Lalə Şövkət E.Fətullayevlə bağlı məhkəmə tərəfindən çıxarılan 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası qanunsuz sayır

img

07-07-2010 [12:26]


"Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev barədə saxta ittiham üzərində məhkəmə tərəfindən çıxarılan 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası qanunsuz, antihumanist və ədalətsizdir. Bu həm də sırf siyasi məqsəd güdən bir qərardır. Bu sözlər ALP lideri, professor Lalə Şövkətin E.Fətullayevlə bağlı məhkəmə qərarına etiraz bəyanatında yer alıb. Bəyanatda qeyd olunur; Bu il aprelin 22-də Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan hökumətindən onun dərhal azadlığa buraxılmasını tələb etməsinə baxmayaraq yeni bir cəzanın tətbiqi Avropa İnsan Haqları Məhkəməsinə hörmətsizlik və etinasızlıqdır. Hər kəsi əzmək, sındırmaq mümkün deyil. Bunu hakimiyyət dərk etməlidir. Bütün ölkəni kölələr ölkəsinə çevirmək mümkünsüzdür. Tarixdə bu heç kimə nəsib olmayıb. Bu gün Eynullaya qarşı amansız və aramsız repressiyalar onu sındıra bilməyəcək, əksinə, onu daha da mətinləşdirəcək, və hakimiyyətə qarşı nifrəti gücləndirəcək. Bu gün gənc istedadlı, zəkalı Azərbaycan jurnalistinin bütün sivil dünyada vicdan məhbusu kimi qəbul edilməsi və beynəlxalq ictimaiyyətin birmənalı olaraq onun müdafiəsi iqtidarı ciddi düşündürməli idi, çünki bu birbaşa Azərbaycanın dünyada imici ilə bağlı olan məsələdir. Biz təkidlə hakimiyyətdən tələb edirik, beynəlxalq ictimai rəydə böyük rezonansa səbəb olan Eynulla Fətullayevə qarşı mənəvi işgəncəyə son qoyulsun və baş redaktor Avropa İnsan Haqları Məhkəməsinin qərarına uyğun dərhal azadlığa buraxılsın. Eynulla Fətullayevin dərhal azad olunması bu gün Eynulladan çox Azərbaycan iqtidarına lazımdır. Bu adi siyasi məntiqi dərk etməmək çox təəccüblüdür. Azərbaycan Liberal Partiyasının lideri, professor lalə ŞÖVKƏT Bakı şəhəri, 6 iyul 2010-cu il

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA