"Hökumət bu ilin noyabrında çox ciddi təzkilatlanmız müxalifətlə üz-üzə qalacaq"

img

14-06-2010 [01:52]


[b]Əli Kərimli: "Azərbaycan müxalifəti uzun illərin repressiyalarından, blokada şəraitindən çıxaraq yenidən xalqla qovuşa, hökuməti təhdid edə bilirsə, xalq tərəfindən dəstəklənirsə, hökumət qorxusundan kampaniya dövrünü azaltmağa məcbur olursa, bunun arxası da gələcək"[/b] Həm beynəlxalq təşkilatların, həm ölkə müxalifətinin təzyiq və tələblərindən sonra Azərbaycanda demokratiya istiqamətində müəyyən müsbət addımların atılacağı gözlənilsə də, bunun əksi baş verdi. Hakimiyyət Seçki Məcəlləsinə bir sıra dəyişiklik etməklə bağlı təkliflərini bəyan etdi. Bunlar seçki kampaniyasının müddətinin azaldılması, namizədlərə ayrılacaq vəsaitin ləğv edilməsi və digər maddələrdən ibarətdir. Bu təkliflər isə müxalifət və beynəlxalq təşkilatların narazılığını daha da artırıb. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli hakimiyyətin son addımlarını qorxaqlıqla əlaqələndirdi: - Bu dəyişikliklər əsasən Azərbaycan hakimiyyətinin niyyətini ifadə edir. Bu niyyət ondan ibarətdir ki, hakimiyyət seçki kampaniyası dövründən ehtiyatlanır, qorxur. Hakimiyyət başa düşür ki, Azərbaycan xalqının mütləq əksəriyyəti ona qarşıdır. Ola bilsin ki, repressiya, rejimin sərtliyi səbəbindən bu etiraz hər gün ifadə olunmur, amma bu hakimiyyət xalqa elədiklərini yaxşı bilir. Özləri ölkədəki korrupsiya layihələrinin miqyasını, ədalətsizliyin, sosial gərginliyin hansı hədd olduğunu yaxşı bilirlər və ona görə də seçki kampaniyası dövrünə özünə təhlükə kimi baxır. Görürlər ki, qarşılarında bu gün qətiyyətlə mübarizə aparan bir müxalifət var. Üstəlik, Azərbaycan xalqı da çox narazıdır və bu narazı elektoratın seçki kampaniyası dövründə aktivləşmə narahatlığı var. Bu səbəbdən də çalışırlar kampaniya dövrü maksimum qısaldılsın ki, Azərbaycanın narazı əhalisini aktivləşdirib hakimiyyətə qarşı çıxmağa sövq etmək imkanı olmasın. Bütün bunlar hökumətin narahatlığıdır və bu narahatlığa görə də bütün dünyanın təzyiqlərini göz önünə alaraq belə bir addım atırlar. Çünki başa düşürlər ki, belə mürtəce addımlar atılmamış bütövlükdə Qərb dünyası Azərbaycan hökumətindən demokratik seçki tələb edir. Belə bir neqativ addımın atılması əlbəttə ki, dünya birliyinin birmənalı tənqidinə məruz qalacaq, necə ki artıq qalıb. Deməli, hakimiyyəti itirmək qorxusu o qədər güclüdür ki, bütün beynəlxalq aləmi qarşılarına alıb belə bir mürtəce addımı atmağa gedirlər. [b]- Əli bəy, neçə illərdir ki, hakimiyyətin bu cür addımlar atdığını, beynəlxalq aləmin narazı olduğunu bildirirsiniz, amma həmin siyasət davam edir. Bu prosesin qarşısını almaq üçün hansı addımlar atılmalıdır? [/b] - Son bir neçə ay ərzində ölkədə siyasi situasiya dəyişib. Ötən illə müqayisə edəndə situasiyanın xeyli dərəcədə dəyişdiyinin şahidi olmaq mümkündür. Situasiyanı dəyişən amillər ilk növbədə Azərbaycan müxalifətinin atdığı prinsipial addımlardır. Bütün təzyiqlərə baxmayaraq, artıq neçənci dəfədir ki, müxalifət funksionerlərinin fəal iştirakı ilə etiraz aksiyaları keçirilir, qadağalar pozulur, "Azadlıq", "Azad seçki" şüarları səsləndirilir, dünya birliyinin Azərbaycana diqqəti artırılır, dünya mediası Azərbaycandakı korrupsioner rejimi hədəfdə saxlayır. Bütün bunların hamısı yeni situasiya yaradır. Bu mənada demək olar ki, yeni proses başlanıb. Məhz həmin yeni situasiyanın nəticəsidir ki, hakimiyyət qorxu, əndişə içərisindədir. Əgər son bir neçə ay ərzində baş verənlər olmasaydı, yəqin ki, hakimiyyət ehtiyac duymazdı ki, seçki kampaniyasında belə bir mürtəce qərar versin. Hazırda proses düzgün istiqamətdə gedir. İndi lazımdır ki, hər kəs öz üzərinə düşən vəzifəni qətiyyətli şəkildə davam etdirsin. [b]- Bu vəzifələr nədən ibarətdir? [/b] - Müxalifət yorulmadan, ruhdan düşmədən başladığı etiraz aksiyalarını davam etdirməlidir. Biz bu məsələdə qərarlıyıq. Yeri gəlmişkən onu da deyim ki, artıq Xalq Cəbhəsi növbəti mitinqin vaxtını təyin edib. 19 iyunda növbəti mitinq olacaq. Yerini də müəyyənləşdirmişik, bu aksiyanı Bakı meriyasının qarşısında keçirmək fikrindəyik. Çalışıb bunu artan şəkildə davam etdirməliyik. Dünya birliyi Azərbaycan hökumətindən israrla tələb etməlidir ki, beynəlxaq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirsin. Nəhayət, əzilən, hüququ tapdalanan vətəndaşlarımız da sabahlarına biganə olmamalıdırlar. Onlar da Azərbaycanın sabahı uğrunda aparılan bu mübarizədə aktiv iştirak etməlidir. Hamılıqla düşünmək lazımdır ki, bu ölkəni indiki ağır vəziyyətindən xilas etmək, haqqı, ədaləti bərqərar eləmək, hökuməti dəyişən hökumət vəziyyətinə gətirib çıxarmaq bu xalqın işidir. [b]- Adətən belə vəziyyət yarananda müxalif qüvvlərin bir araya gəlməsinin labüd olduğunu deyirsiniz. İndi necə, hakimiyyət əleyhdarlarının vahid mövqedən çıxış etməsi vacibdirmi? [/b] - Əlbəttə, yaxşı olardı ki, hökumətin həqiqi əleyhdarları eyni mövqedən çıxış eləsinlər. Biz bunun üçün çox çalışmalar aparmışıq, bundan sonra da səylərimizi axıra qədər davam etdirəcəyik. Amma açığı, onun da tərəfdarı deyiləm ki, müxalifətin daxilində tam yekdillik alınmırsa, bu, fəaliyyətsizlik, pessimizm üçün arqumentə çevrilməlidir. Son aylarda "Azadlıq" blokunun ard-arda keçirdiyi aksiyalar onu göstərir ki, müxalifətdaxili birliyin yaranmaması bizi mübarizədən çəkindirmir. Yəni mübarizəni aparmaq lazımdır. Həqiqi, gerçək mübarizədə iştirak edən insanlar günün birində bir araya gələ biləcəklər. [b]- Mətbuatın yazdığına görə "Azadlıq" bloku tərkibini genişləndirmək istəyir. Hətta digər partiyalarla danışıqlar aparıldığı da qeyd edilir... [/b] - Açıq demək istəyirəm ki, biz gücümüzün artırılmasını blok üzvlərinin kəmiyyət artımında görmürük. Hansısa bir mərhələdə belə addımlar olar bilər, amma bu, bizim üçün əsas hədəf deyil. Əsas hədəf tərəfdarlarımızı fəallaşdırmaqdır. "Azadlıq" blokuna daxil olan partiyaların, elə təkcə Xalq Cəbhəsinin 10 minlərlə üzvü var. Bu 10 minlərlə insanı aktivləşdirib siyasi mübarizəyə qoşa bilsək, yeni situasiya yarada bilərik. Ona görə də biz öz tərəfdarımızı, sadə insanları aktivləşdirməyi əsas hədəf seçmişik. [b]- Müsavat-AXCP əməkdaşlığı neçə müdətdir gündəmdədir, hər iki tərəf də əməkdaşlığın mümkün olduğunu deyir, amma bu istək reallaşmır. Müsavat başqanı İsa Qəmbər bu əməkdaşlığın alınmamasının səbəbini AXCP-də görür. Siz nə deyə bilərsiniz? [/b] - Burada gizli bir şey yoxdur, hər şey aydındır. Biz 2005-ci ildən "Azadlıq" bloku olaraq fəaliyyət göstəririk. Bu status-kvodan çıxış edərək Müsavat Partiyası ilə də səylərimizi birləşdirmək, ortaq məxrəc tapmaq, əməkdaşlıq etmək istədiyimizi dəfələrlə ifadə etmişik. Müsavat Partiyası isə yalnız Xalq Cəbhəsi ilə əməkdaşlığı mümkün hesab edir. Müsavatın öz nöqteyi-nəzərindən baxanda bəlkə də burada qəbahət bir şey yoxdur. Amma Xalq Cəbhəsinin nöqteyi-nəzərindən baxanda, bu, o demək olur ki, AXCP heç bir ciddi səbəb olmadan özünün beş illik müttəfiqlərindən imtina etməlidir ki, yeni bir əməkdaşlıq mümkün olsun. Bu əslində birlik üçün şərt qoymaqdır. Biz isə deyirik ki, indiki situasiyada heç bir şərt irəli sürmədən, kim kiminlə indiyə kimi necə əməkdaşlıq edib, onlar davamlı olmaq şərtiylə fəaliyyətlərimizi əlaqələndirək. "Azadlıq" bloku aksiya keçirən bir subyektdir, Müsavat Partiyası da ikinci bir subyektdir. Bu iki subyektin aksiyalarını birləşdirib, fəaliyyətini koordinasiya etməliyik ki, əməkdaşlığı artıraq. Çox təəssüf ki, bu məsələdə ortaq məxrəcə gələ bilməmişik. [b]- Müttəfiqiniz Əli Əliyevlə Müsavat Partiyası arasındakı münasibətlər gərgin vəziyyətdədir. Hətta müttəfiqiniz qarşı tərəfi hakimiyyətə işləməkdə suçlayır. Blokdakı digər partiya ALP də ona dəstək verir. Sizin bu məsələdə mövqeyiniz necədir?[/b] - Məlum olduğu kimi, Əli bəyin adından bir məruzə çap olunmuşdu. Bu məruzə əlbəttə ki, müxalifətin, o cümlədən Xalq Cəbhəsinin, prinsipial müxalifət qüvvələrinin maraqlarına zidd yazı idi. Əli bəy də mətbuat konfransı keçirib bu yazının onun çıxışı olmadığını izah elədi. Burada məsələ Əli Əliyevin adından gedən bir məruzədir. Ona görə də mən, yaxud başqa bir müttəfiqi Əli Əliyevin yerinə bu məsələni aydınlaşdırmalı deyildi. Əli bəy də artıq aydınlaşdırma istiqamətində xeyli addımlar atıb. Partiyada bu yazını hazırlayanlar və göndərənlərlə bağlı ölçü götürülüb. Biz də maraqlıyıq ki, Əli bəy partiyasında yaranmış bu situasiyaya aydınlıq gətirsin. Xeyli dərəcədə də bu aydınlıq yaranıb. Ümid edirik ki, bundan sonra da dəqiqləşdirmələr davam edəcək. [b]- Mən başqa məsələni soruşurdum, Əli Əliyevlə Müsavat arasındakı gərginlik... [/b] [i] - (Sözümüzü kəsərək)[/i] Mən sizə istədiyim cavabı verdim. [b]- Bilmək istədiyim odur ki, Siz müttəfiqləriniz tərəfindən Müsavata yönəlik ittihamları bölüşürsünüzmü? [/b] - Mən kimisə ittiham etmək istəyəndə ittiham edirəm, kimisə müdafiə etmək istəyəndə də müdafiə edirəm. Sizin də imkanınız var ki, bunu mətbuat vasitəsi ilə izləyəsiniz. [b]- Başqa bir məsələyə keçək. 2005-ci il parlament seçkilərindən sonra da, ondan əvvəlki dönəmlərdə də AXCP-dən qopmalar oldu, elə bu günlərdə müşaviriniz də istefa verdi. Maraqlıdır, Əli Kərimlinin ətrafı niyə seyrəlir? [/b] - Neçə ildir ki, bu fikir yaranır. Elə Nuh əyyamından belə bir fikir yaratmaq istəyən qüvvələr var. Normal bir prosesdir ki, gedir. AXCP hökumətlə mübarizənin ön cəbhəsidir. İtkilər harda olur? Arxa cəbhədə, təchizatla məşğul olanların arasında itki görmüsünüz? Heç zaman olmayıb. İtkilər hər zaman ön cəbhədə olub. Xalq Cəbhəsinə qarşı olan təzyiqlər son illərdə hansı partiyaya qarşı olub, heç birinə?! Bir də ki, insanların hamısının çətinliklərə, məhrumiyyətlərə dözüm imkanı eyni deyil. Elə adamlar var ki, onlar bütün çətinliklərə dözürlər, yenə də mərdi-mərdanə mübarizə aparırlar. Bu gün də bu qədər mübarizlərdən, itkilərdən sonra Xalq Cəbhəsində olduğu qədər mərdi-mərdanə, cəsarətlə, açıq ürəklə bu hökumətin üstünə gedə biləcək siyasətçi, tərəfdar başqa heç bir partiyada yoxdur. Ona görə də kimlərsə müəyyən mərhələlərdə bu təzyiqlərə dözə bilməyiblərsə, hansısa partiya ilə hakimiyyətin münasibtlərində belə sərtlik olursa, onların hamısında itkilər olub. Sadəcə, biz uzun müddətdir ki, hökumətlə sərt münasibətlərdəyik. Ona görə də təzyiqlər davam edir. Əgər Qabil Məmmədrzayevi deyirsinizsə, o, iddia edir ki, cinayət törətməyib, amma ona qarşı cinayət ittihamları var, bu böhtandan partiyaya qarşı istifadə olunmaması üçün istefa verib. [b]- Bütün fikirlərinizin yekunu olaraq, müxalifətin vəziyyətini, hakimiyyətin siyasətini nəzərə alaraq 2010 seçkiləri ilə bağlı gözləntilərinizi bilmək istərdik... [/b] - Hesab edirəm ki, ölkədə demokratiya uğrunda mübarizə güclənəcək. Bir tərəfdən artıq müxalifətin əsas qüvvələri azadlıq və demokratiya uğrunda mübarizəyə çıxıblar, funksionerlər şəxsən bu mübarizənin önündə gedirlər, cəmiyyətdə qorxunu dağıtmaq üçün şəxsi nümunələr göstərirlər. O biri tərəfdən isə çox məmnuniyyətlə qeyd edirəm ki, Azərbaycanın ictimai-siyasi həyatına nəhayət 20 ildən sonra mütəşəkkil bir gənclik gəlir. Bu gəncliyin kütləvi, intellektual olması da ölkənin gələcəyinə ümidi artırır. Eyni zamanda günü-gündən yeni medianın, texnologiyanın imkanları artır. Televiziyalar müxalif fikrin üzünə qapansa da, bir neçə il bundan qabaq olduğu kimi, müxalif fikirlər yalnız 5-10 min tirajlı qəzetlərin deyil, yüz minlərin izləydiyi internet məkanında yayılır. Müxalif fikir artıq blokadanı yarıb. Bunların hamısı mənim sabaha ümidimi bir az da artırır. Hesab edirəm ki, bir neçə ayın ərzində ölkədə necə köklü dəyişikliyə nail olmuşuq, qarşıdakı bir neçə ayda bizim daha ciddi uğurlarımız olacaq. Azərbaycan hökuməti bu ilin noyabrında çox ciddi təşkilatlanmış müxalifətlə üz-üzə qalacaq. [b]- Bu üz-üzə qalma prosesi nə ilə nəticələnə bilər? [/b] - Seçkinin nəticələri ilə bağlı dəqiq söz söyləmək mümkün deyil. Amma istənilən halda Azərbaycan müxalifəti uzun illərin repressiyalarından, blokada şəraitindən çıxaraq yenidən xalqla qovuşa, hökuməti təhdid edə bilirsə, xalq tərəfindən dəstəklənirsə, hökumət qorxusundan kampaniya dövrünü azaltmağa məcbur olursa, bunun arxası da gələcək. Daha hansı konkret nəticələr əldə etmək mümkün olacaq, bu, mübarizənin gedişində müəyyənləşəsi məsələlərdir. Mənə elə gəlir ki, artıq müxalifət öz varlığını tədqiq etməklə ilk uğura imza atıb. Seçki kampaniyası dövründə xalqdan səs almaqla daha ciddi uğura imza ata biləcək. [b]Zaur ƏHMƏD[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA