ADP yalnız hakimiyyətin tənqidinin deyil, vəziyyətin praktiki olaraq dəyizilməsini istəyir

img

28-06-2010 [02:25]


Bu gün ADP İdarə Heyətinin növbəti yığıncağı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən son ictimai-siyasi proseslər ətrafında fikir mübadiləsi aparılıb. Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda demokratik institutların vəziyyətinə dair qəbul etdiyi qətnaməyə münasibət bildirən toplantı iştirakçıları qətnamədə insan hüquq və azadlıqları, sərbəst toplaşmaq, azad mətbuat, seçki qanunvericiliyi, seçkilərin saxtalaşdırılması və demokratik institutların faktiki olaraq iflic vəziyyətə salınması barədə tənqidi qeydlərinin reallığı əks etdirdiyini bildirib və hakimiyyəti demokratik dəyişikliklər istiqamətində ciddi islahatlar aparmağa çağırıb. Demokratikləşmə barədə vəziyyətin pisləşməsinə hakimiyyətlə yanaşı, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların və Avropa ölkələrinin diplomatik korpuslarının demokratik institutlara diqqətinin lazımi səviyyədə olmamasını önə çəkən partiya yetkililəri beynəlxalq demokratik təşkilatlara öz səylərini yalnız hakimiyyətin tənqidinə deyil, vəziyyətin praktiki olaraq dəyişilməsinə yönəltməyin vacibliyini bildirib. İdarə Heyəti üzvləri hər iki tərəfdən itki ilə nəticələnən atəşkəsin pozulması və bu arada Ermənistan prezidenti S.Sərkisyanın Azərbaycanın yurisdiksiyasına daxil olan Dağlıq Qarabağa getməsi faktını əldə edilən razılaşmalara və beynəlxalq hüquq normaların zidd olduğunu bildirib və hakimiyyətin dəfələrlə atəşkəs rejimini pozduğuna baxmayaraq Ermənistanı beynəlxalq səviyyədə ifşa olunması üçün ciddi addımlar atmamasını pisləyib və eyni zamanda danışıqlar prosesinin həllində vasitəçi ilan ATƏT-in Minsk qrupunun bu sahədəki fəaliyyəti yarıtmaz hesab olunub. İdarə Heyəti üzvləri son vaxtlar İran ətrafında yaranmış gərginliklərdən və adı çəkilən ölkənin sərhədlərimiz ətrafında hərbi qüvvələr cəmləşdirməsi faktından Azərbaycana qarşı yarana biləcək təhlükələri nəzərə alaraq hakimiyyəti ABŞ və İsrail dövlətləri ilə qarşılıqlı yaxınlaşmalarda İrana yönəlik siyasətində neytrallığı saxlamaq xəttini qorumağa və qonşu İran dövləti ilə münasibətlərini bundan sonra da hər iki ölkənin mənafeyinə uyğun şəkildə davam etdirməyə çağırıb. ABŞ dövlət katibi H.Klintonun bölgəyə səfərinə diqqət çəkən İdarə Heyəti üzvləri bu səfərin iki ölkə arasında uzun müddətdir ki yaranmış gərginliklərin aradan qaldırılmasında vəsilə olacağına və hər şeydən əvvəl demokratik gəlişmələrə müsbət təsir edəcəyinə ümidvar olduğunu bildirib. Qardaş Türkiyə dövlətinin içdən sarsıdılmasına yönələn və daha çox xarici güclərin himayəsi ilə törədilən PKK terror aktları nəticəsində şəhid olanları dərin hüznlə yad edən toplantı iştirakçıları PKK-nın yenidən canlanmasının əsas səbəbi kimi Türküyə-İsrail münasibətlərinin korlanmasından sonra yəhudi lobbisinin Türkiyə qarşı apardığı məqsədyönlü siyasətlə bağlı olduğunu bildirib. Qırğızıstanda baş verən qanlı olayların sakitləşməsi və bölgə üçün gətirdiyi narahatçılıqların aradan qaldırılmasından məmnun olduğunu bildirən İdarə Heyəti üzvləri bu ölkənin parlamentli respublika tipinə keçməsini təqdir edib və totalitarizmdən demokratiyaya keçid baxımından Azərbaycanın da bu xətti götürməsinin vacibliyi diqqətə çatdırılıb. İdarə Heyəti sonda cari məsələlərlə bağlı bir sıra qərarlar qəbul edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA