ADP hərbi doktrinanın bəzi müddəalarından narazıdır

img

17-06-2010 [11:19]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı olub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər ətrafında fikir mübadiləsi aparılıb. Milli Məclisin gündəliyinə çıxarılan Seçki Məcəlləsinə və Hüquqi normativ aktlara əlavə və dəyişiklər edilməsi barədə layihə sənədlərinə münasibət bildirən İdarə Heyəti üzvləri bu dəyişiklərin ölkə konstitusiyasına və beynəlxalq təşkilatlar qarşısında götürülmüş öhdəliklərə zidd olduğunu bildirib və antidemokratik xarakter daşıyan bu dəyişikliklərin demokratik seçki sisteminə və parlamentin səlahiyyətlərinin məhdudlaşdırılmasına qarşı yönəlmiş addım olduğunu diqqətə çatdırıb. İdarə Heyəti üzvləri Milli Məclisdə qəbul olunan hərbi doktrina barədə sənəd ətrafında da müzakirələr aparıb və bu qanunda hər hansı bir xarici ölkə qoşunlarının respublika ərazisində yerləşdirilməsinin əks olunmasını ciddi səhv hesab edib və bu müddəanın ölkənin təhlükəsizlik sisteminə və müstəqilliyinə real təhlükə olduğunu bildirib. Milli mətbuatın yaranmasının 135 illiyi münasibəti ilə bağlı ölkə prezidentinin imzaladığı sərəncamın təqdirə layiq olduğunu bildirməklə toplantı iştirakçıları Azərbaycanda söz və mətbuat azadlığının basqı altında olmasını, jurnalistlərin peşə fəaliyyətinə görə həbsdə saxlanmasını, alternativ mətbu orqanların fəaliyyət imkanlarının məhdudlaşdırılması faktlarının davam etməsini, teleradio verilişlərinin dövlətin müstəsna monopoliyasında saxlanılmasını, xarici radiostansiyaların efir məkanından çıxarılmasını və KİV sahəsində mövcud olan digər neqativlərin hələ də cəmiyyətimizi və beynəlxalq aləmi narahat etdiyini qeyd edib və ölkə prezidentini bu neqativlərin aradan qaldırılması istiqamətində real addımlar atmağa çağırıb. Qırğızıstanda baş verən qanlı olaylardan ciddi narahat olduğunu bildirən İdarə Heyəti üzvləri bu hadisələrin kökündə qərbin, o cümlədən ABŞ-ın MDB məkanında baş tutan narıncı inqilablara sonadək dəstək verməməsi və bu ölkələrdə bu gün də imperiya ambisiyasından geri durmaq istəməyən Rusiyanın müdafiə etdiyi avtoritar rejimlərin yenidən hakimiyyətə yiyələnməsi faktının durduğunu bildirib. Qazaxıstan parlamentində ölkə prezidenti N. Nazarbayevə parlament səviyyəsində öz ölkəsinin ümummilli lider statusu verilməsi faktına diqqət çəkən toplantı iştirakçıları belə bir faktın avtoritar təfəkkürdən doğduğunu bildirməklə ATƏT-in hazırkı sədri olan ölkə kimi bu addımın ATƏT-in prinsip və dəyərlərinə zidd olduğu diqqətə çatdırılıb. İdarə heyəti üzvləri Müsavat partiyası üzvlərinin etiraz aksiyasının qarşısını polis zorakılığı ilə alınmasını qətiyyətlə pisləyib və hökuməti sərbəst toplaşma azadlığı ilə bağlı beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə hörmətlə yanaşmağa və aksiya iştirakçılarına qarşı şiddətli güc tətbiq edən polis əməkdaşlarını cəzalandırmağa çağırıb. Həmçinin daşqınla əlaqədar fəlakət bölgəsindəki sanitar-epidemioloji vəziyyətdən narahat olduqlarını bildirən İH üzvləri iqtidarı bu bölgədə yayılma ehtimalı güclü olan xüsusi təhlükəli infeksiyaların qarşısının alınması üçün təcili tədbirlər görməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA