ADP hakimiyyətdən bir sıra təxirəsalınmaz addımların atılmasını tələb edir

img

10-06-2010 [12:20]


?Azərbaycan Respublikasında qarşıdan gələn parlament seçkilərinin azad və ədalətliliyinin təmin edilməsi bir sıra amillərdən, xüsusilə seçkiqabağı demokratik şəraitdən, tərəflərin etimad göstərəcəyi seçki komissiyalarının partitet əsasda formalaşdırılmasını və azad, ədalətli seçkilərin keçirilməsini özündə ehtiva edən qanunvericilik bazasındanr asılıdır?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözlər ADP-nin bu gün verdiyi bəyanatda yer alıb. Partiya ölkədəki demokratik vəziyyətlə bağlı hakimiyyətə qarşı bir sıra tələblərdə bulunub: Demokratik şərait dedikdə, ilk növbədə cəmiyyətdə ümumi plüralist ab-havanın mövcudluğu, siyasi partiyalara bərabər imkanların yaradılması, söz və mətbuat azadlığının, sərbəst toplaşmaq və digər fundamental hüquqların təmin edilməsi nəzərdə tutulur. Təəssüf ki, ölkəmizdə bütün bu sahələrdə son illər ərzində yalnız geriləmə baş vermişdir. Belə ki, hakimiyyəti dəstəkləməyən siyasi partiyaların, ictimai təşkilatların fəaliyyətinə maneçiliklər törədilmiş, onların qərargahları əlindən alınmış, bir çox hallarda onların hətta daxili toplantılarının keçirilməsinə polis müdaxiləsi ilə yol verilməmişdir. Fəaliyyət göstərən televiziya kanalları İctimai Televiziya da daxil olmaqla yalnız hakimiyyətin siyasətini təblig etmiş, müxalif fikrin cəmiyyətə çatıdırılmasına imkan yaratmamaqla yanaşı, müxalifətə münasibətdə tənqid, təhqir və böhtan mövqeyindən çıxış edirlər. Son illər ərzində ölkədə rekord sayda jurnalist həbs edilmiş, hazırda bir tanınmış jurnalist və iki gənc bloqqerlər həbsdədir. Siyasi məhbus problemi də bu günə kimi öz həllini tapmamışdır. Sərbəst toplaşmaq hüququnun təmin edilməsi sahəsində də geriləmə müşahidə olunmuşdur. Hakimiyyət dairələri siyasi partiyaların və beynəlxalq təşkilatların sərbəst toplaşmaq azadlığını təmin edilməsi ilə bağlı tələblərinə məhəl qoymamış, əksinə, şəhərin mərkəzindən xeyli aralıda olan, əvvəllər kütləvi tədbirlərin keçirildiyi bir neçə küçə və meydanda kütləvi aksiyaların keçirilməsinə də qadağa qoymuşdur. Seçki qanunvericiliyi sahəsində də mütərəqqi islahatlar aparılmamışdır. Seçki komissiyalarının formalaşdırılması qaydalarının dəyişdirilməsi tələblərinə baxmayaraq, bütün seçki komissiyaları yenə də hakim partiyanın nəzarəti altında qalmaqdadır. Parlamentin müzakirəsinə təqdim olunmuş yeni qanun layihəsində seçki və təbliğat-təşviqat kampaniyası müddətinin azaldılması, qeydə alınmış namizədlərə və referendum üzrə təşviqat qruplarına dövlət tərəfindən maliyyə vəsaitinin verilməsinin ləğv edilməsi məqsədi ilə bir sıra neqativ müddəalar əlavə edilmişdir. Qeyd edilən və digər bir sıra amillər 2010-cu ilin payızında keçirilməsi nəzərdə tutulan parlament seçkilərinin şəffaf və demokratik olmayacağı haqqında qənaətə gəlməyə indidən əsas verir. Yuxarıda göstərilənləri və qarşıdan gələn parlamet seçkilərinin demokratik, şəffaf və legitim proses kimi keçirilməsinin ölkəmiz və xalqımız üçün taleyüklü məsələ olduğunu nəzərə alaraq, Azərbaycan Demokrat Partiyası hakimiyyətdən aşağıdakı təxirəsalınmaz addımların atılmasını tələb edir: 1.Həbs olunmuş jurnalistlər, gənc bloqqerlər və siyasi məhbuslar dərhal azad olunmalıdır. 2.Sərbəst toplaşmaq hüququ tam təmin edilməlidir. 3.Elektron KİV-lərdə siyasi müxalifətə qoyulan qadağalar aradan qaldırılmalıdır. 4.Seçki Məcəlləsində nəzərdə tutulan mürtəce dəyişiliklərdən imtina olunmalı və əsas prinsipial məsələ ? seçki komissiyalarının formalaşdırılması prinsipləri dəyişdirilməli və bu orqanların seçkilərdə iştirak edən bütün siyasi qüvvələr tərəfindən etibar edilən qurumlara çevrilməsi təmin edilməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA