"Allahıma çox minnətdaram ki, deputat seçilmədim"

img

06-06-2010 [05:56]


[b]Şahlar Əsgərov: "Aynur Camalqızı müsavatçı olaraq, heç vaxt Tərtərdən 80 faiz səs toplaya bilməzdi" [/b] Qarşıdan gələn parlament seçkiləri müxalifət düşərgəsində olduğu kimi, hakim komandada da müəyyən çəkişmələrə, narazılıqlara səbəb olub. Hətta Yeni Azərbaycan Partiyası (YAP) daxilində "köhnə qvardiya" nümayəndələrinin prosesdən kənarlaşdırılması kampaniyasının başlandığı deyilir. Məlum olduğu kimi, bu kampaniya nəticəsində YAP-ın qurucularından olan bir neçə nüfuzlu şəxs ötən parlament seçkilərində uğur qazana bilmədilər. Analoji prosesin bu il keçiriləcək parlament seçkilərində də təkrarlanacağı ehtimal edilir. Bu və digər məsələlərə aydınlıq gətirmək üçün YAP İdarə Heyətinin üzvü, keçmiş millət vəkili Şahlar Əsgərovun fikirlərini öyrəndik. Şahlar müəllimlə söhbətə 2005-ci il seçkilərində alternativi olan deputat Aynur Camalqızının ona yönəlik ittihamları ilə başladıq. [b]- Bu günlərdə mətbuata açıqlama verən deputat Aynur Camalqızı 2005-ci ildə seçicilərin etimadını qazana bilmədiyinizi və bundan sonra da hər hansı şansınızın olmayacağını bildirib. Bu barədə nə deyərdiniz? [/b] - Mən bu cür əsassız fikirlərə münasibət bildirmirəm, indi də belə sözlərə cavab vermək istəmirəm. Düşünürəm ki, buna heç ehtiyac da yoxdur. Azərbaycanda gedən ictimai-siyasi prosesləri qəzetlər hər zaman yaxşı tutur. Aynur Camalqızı müsavatçı olaraq, heç vaxt Tərtərdən 80 faiz səs toplaya bilməzdi. Əgər o, həqiqətən də bu qədər səs toplasaydı, Tərtərin icra başçısı vəzifəsindən çıxarılardı. Necə ki, Naftalanın icra başçısını çıxardılar. Deməli, Aynur Camalqızının Tərtərdən deputat keçməsi səs toplamaq hesabına olmayıb. Burada başqa, mənə də məlum olmayan səbəblər olub. [b]- Səs ala bilməməyiniz və seçicilərin etimadını qazanmamağınız barədə deyilənlərə cavabınız nədir? [/b] - Mənə etimada gəlincə, demək istəyirəm ki, mənim mövqeyim məlumdur. Aynur Camalqızı mənimlə müqayisə olunacaq şəxs deyil. Onu da nəzərə çatdırım ki, birinci dəfədir onun adını çəkirəm. Mən həmişə ona "o qız" demişəm. İnternetə həm Azərbaycan, həm ingilis dilində axtarış verin, mənim məqalələrim Aynur Camalqızından ağır gələr. Məncə, təkcə bu sözüm bəs edər. Ona görə də deyilən cəfəngiyyatlara cavab verməyə lüzum görmürəm. [b]- Bəs, Aynur Camalqızı özü səs almışdımı? [/b] - Onun əmisi deyirdi ki, biz öz kəndimizdə ona səs verməmişik. Bax, bu sözü camaatın içində deyib. Öz yaxınları Aynur Camalqızına səs verməyibsə, o, necə 80 faiz səs toplaya bilər? Ona görə də yaxşı olar ki, cəfəngiyyat danışmasınlar. [b]- Deyirsiniz ki, mənə də məlum olmayan səbəbdən nəticələr belə oldu...[/b] [i]- (Tələsik)[/i] Mən bilirəm nə oldu. Amma nə oldusa, mənim xeyrimə oldu. [b]- Hansı formada xeyrinizə oldu? [/b] - O fəaliyyət sahəsindən başqa sahəyə keçdim. Hazırda çalışdığım sahədə qazandığım deputat kimi qazandığımdan 5 qat çoxdur. Yəni deputat kimi yox, adi bir vətəndaş, professor kimi son illər daha çox uğur əldə etmişəm. [b]- Belə başa düşdüm ki, daha deputat olmaq istəmirsiniz... [/b] - Mən bu barədə hələ heç nə düşünməmişəm. Hələlik deputat olum, olmayım,- sualını qarşıma qoymamışam ki, qərar da verim. Nə vaxt bu barədə düşünərəmsə, sözümü deyərəm. 2005-ci il seçkilərinin nəticələrinə də bu cür qiymət vermək lazım deyil. Əgər bu cür nəticəyə görə Naftalanın icra başçısı vəzifədən çıxarılır, Tərtərinki qalırsa, deməli, məsləhət belə imiş. Ona görə də bunu Şahlar Əsgərovun uduzması, ya da filankəsin udması kimi qələmə vermək lazım deyil. [b]- Onda "məsləhət belədir" deyib, Şahlar Əslərovu kənarda saxlamaq...[/b] [i]- (Sözümüzü kəsərək)[/i] Mən bunu belə qəbul etmirəm. Allahıma minnətdaram ki, elə bir qüvvənin təsiri altında uzaqlaşdırıldım, amma elm sahəsində çoxlu uğurlarım oldu. Uğurlarım o oldu ki, Amerikanın ən adlı-sanlı jurnallarında, NASA-nın bir memorandumunda mənim adım 9 yerdə çəkilir. Deputat olsaydım, onu görməyəcəkdim. NASA-nın başqa bir materialında bir səhifədə 12 yerdə adım çəkilir. [b]- Belə bir şəxsin kənarda qalması YAP üçün itki deyilmi? [/b] - Niyə itirir ki? Yenə də həmin partiyanın nümayəndəsiyəm, sadəcə, başqa sahədə çalışıram. [b]- YAP-dan qərar verilsə, yenidən deputatlığa namizəd olarsınızmı? [/b] - Partiyanın nizamnaməsində də göstərilir ki, qəbul olunan qərara partiya üzvü tabe olmalıdır. Əgər bu məsələ partiyada müzakirə olunarsa, o zaman mövqe bildirmək olar. [b]- Şahlar müəllim, mətbuatın yazdığına görə, YAP-da namizədlərin müəyyənləşdirilməsi ilə bağlı narazılıq yaranıb... [/b] - Bax, bəzi qəzetlər olmayanlar barədə yazmaqla özlərini də hörmətdən salırlar. Əgər hər hansı bir narazılıq olarsa, tutalım, mən çıxıb desəm ki, filan problemlər var, onda yazın. Amma bu gün hər hansı bir narazılıq, çəkişmə, filan yoxdur. Ona görə də belə şeyləri yazmaq düzgün deyil. [b]- Amma fakt odur ki, YAP-ın qurulmasında kifayət qədər əməyi olan şəxslər prosesdən tədricən kənarlaşdırılırlar...[/b] - Bu, təbii prsesdir. Bir səmimi söz deyim. Bu həftənin əvvəlində həm kafedra müdirinə, həm dekana dedim ki, mən universitetdə tam ştat professordan, yarımştat professora keçmək istəyirəm. Niyə? Ona görə ki, mənim yerimə yeni gələn aspirantı işə götürsünlər. Bax, indi bu fikrin yiyəsi başqa nə fikirləşə bilər? Bir də ki, əgər partiyadan bir nəfər gedirsə, onun yerinə başqa biri gəlir. [b]- Yeni gələnlər Sizin əvəz edə bilirmi?[/b] - Təbii bir proses var. Bizim partiyada bir varislik də var, burada ötürülmə də vacibdir. Təbii ki, heç kəs, heç kəsi əvəz edə bilməz. Bir məsələni xatırlatmaq istəyirəm. 2005-ci ilin may ayı idi. Misir Mərdanov məndən soruşdu ki, "Təhsil haqqında" Qanunda o üç maddənin üstündə durursanmı, dedim ki, bəli, mən deputat seçilməməyimə razıyam, amma o maddələrin qanundan çıxarılmasına razı deyiləm. Onlar tələbə qəbulu, rektorların seçilməsi, elmi dərəcələrlə bağlı maddələr idi. Deputat olsaydım, o üç prinsipdən geri çəkilə bilməzdim. Çünki bu, cəmiyyət üçün çox vacib idi. [b]- Yəni Sizin hər hansı narazılığınız yoxdur? [/b] - Yenə də deyirəm, Allahıma çox minnətdaram ki, deputat seçilmədim. [b]- Ancaq o fikirlər də səslənir ki, narazı olan "köhnə qvardiya" nümayəndələri Sirus Təbrizlinin aqibətini yaşamaq istəmədikləri üçün susurlar... [/b] - Cəmiyyət hər zaman qaynar olmalıdır. Cəmiyyətdə əks fikirlər olmalıdır ki, inkişaf eləsin. Əgər əks fikirlər olmasa, heç yerə gedib çıxa bilmərik. Su axmasa, öz təmizliyini, təravətini qoruya bilməz. Mənim də başım deputatlıq işlərinə qarışmışdı, bu biri tərəfdən uzaqlaşmışdım. Əgər bu müddət ərzində kənarlaşmasaydım, elmdə o qədər nailiyyət əldə edə bilməzdim. Özü də hesab edirəm ki, şəxsən mənim üçün bu fəaliyyət daha önəmlidir. [b]- Sonuncu dönəm parlamentdə olmadınız, ümumilikdə parlamentin indiki tərkibini necə qiymətləndirirsiniz? [/b] - İnanın ki, mən bu çağırış Milli Məclisə ekspert gözü ilə baxmadım. Əvvəlki rəhbərliklə səmimi münasibtlərim var, telefon danışıqlarımız olur. Təhsilə baxıram, amma parlamentə ekspert gözü ilə baxmıram. Yəni burada hansısa fikir söyləsəm, onun obyektivlik dərəcəsi səhv ola bilər. [b]- 2010-cu il parlament seçkilərindən nə gözləyirsiniz? [/b] - Cəmiyyətdə hər şey ola bilər. Əsas odur ki, cəmiyyətin inkişaf istiqaməti olsun. Güman edirəm ki, budəfəki parlament seçkiləri də bizi inkişafa aparacaq. Hesab edirəm ki, burada köhnəliklə yeniliyin mübarizəsi gedəcək. Şübhəsiz ki, yenilik qalib gələcək. Biz kommunizm rejimindən ayrılmışıq, indi köhnə düşüncə ilə təzə düşüncə arasında mübarizə gedir. Burada yeni düşüncə qalib gəlməlidir, yoxsa əvvəlki sovet sisteminə qayıdarıq. [b]- Dediklərinizi köhnələrlə yenilərin mübarizəsi kimi qəbul etmək olarmı? [/b] - Əlbəttə, o da olacaq. Mən bu mübarizəyə də normal baxıram. Belə deyim də, istərdim ki, komprodorlarla millətçilər arasındakı mübariz millətçilərin xeyrinə qurtarsın. [b]- Bəs, müxalifətlə iqtidar arasındakı mübarizə necə olacaq? [/b] - Bu barədə nikbin olmaq istəyirəm. Hesab edirəm ki, bu mübarizə sivil həddə çatacaq. İqtidar müxalifəti başa düşəcək, müxalifət də iqtidarı. Necə ki, Avropada iqtidarla müxalifət arasındakı münasibətlər sivil formadadır. Əgər ikisinin də arzusu Azərbaycanın çiçəklənməsidirsə, bu arzu hər ikisini birləşdirməlidir. Yox, əgər başqa məqsədlər varsa, əlbəttə ki, ziddiyyət dərinləşə bilər. Amma mən inanıram ki, hər iki tərəf Azərbaycanı qüdrətli bir dövlət kimi görmək istəyir. [b]Zaur ƏHMƏD[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA