ADP kütləvi aksiyalarda polis zorakılığını pisləyən bəyanat verib

img

05-07-2010 [03:34]


Bu gün Azərbaycan Demokrat Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda ölkədəki ictimai-siyasi vəziyyətə və partiya həyatına dair bir sıra məsələlər müzakirə edilib. ABŞ-ın dövlət katibi H.Klintonun Cənubi Qafqaz ölkələrinə reallaşan səfərinə diqqət çəkən İdarə Heyəti üzvləri bu səfəri ümumilikdə müsbət qiymətləndirsələr də, xanım Klintonun Gürcüstandan fərqli olaraq Bakıda və Yerevanda siyasi müxalifətlə görüşməməsinə, demokratiyaya dair qəti mesajlar verməməsinə, xüsusilə də payızda keçiriləcək parlament seçkiləri ilə əlaqədar Azərbaycanın demokratik ictimaiyyətinin gözləntilərinə uyğun heç bir bəyanat verməməsinə görə bu səfəri əhəmiyyətsiz bir səfər kimi qiymətləndirir və təəssüflə qeyd edir ki, bu səfər xalqımızda demokratiyaya dəstək baxımından Obama adminstrasiyasına olan ümidlərinə zərbə vurdu. H.Klintonun Dağlıq Qarabağ məsələsi ilə əlaqədar Azərbaycan və Ermənistan prezidentləri ilə apardığı mahiyyəti bəlli olmayan danışıqlara gəldikdə isə, ADP İdarə Heyəti hesab edir ki, bu məsələnin həll olunması, o cümlədən regionda davamlı sülhün və əməkdaşlıq mühitinin yaranması yalnız hər iki ölkədə demokratiyanın bərqərar olmasından asılıdır və demokratiyaya dəstək verilməsinin münaqişənin həllindən sonraya saxlanmasına əsaslanan hazırkı siyasi xətt iflasa məhkumdur. ABŞ Konqresinin Ermənistana və Azərbaycanın işğal altında olan ərazisinə-Dağlıq Qarabağa maliyyə yardımı göstərilməsinə dair qərarını qətiyyətlə pisləyən İdarə Heyəti hesab edir ki, bu addımı ilə ABŞ ermənilərin danışıqlarda konstruktiv mövqedə durmasına imkan vermir və separatizm meyllərinin güclənməsinə səbəb olur. Avropa Birliyinin nümayəndəsi P.Semnebinin səfərinə toxunan İH üzvləri beynəlxalq birliklərin nümayəndələrinin ölkəmizə səfərlərinin artıq formal xarakter daşımasına diqqət çəkib və bu cür səfərlərin ölkədə demokratikləşmə prosesinə heç bir müsbət təsir göstərmədiyini bildirib. Prezident Adminstrasiyasının rəhbəri R.Mehdiyevin Konstitusiya Məhkəməsindəki çıxışı zamanı bu məhkəmədə yer alan rüşvətxorluq və digər neqativ hallarla bağlı kəskin münasibət bildirməsini, ümumiyyətlə isə təmsil olunduğu hakimiyyətdəki qüsurlarla bağlı son vaxtlar tənqidi çıxışlar etməsini müsbət qiymətləndirən İdarə Heyəti bu çıxışı ölkənin məhkəmə və idarəetmə sistemindəki rüşvətxorluq və korrupsiyanın rəsmi etirafı kimi dəyərləndirib və ölkəni tamamilə bürüyən rüşvətxorluğun biabırçı hədlərə çatmasını dövlətçilik üçün böyük təhlükə olmasını bir daha qeyd edib. ADP İH üzvləri Ağcabədi rayonundakı hərbi hissədə baş verən və üç hərbçinin ölümü ilə nəticələnən hadisədən sarsıldıqlarını bildirib, hadisənin ciddi araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edib. AXCP və Müsavatın iyulun 3-də keçirilməsinə cəhd etdikləri aksiya zamanı polisin müdaxiləsini pisləyən İdarə Heyəti xüsusilə də bir sıra fəalların evlərindən qeyri qanuni olaraq aparılaraq həbs olunmasını qanunsuz hesab edib və rəsmi qurumlardan günahsız adamların həbsinə münasibət göstərilməsini tələb edib. Eyni zamanda ADP sədrinin gənclərlə iş üzrə müavini Vüsal Əliyevin iyulun 2-də yaşadığı evdən Xəzər rayon Polis İdarəsinə aparılaraq həbs edilməsi və sabahısı gün həmin rayonun məhkəməsində onun saxta ittihamla cərimə olunması ilə əlaqədar bəyanat qəbul edib. Bəyanatda deyilir: ADP İH Vüsal Əliyevin evindən tutularaq Xəzər rayonu, 2-ci Polis Bölməsinə aparılmasını və orada bir sutkadan artıq saxlanmasını, sonra isə Xəzər rayon Məhkəməsində polisin hazırladığı saxta inzibati protokol əsasında cərimə olunmasını tamamilə qanuna zidd bir addım kimi dəyərləndirir. ADP İH Azərbaycan polisinin son illərdə tez-tez müraciət etdiyi insanların mitinqdən əvvəl neytrallaşdırılması metodunu Konstitusiyanın, müvafiq qanunların və Azərbaycanın qoşulduğu beynəlxalq hüquqi aktların tapdalanması kimi qiymətləndirir. ADP İH iqtidardan Vüsal Əliyevin qanunsuz olaraq həbs olunmasına və cərimə olunmasına aydınlıq gətirilməsini və bu cür halların aradan qaldırılmasını tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA