10 İL DƏ BELƏ KEÇDİ...

img

04-04-2017 [14:54]


MAHİR QABİLOĞLU,
Yazıçı-publisist

Hər il aprelin 4-ü gələndə daxilimdəki xatirələr varaqlanır. Aprelin3-dən 4-nə keçən gecə, həyatın 23.45-24.00 arası, 15 dəqiqəlik anı gözümdə yenidən canlanır. Az qalıram ki, havalanım. Mən ilk dəfəydi ki, insanın həyatla sağollaşdığını görürdüm. Ona görə də saniyəbəsaniyə yaddaşıma həkk olunub.

Həmin gecə atam çox narahat idi. Saat 22.50-də dedi ki, mən getdim yatmağa. Keçdi yataq otağına. Biz isə böyük otaqda televizora baxırdıq. 15 dəqiqə keçmişdi ki, qapını tıqqıldatdı. "Yatmamısız ki?” soruşdu. Dedik ki, yox. İçəri keçib kresloda oturdu. Televizora baxmağa başladı. Nəvələrini soruşdu. Dedik ki, imtahana hazırlaşırlar. Başladı yoldaşıma acıqlanmağa ki, uşaqlara çox zülm eləmə. Əsas onların ali məktəbə daxil olmaqları deyil, taleləri gözəl olsun. Sonra qızları da səslədi. Suğraya dedi ki, saçımı dara, Bəyim isə belini ovxalamağa başladı. Hardasa 23.40-a qədər bizimlə oturdu. Sonra "siz də iş adamısınız, dincəlin. Mən getdim yatmağa” dedi. Yataq otağına keçdi. 5 dəqiqə keçmişdi ki, səsini eşitdim. Bircə "Mahir” deyə qışqırdı. Yataq otağına qaçdıq. Gördüm ki, xırıldayır. Özündə deyil. Rəngi bomboz idi. Soyuq tər basmışdı. Köməkləşib otuzdurduq. Yoldaşım tez təzyiqini ölçdü və hönkürdü.

Amma yenə də ümidimi üzməmişdim. Təcili yardım yolda idi. Atamsa başını çiynimə qoyub donmuşdu. Yoldaşım, qızlarım özlərini itirmişdilər. Yataq xəstəsi olan anamsa "Qabil, Qabil” deyib ağlayırdı. Biz ikimiz isə sakit idik. O, yatmışdı, mən isə onu ayıltmaqdan qorxaraq nə cınqırımı çıxarır, nə də tərpənirdim. Bu onun arzuladığı ölüm idi. Həyatda nəyi arzu eləmişdisə, olmuşdu. Ölümü də öz istəyinə uyğun gəldi. Həyat yoldaşının, oğlunun, gəlininin və nəvələrinin əhatəsində. Ölümün də xoşbəxti olarmış.

ÖLÜMÜNDƏN İKİ AY YARIM ƏVVƏL

15 yanvar 2007-ci ildə, ədəbiyyata bir gündə qədəm basdığı xalq şairi Nəbi Xəzri rəhmətə getdi. O ədəbi nəsildən qaldılar ikisi – Bəxtiyar Vahabzadə və Qabil. Vida mərasimində həmkarım, AzTV-nin müxbiri Firuzə Nadir atamdan müsahibə almışdı: "Belə bir deyim var: "Nəslimin yarpaq tökümü başladı. Mən isə deyirəm. Nəslimin yarpaq tökümü başa çatır”.

ÖLÜMÜNDƏN 40 GÜN ƏVVƏL

2007-ci il fevralın 13-də Prezident İlham Əliyev atama "İstiqlal” ordenini təqdim etdi. Təqdimat mərasimindən sonra atam hamının yanında prezidentdən üç xahiş etdi. Yazıçı və şairlərə təqaüdlərin verilməsi, yaradıcılıq evinin yenidən qurulması və...

Üçüncü xahişin əgər videoyazısını görməsəydim, heç vaxt inanmazdım: "Biz bir də heç vaxt görüşməyəcəyik...” giriş sözündən sonra məni prezidəntə tapşırdı. Bu onun xarakterinə uyğun deyildi. Amma deyəsən ölümünün yaxınlaşmasını hiss edirdi. Sonda xatirə şəkli çəkdirəndə ərkyanə bir də müraciət etdi. Bu, prezidentə yox, daha çox dostu Heydər Əliyevin oğluna edilən müraciət idi: "Mənim sözlərimi unutma haa..”.

Prezidentimiz də bu səmimiyyətə səmimiyyətlə cavab verdi: "Qabil müəllim, sənin bütün göstərişlərini yerinə yetirəcəyəm”.
Gülüşdülər. Ayrıldılar.

ÖLÜMÜNDƏN BİR AY ƏVVƏLl

2007-nin fevralında artıq növbəti kitabı (həm də son) çapa hazır idi. Adını da "Ömrün gecə qatarı” qoymuşdu. Amma əslində bu şeirin adı "Sonuncu vaqonun qırmızı işıqları" idi. 32 yaşında qələmə almışdı.

Çaqqıldayır təkərlər,
Relslərin calağında
Keçir gecə qatarı,
Yanır qırmızı işıq
Zülmətin qucağında.
Heydən düşür paravoz,
İniltili fit çalır.
Gedir ömrün qatarı,
Dayanacağa az qalır...

Kitabın bütün xərcini də dostu Hacıbala Abutalıbov öz üzərinə götürmüşdü. Qalmışdı şəkil.

- Mahir, bilirsən də... Mən bütün kitablarıma yeni şəkil verirəm. Gedək. Səninlə də şəkil çəkdirərik. Çoxdandır şəkil çəkdirmirik.

- Gedərik də... - deyə cavab verdim.

- "Gedərik də...” yox, bu gün işdən qaç, gedək.

Nə qədər istəsəm də sabaha saxlayım, alınmadı. Bir yerdə şəkil çəkdirmək ənənəmiz vardı. Hər il dekabrın 4-ü, mənim ad günümdə. Amma əsgərliyə gedəndən sonra bu ənənə pozulmuşdu.

Dalbadal cib telefonuma zəng elədi ki, gəl. Mənimsə planım tam başqa idi. Fotoatelyeyə getsəydik 3-4 şəkil çəkdirəcəkdik. Ona görə də ailəmizin dostu, fotoqraf Dilavər Nəcəfovla əlaqə saxladım. Onun da əlində iş olduğundan ləngiyirdi. Atam isə hövsələsizin biri, kostyumunu da geyinib oturmuşdu. Hava da qaraldığından fotoatelye bağlana bilərdi. Nəhayət Dilavərlə içəri girdik. Yaman əsəbi idi. Fotoatelye deyib durmuşdu. Yaxşı ki, Dilavəri tanıyırdı. Yoxsa işimiz lap ağır olacaqdı. Bu dəm qaynım Ramiz də yoldaşıyla gəldi. Həmin gün Dilavər bizim ailəvi 100-dən çox şəklimizi çəkdi. Atamın ölüm gününə isə cəmi bir ay qalırdı. Yox, ürəyimə heç nə dammamışdı. Sadəcə, kitabı bəhanə eləmişdim.

ÖLÜM GÜNÜ

Aprelin 3-ü. Bu başqa bir mövzudur. Sadəcə bir məqamı qeyd etmək istəyirəm. Bugünə qədər balık (hisə verilmiş osetrin) yeyə bilmirəm. Hər dəfə balık görəndə bir peşmançılıq hissi keçirirəm. Həmin gün bazara göndərdi məni. Ənənəvi bazarlıq. Bilirdim ki, nə istəyə bilər, alırdım. Pulunu da özü verirdi. Təzə kartof çıxmışdı. Lap balacalarından seçib aldım. Balıq dükanın yanından keçəndə balık almaq istədim. Heç vaxt almamışdım. Özü də istəməmişdi. Amma təzə kartofun qızartmasıyla dayımgildə yeyəndə ləzzət eləmişdi. Satıcı gözüylə işarə elədi ki, məsləhət deyil. Mən də almadım. Evə girəndə, təzə kartofu görəndə o saat "balık da alaydın da...” dedi. İzah etdim ki, mən balıq məhsullarını yalnız tanışdan alıram. O da məsləhət bilmədi. "Pulun qaldı?” deyə soruşdu. "Bir-iki "şirvan”” cavab verdim. Üç dənə yüzlük dolları mənə uzatdı ki, "get bunları xırdala gətir”. "Sabah gedərəm də...” dedim. "Yox, indi get. Sabaha çıxmaya bilərəm. Mən indi istəyirəm” deyə israr elədi.

...ARTIQ GEC İDİ

...Təcili yardım özünü çatdırdı. Amma ümid sonda üzülər deyərlər. Həkimlər daha nələr eləmədilər. Budundan iynə vurdular, ürəyin massajı, elektroşok, daha nələr. Anlayırdım ki, artıq gecdir. Amma dinmirdim. Bəlkə...
Həkim briqadası da deyəsən mənim "əmr”imi gözləyirdi. Allah isə əmrini vermişdi.

- Həkim, deyəsən...

- Bəli.

- Sağ olun.

Qaldım tək. Gecənin qaranlığı. ANS-in "Xəbərçi” proqramının rəhbəri, həmkarım Afət Telmanqızına zəng etdim. Dərdimə ilk şərik o, oldu. Atam ilk dəfə pristupla xəstəxanaya düşəndə də Afət, ANS mənə dəstək olmuşdu.
Həmən çəkiliş qrupu göndərdi. Səhər isə ANS-in efirindən hamı xəbər tutdu. Bütün televiziyalar, mətbuat, saytlar, bir sözlə bütün həmkarlarım da dərdimə şərik oldular. Gec də olsa, hamısına ailəmiz adından minnətdarlıq.

OĞULLUQ BORCU

Son oğulluq borcu övladlar üçün valideynin ölüm günündən başlayır. İl mərasmində də başa çatır. Yaradıcı insanların uşaqları üçünsə bu sonsuzluğa qədər uzanır. Çünki yaradıcı insanlar digərlərindən fərqlənirlər.
Qaydalara görə mən həkimdən kağız almalıydım, sonra qəbir yeri danışmalıydım. El-oba gələcəkdi - iki dənə çadır qurdurmalıydım. Və sairə, və ilaxır. Amma...

Tezdən Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov gəldi. Atamın xətrini çox istəyirdi. İndi də onu yaddan çıxarmır. Başladı ətrafındakı şəxslərə göstərişlər verməyə. Onlardan yalnız Mənzil-kommunal departamentinin sədri Ənvər müəllimi və Ticarət departamentinin sədri Ramiz müəllimi tanıyırdım. Yaxınlaşıb nəsə söz demək istəyirdim ki, Hacıbala müəllim mənə hirslə "Bu işlər sənlik deyil. Prezident İlham Əliyevin qəbulundaydıq. Mənə də, Əbülfəs Qarayevə də müvafiq göstərişlərini verdi. Get, qapına gələnləri qarşıla, yola sal. Qabilin hüzürünü prezidentimiz verəcək”, dedi.

İndi bilmirəm bu sözlər necə səslənir. Amma onda çiynimdə bir əl hiss elədim. Birinci növbədə Ənvər müəllim məni maşınına mindirib 1-ci Fəxri xiyabana apardı. 5 yer göstərdi. Nəbi Xəzrinin məzarının yanındakı boş yerə razılıq verdim. Ənvər müəllim qəbirqazanlara tapşırıq verəndən sonra, əlimi cibimə aparmaq istəyirdim ki, qoymadı. Sonra məscidə getdik. Halallıq suyunu tökdüm. Əlimi cibimə aparmaq istəyirdim ki, Ənvər müəllim yenə də qoymadı. "Eşitmədin, Hacıbala müəllim nə dedi. Bütün hər şeyi prezidentimiz edir” dedi. ( 3, 7, 40 mərasimləri də prezidentimizin adından verildi.)

Nəhayət dəfn mərasimi. Ölən günü dəfn mərasimini keçirmək mümkün idi. Amma təxirə salındı. Səbəbini demədilər. Vida mərasiminin harda keçiriləcəyini də söyləmədilər. Mədəniyyət naziri Əbülfəs Qarayev və onun işçiləri də bütün günü bizdəydilər. Nəhayət ertəsi gün Rəşid Behbudov adına Mahnı Teatrının binasında vida mərasimi keçirildi. İlk sırada mən, ailə üzvlərimiz əyləşmişdi. Birdən prezidentin mühafizə xidmətində işləyən, general-mayor Tofiq Rəsulovun oğlu, xalanəvəsi Cəmil mənə yaxınlaşdı. "Prezident İlham Əliyev vida mərasiminə gəlir” dedi. Onda bildim ki, dəfn mərasimini niyə bir gün gecikdiriblərmiş. Təhlükəsizlik tədbirləriylə əlaqədar. Bu mənimçün gözlənilməz oldu. Düzünü desəm İlham Heydər oğlunun gələcəyini gözləyirdim. Gözüm qapıda qalmışdı.

MM-in sədri Oqtay Əsədov, Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə birlikdə zala daxil olan prezident səhnəyə qalxıb fəxri qarovulda durdu. Tabutun önündə baş əyərək son ehtiramını bildirdi. Sonra mənə və ailə üzvlərimə başsağlığı verdi. Yanaşı əyləşdik. Özümü saxlaya bilməyib hönkürdüm. Əlini çiynimə qoyub, bircə söz dedi: "Səni başa düşürəm”.

40 mərasiminəcən prezidentimiz və Əliyevlər ailəsi yanımızda oldu. Dərdimizə şərik çıxdılar. Amma yox. Düzgün ifadə etmədim. İlham Əliyev Qabilə həm prezident, həm atasının dostu kimi son oğulluq borcunu yerinə yetirdi.

HACIBALA ABUTALIBOV

40 mərasimi başa çatandan sonra oğulluq borcumun növbəti mərhələsinə keçdim. Qəbrüstü abidənin götürülməsi. Qısa deyim. Birinci təklif Hacıbala Abutalıbovdan gəldi: "İcazə ver dostumun qəbrinin üstünü mən götürüm. Büstünü qoydurum”. Elə də oldu. Bu oğulluq borcumu da Hacıbala müəllim yerinə yetirdi.

ƏBƏDİLƏŞƏN XATİRƏ

Xatirə. Ölən insanın yaşaması. Bu uzun, daha dəqiq desək sonsuz prosesdir. Bəzən heç övladlardan da asılı deyil. Bu missiyanı xalq həyata keçirir. Çünki əsl sənətkar ürəklərdə yaşamalıdır. Ovladın üzərinə isə o vəzifə düşür ki, bu işi həm davam etdirsin, həm də öz övladlarına miras qoysun. Çünki yaradıcı insanlardan qalan miras təkcə ev, maşın, varidat deyil. Əsl varidat onların yaradıcılığıdır. Bilmirəm nə qədər öhdəsindən gəlirəm, ya yox? Amma Qabili sevənlər məndən daha artıq iş görüblər.

Saysız şer içində adi şersən,
Ancaq nə şərikin, nə ortağın var.
Böyük bir axında üzüb gedirsən,
Xırdaca gəmisən, öz bayrağın var.

Qabil öz şeirlərini gəmiyə bənzətmişdi. Bu bir poetik bənzətmə idi. Sadəcə söz. Amma bunun nə vaxtsa reallığa dönəcəyinə inanırdım. İndi atamın adını daşıyan "POET QABİL" adlı neft tankeri dünya sularında üzür. Bu da Palmali şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovun və vitse prezidenti İbrahim Nəbioğlunun Qabilə mənəvi oğulluq ehtiramlarıydı.

SON

Bu qədər, ey Qabili yaddan çıxarmayanlar. İctimai Televiziyada "Azərbaycan əsgəri” şeirinin klipinə baxanda köks ötürənlər, cəmiyyətdə kiminsə yerdəyişik düşdüyünü görüb, sadəcə "şair Qabil demişkən "Səhv düşəndə yerimiz”” söyləyənlər, mənim təxəllüsümdə Qabil adını görüb yazımı oxuyanlar, oxuyandan sonra ya "ot kökü üstə bitər”, ya da "oddan kül törəyib” deyənlər! Atamın, Qabilin vəfatından 10 il ötdü. Bu 10 ildə Qabilə məndən artıq oğulluq edənləri qeyd etdim. Bu yazımla bu mənəvi varislərə bir daha minnətdarlığımı çatdırmağı qanuni varis kimi özümə borc saydım. Sağolsunlar. Xalqımız sağ olun.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq