gün külli miqdarda rüşvət alan dövlət məmurları da bu rejimdən təngə gəliblər. Hakimiyyət özü-özünü çökdürmək, məhv olmaq ərəfəsindədir.
- Məsələ ondadır ki, sadaladıqlarınızla yanaşı, müxalif düşərgədə də daxili çəkişmələr, gərginlik hökm sürür...
- Prinsip etibarı ilə müxalifətdaxili gərginlik əksər hallarda hakimiyyətin davranışından qaynaqlanır. Yəni insanları çörəklə sınağa çəkən, partiyaları nəyin bahasına olursa-olsun məhv etmək siyasəti yürüdən hakimiyyət qorxaqları qorxudur, satılmağa meylli adamları satın alır.
- Mən, son günlər "Azadlıq" blokundakı gərginliyi nəzərdə tuturam...
- Bu proseslərə hələlik adekvat qiymət vermək mümkün deyil. Biz "Azadlıq" bloku daxilindəki problemləri ictimaiyyətin iştirakı olmadan həll etməyin mümkün olduğu qənaətindəyik. Əgər bu proses davam eləməsə, "Azadlıq" bloku parçalansa, cəmiyyətə nəyisə izah etməyə ehtiyac olmayacaq. İndiyə qədər onlarca partiya hakimiyyətin tərəfinə keçib, yenə də kiminsə keçməyəcəyi barədə, kiminsə əvəzinə and içmək fikrində deyiləm. Amma hər hada bu gün rejimə tabe olmayan, onun qaydaları çərçivəsində yaşamaq istəməyən siyasi qüvvələr var. Mənə elə gəlir, yetərlidir ki, o qüvvələrin ətrafında birləşib bu rejimə qarşı mübarizə aparılsın. Ona görə də hər şeyi itirilmiş saymaq lazım deyil.
- Bir qədər mövzudan uzaqlaşdınız. Diqqətinizi "Azadlıq" bloku daxilindəki narazılığa yönəlmək istəyirəm. Bu gün belə bir fikir yaranıb ki, blok daxilində yaranan gərginliyin baiskarı AXCP-dir. Bu fikirləri bölüşürsünüz?
- Şəxsən mən AXCP-nin hər hansı bir problem yaratdığını görmürəm, hiss etmirəm, heç kim də bunu sübut edə bilməz.
- Müttəfiqiniz Əli Əliyev deyir ki, blokda onlara qarşı etimadsızlıq var və AXCP sədri Əli Kərimli ilə görüşdən sonra bu etimadsızğığın dərin bir kökü olduğuna əmin olub...
- (Tələsik) Bayaq da dedim, mən hələlik "Azadlıq" bloku daxilində baş verənlərlə bağlı tərəf müqabillərimizdən fərqli olaraq açıqlamalar vermək istəmirəm. Çünki münasibətləri pozmaq, hakimiyyətə hər hansı formada xeyir vermək siyasəti çox sadədir. Bir cümlə ilə deyirəm ki, bu problemlərə hələlik müdaxilə etmək fikrində deyiləm. Amma vaxt yetişib meyvələr ağacdan enəndən sonra hər şeyi öz adı ilə çağıracağıq. Deyə biləcəyim yeganə söz odur ki, biz öz tərəf müqabillərimizə həmişə hörmətlə yanaşmışıq, heç bir epizodda onların maraqlarına zidd addım atılmayıb. Bilirəm onların narazılıqları nədən qaynaqlanır, amma bu narazılıqlar prinsip etibarı ilə ən pis halda Azərbaycan xalqının maraqları fonunda hansısa qrupun, şəxsin maraqlarından qismən çəkinmə kimi yozula bilər. O yerdə ki ortada milli maraqlar var, orda hansısa şəxsin, qrupun maraqlarından imtina etmək olar. Ən pis halda bizim davranışımızı bu cür səciyyələndirmək olar, bunda da heç bir qəbahət yoxdur.
Bu gün "Azadlıq" blokunda psixoloji gərginlik var. O gərginliyin səbəbləri keçirilən aksiyalarla bağlıdır və bunu biz yaratmamışıq. Biz heç bir mətbu orqanda heç kimə irad tutmamışıq ki, siz niyə bu aksiyalarda fəal deyilsiniz. Ona görə də kiminsə AXCP-dən inciməyə obyektiv əsası yoxdur.
- Ancaq o fikirlər də səslənir ki, AXCP aksiyanın keçiriləcəyi barədə ALP və VİP rəhbərliyinə etimadsızlıq göstərərək məlumat verməyib...
- Bu, ən absurd iddiadır. Ona görə ki, bizim ümumi mitinq komitəsi var. O mitinq komitəsində bloka daxil olan partiyaların hər birinin nümayəndəsi var və qərarlar orada qəbul olunur, yerlər, marşurutlar, vaxt orada müəyyənləşdirilir. Əgər bu adamlar orada iştirak eləmirlərsə, hər hansı bir formada öz missiyalarını yerinə yetirmirlərsə, bunun günahını kiminsə üzərinə qoymağa əsas yoxdur.
- Nəyə görə açıq şəkildə cavab vermirsiniz?
- Ona görə ki, biz bloku qorumaqda maraqlıyıq. Bu blok 4 ildən artıqdır ki, fəaliyyət göstərir və analoqu olmayan qurum kimi mövcud olub. İndiyə qədərki bütün birləşmələr assosiativ xarakter daşıyıb. Bu blok yeganə qurumdur ki, bir təşkilat kimi fəaliyyət göstərib. Səs çoxluğu ilə qəbul olunmuş qərarlar təşkilatın bütün üzvlərinə şamil olunub. Yəni bu dörd il ərzində çox böyük uğurlar qazanmışıq. Bu gün kiminsə hər hansı subyektiv fikirlərinə görə "Azadlıq" blokunu parçalamaqda maraqlı deyilik, amma deməyə sözümüz, haqlı olduğumuzu sübut edəcək arqumentlərimiz də var. Məndə olan məlumata görə, yalnız bir aksiyada Həsən bəyin xəstə olması nəticəsində tərəf müqabillərimizə məlumat veriləməyib. Onu əvəz edən Fuad Qəhrəmanlı gözləyib ki, Həsən bəy məlumat versin, Həsən bəy də onun məlumat verəcəyini düşünüb. Yəni anlaşılmazlıq yaranıb, bunu başa düşmək də çətin deyil. Bundan böyük siyasi nəticələr çıxarıb hücuma keçməyə lüzum görmürəm.
Zaur ƏHMƏD