Müsavat Seçki Məcəlləsi ilə bağlı bəyanat verib

img

16-06-2010 [02:51]


?Avropa Şurasına daxil olan ölkələrin seçki qanunvericilik sənədlərinin beynəlxalq standartlara uyğun səviyyədə hazırlanmasında iştirak edən beynəlxalq təsisatların təklif və tövsiyələrini nəzərə almadan 2003-cü ildə qəbul edilən Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə bu günə qədər ölkədə azad, ədalətli, şəffaf və standartlara cavab verən seçki və ya referendum keçirilməyib?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu söyzlər Müsavat Partiyasının Seçki Məcəlləsi ilə ilə bağlı verdiyi bəyanatda əks olunub. Bəyanatda qeyd olunur ki, keçirilən seçkilərə rəy vermək hüququ olan beynəlxalq təsisatların (ATƏT və AŞ PA) və ABŞ Dövlət Departamentinin rəsmi rəyləri qeyd olunanları faktiki olaraq təsdiq edir. Ölkənin aparıcı müxalif siyasi qüvvələrinin və beynəlxalq qurumların Seçki Məcəlləsinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması təkliflərinə rəğmən ölkə rəsmiləri Seçki Məcəlləsinə bir neçə dəfə əlavə və dəyişikliklər etməklə onu daha mürtəce hala salıblar. Kütləvi informasiya vasitələrinin verdikləri məlumatlara əsasən 18 iyun 2010-cu il tarixində Milli Məclisdə Yeni Azərbaycan Partiyasının təklifləri əsasında Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi müzakirəyə çıxarılacaq. Məcəllənin 8-ci maddədə təklif olunur ki, seçkilər səsvermə gününə azı 60 gün qalmış elan edilir (Seçki Məcəlləsi qəbul olunan vaxt bu müddət 120 gün olsa da, sonradan 75 günədək azaldılmışdı). 69-cu maddədə qeyd alınmış namizədlərin və referendum üzrə təşviqat qruplarının seçki fondlarına dövlət tərəfindən vəsait ayrılması nəzərdə tutulmuşdu ki, indi bu maddənin ləğvi təklif olunur. 75.2-ci maddədə təklif olunur ki, seçkiqabağı (referendumqabağı) təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır (Seçki Məcəlləsi qəbul olunan vaxt bu müddət 60 gün olsa da, sonradan 28 günədək azaldılmışdı). Bundan başqa, təklif olunan əlavə və dəyişikliklərdə ?seçki fondunda pul vəsaiti olmadıqda və yaxud çatışmadıqda qeydə alınmış namizədə, siyasi partiyalara və siyasi partiyaların bloklarına təqdim edilmiş pulsuz efir vaxtının və dövrü nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsi onların öz vəsaiti hesabına həyata keçirilir? (maddə 164.1); ?... istifadə edilmiş pulsuz efir vaxtının və dövrü nəşrdə pulsuz ayrılmış yerin dəyərini səsvermə günündən başlayaraq 12 ay müddətində ödəmək üçün onlara möhlət verilə bilər? (maddə 164.4); ?... dövlət və bələdiyyə büdcəsinin geri qaytarılması vəsaitini səsvermə günündən başlayaraq 6 ay müddətində... qaytara bilər? (maddə 233.3) (bu maddələrin sayı artırıla da bilər) kimi ifadələr yer almışdır ki, bunların mahiyyəti aydın deyil. Bir halda pulsuz ayrılmış efir vaxtının və dövrü nəşrdə pulsuz ayrılmış yerlərin dəyərinin ödənilməsi tələb olunur, digər halda isə büdcə vəsaiti ayrılmadığı halda ?namizədlərin aldıqları büdcə vəsaitlərinin geri qaytarılmasının məcburiliyi?ndən danışılır. Müxalifət, beynəlxalq təşkilatlar Seçki Məcəlləsinin demokratikləşdirilməsi istiqamətində təkliflər irəli sürərkən iqtidar qanunvericiliyin tez-tez dəyişdirilməsinin yolverilməz olduğu arqumentini irəli sürür. Halbuki, Məcəllənin daha da mürtəceləşdirilməsi yönündə tez-tez dəyişikliklər edilən vaxt bu arqument yaddan çıxır. Bu dəfə də təklif olunan əlavə və dəyişikliklər Seçki Məcəlləsinin demokratikləşdirilməsinə, azad, ədalətli və şəffaf seçkilərin keçirilməsinə xidmət etmir, namizədlərin seçki kampaniyası və seçkiqabağı təşviqat dövründə seçicilərlə təmasların və görüşlərinin məhdudlaşdırılmasına, maddi imkanı zəif olan vətəndaşların seçki prosesində iştirakının qarşısının alınmasına, siyasi partiyaların seçki kampaniyası dövründə maddi sıxıntılar içərisində qalmasına və siyasi partiyaların seçki bloklarının yaradılmasını əngəlləməyə və beləliklə, Milli Məclis seçkilərini oyuncaq bir seçkiyə yönəltdiyindən qəbul edilə bilməz. Təklif olunan əlavə və dəyişikliklər Milli Məclisdə qəbul olunduğu təqdirdə, bunun törədəcəyi fəsadlar nəticəsində Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzunun düşməsinin məsuliyyətinin bu sənədi Milli Məclisə təqdim edən partiyanın, sənədə səs verən millət vəkillərinin və iqtidarın üzərinə düşdüyünü Müsavat Partiyası bəyan edir. Millət vəkillərindən bu sənədə səs verməməyi, beynəlxalq təsisatlardan isə Azərbaycan iqtidarını bu yanlış yoldan çəkindirmək üçün səlahiyyətləri çərçivəsində fəaliyyət göstərməsini təklif edir. Nəhayət, son vaxtlar istər mətbuatda, istərsə də parlamentin yığıncağında MSK-da və digər seçki komissiyalarında Müsavat Partiyası üçün nəzərdə tutulmuş yerlərin digər partiyalara verilməsi ilə bağlı təkliflər irəli sürülür ki, biz bunun yolverilməz olduğunu bəyan edirik.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA