"Azərbaycanın bütün dövlət strukturlarında iflas gedir"

img

06-06-2010 [05:50]


[b]Sərdar Cəlaloğlu: "İndiki iqtidar dövlət resursları olmadan bir kəndi də idarə edə bilməz. Bu da onu göstərir ki, Azərbaycanda müxalifət nə qədər zəifdirsə, iqtidar ondan da zəifdir" [/b] Azərbaycanda parlament seçkilərinin keçirilməsinə 4 ay qalıb. Hakimiyyət daxilində müəyyən narazılıqların olduğu bildirilsə də, hakim komanda monolit görünür. Müxalifət düşrgəsində isə nəinki seçkiyə birgə getmək barədə qərar qəbul edilib, əksinə, daxili intriqalar açıq müstəviyə keçərək, getdikcə dərinləşməkdədir. Müsavat Partiyası ilə "Azadlıq" blokuna daxil olan partiyalar arasındakı son qarşılıqlı ittihamlar isə hakimiyyət əleyhdarlarını daha da zəiflədib. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da müxalif düşərgənin hazırkı durumundan, qarşılıqlı ittihamlardan narazıdır: - Müxalifət düşərgəsindəki hazırkı vəziyyət təbiidir. Çünki uzun müddətdir, bu düşərgə mübarizə aparsa da, hər hansı nəticə yoxdur. Belə olan təqdirdə isə nailiyyətsizlik sindromu başlayır. Bunun nəticəsində məğlubiyyətin, nailiyyətsizliyin səbəbini əks tərəfdə yox, öz tərəfində axtarırsan. Ona görə də müxalifət nümayəndələri bir-birini hakimiyyətə, yaxud da başqa harasa işləməkdə ittiham edirlər. Əslinə qalsa, dünyada qəbul edilən norma budur ki, müxalifət bir neçə formada olur. Birinci dərəcəli müxalifət var, o, dövlətin əsasları ilə bağlı müxalifətdə olur. Bu gün radikal islamçı qruplar Azərbaycanda birinci dərəcəli müxalifətçilik edirlər, istəyirlər ki, islam dövləti yaratsınlar. İkinci qrup müxalifət isə bizik. Hakimiyyətə gəlmək, hakimiyyəti dəyişdirmək, demokratik islahatlar aparmaq bizim istəyimizdir. Üçüncü müxalifət isə hakimiyyətə gəlmək yox, amma hakimiyyətin idarə edilməsinə effektli təsir etmək istəyənlərdir. Bunlar arasında münasibət, onların daxili vəziyyəti də ümumi prosesə təsir edir. Yaranmış vəziyyətdə rol oynayan digər amil ölkədə demokratiyanın vəziyyətidir. Azərbaycanda demokratikləşmə sahəsində ciddi geriləmə var. Xalq apolitik vəziyyətdədir, iqtidar siyasi mübarizə aparmaq istəmir, müxalifətin özündə də demokratik düşüncə zəifləyib. Birləşmə, əməkdaşlıq, birgə mübarizə də demokratik nailiyyətdir. Hazırda bizdə demokratik düşüncə yoxdur. Bu gün müxalifət partiyaları arasında yaranan bu gərginlik demokratik ənənənin sıradan çıxması ilə bağlıdır. [b]- Bu gün Müsavat "Azadlıq" blokunu və oradakı bəzi partiyaları, qarşı tərəf isə Müsavatı hakimiyyətə işləməkdə, müxalifəti parçalamaqda ittiham edir. Belə ittihamların kökündə nə dayanır və tərəflərdən hansını haqlı sayırsınız? [/b] - Sözün düzü, bu gün müxalifət düşərgəsində bir-birini hakimiyyətə, yaxud başqa harasa işləməkdə ittiham edən tərəflərin heç biri haqlı deyil. 2009-cu ildə referendumla bağlı biz bir yerdə mübarizə aparmışıq. Bu qüvvələrin heç biri hər hansı bir səhvə, fəaliyyətində geriləməyə yol verməyib, heç biri radikal mövqedən çəkinməyib. Hamısı da referendumun baş tutmaması, bunun sadəcə, hakimiyyətin bir tamaşası olduğunu göstərmək üçün vahid mövqedən çıxış edib. İndi mən necə deyə bilərəm ki, bunların hansısa iqtidara işləyir? Bunlar tamamiylə yanlış addımlardır. Həm Müsavat Partiyası nümayəndələrinin, həm də Əli Əliyevin ittihamları yanlışdır və subyektiv mülahizələrdən ibarətdir. Sadəcə olaraq, ortada bir uğursuzluq var, hamı məsuliyyəti boynundan ataraq başqasına yükləmək istəyir. [b]- Bir müddət öncə müxalifətin ümumi birliyinin alınmamasında Müsavatı suçlayırdınız, bu fikrinizdə yenə qalırsınız, yoxsa... [/b] - Müsavat ölkənin ən böyük, təcrübəli partiyalarından biridir. İndi Müsavat ağsaqqallıq eləməli, önə çıxıb müxalifətin birləşməsi üçün addımlar atmalıdır. İsa Qəmbər harda oturur, hansı beynəlxalq təşkilatın nümayəndələri ilə görüşür, deyir ki, bizim partiyanın yüz ilə yaxın tarixi var. Ancaq Müsavat kimi yüz illik bir partiya dünən əmələ gəlmiş VİP-lə tərəf müqabili olub, qəzetlərdə bir-birinə hücum etməməlidir. Axı, bu yaşlılığın, təcrübənin özü bir status yaradır. Yəni, Müsavat Partiyası müxalifətin ən azı ağsaqqalı rolunu oynamalıdır. Amma bu partiya nə özü qabağa düşür, nə də biz ağsaqqallıq eləmək istəyəndə sözümüzə məhəl qoyub, ağsaqqalığımıza hörmət eləmir. Bu baxımdan, Müsavatı ona görə günahlandırıram ki, bu partiya nəinki belə ittihamların müəllifi olmalıdır, əksinə, belə ittihamlara qarşı çıxıb intriqa tərəflərinin bir araya gəlməsinə yardımçı olmalıdır. - Maraqlı məqamlardan biri də odur ki, Əli Əliyev son günlər müttəfiqlərinə də "kəllə" atmağa başlayıb... - Mən deməzdim ki, kimsə kiməsə "kəllə" atır. Amma hər bir qüvvənin öz mövqeyi var. Hətta müttəfiqlərlə belə, mövqelərin üst-üstə düşməyə bilər, amma bu "kəllə" atmaq deyil. Biz bir-birimizin səhvimizi deməsək, düz yola çəkməsək, onda necə düzələ bilərik? Yəni müttəfiqlərlə fikir ayrılıqlarına normal baxmaq lazımdır. [b]- Sərdar bəy, müxalifət düşərgəsində seçkiyə hesablanmış normal birlik yoxdur. Arif Hacılı isə deyir ki, seçkiyə hesablanmış yeganə birlik Müsavatla DUİ-nin əməkdaşlığıdır. Razısınızmı? [/b] - Bayquşa deyirlər ki, get, ən gözəl quşu gətir, başlayır ağlamağa. Səbəbini soruşduqda deyir ki, qorxuram balamı gətirəm, göz dəyə. İndi Arif Hacılı nə desin? Heç kim öz ayranına turş deməz. Arif Hacılı heç vaxt deməz ki, yox, "Azadlıq" bloku yaxşıdır. Şəxsən mənim fikrimi soruşursunuzsa, Müsavatla DUİ-nin əməkdaşlığından hər hansı blok yaranmayacaq, olsa belə, heç nəyə nail ola bilməyəcəklər. [b]- Bir müddət öncə dörd partiya lideri bir araya gəldiniz. Hətta belə görüşlərin davamlı olacağını bildirdiniz. Sonra nə oldu? [/b] - Bu, bir təşəbbüs idi ki, yığışaq, söhbət edək. Mən də bir təklif irəli sürdüm ki, Ümid Partiyası da bu görüşlərdə iştirak eləsin. Amma belə bir fikir yayılmağa başlandı ki, guya mənim Ümid Partiyası ilə bağlı hansısa maraqlarım var. Ona görə də dedim ki, Ümid Partiyasını kənara qoyuram, gəlin birləşək. Sonra dörd partiya yığışdıq, baş verənləri şərh elədik, vəziyyətin nə yerdə olacağını görəcəksiniz. [b]- Ümumiyyətlə, bu dörd partiyanın bir araya gəlməsi və birliyin daha ciddi müstəviyə qaldırılması mümkün idimi? [/b] - Əlbəttə, mümkün idi. Amma görünür, düşərgədə yetərincə siyasi uzaqgörənlik yoxdur ki, bunu reallaşdıraq. Fakt odur ki, daxili intriqalardan yaxa qurtara bilmirik. Əslinə qalsa, bu gün narazı elektoratla partiya elektoratı arasında çox böyük fərq var. Narazı elektorat təxminən 95 faizdir, partiya elektoratı isə 5-10 faizdir. Bizim seçkiyə bir yerdə getməməyimiz məcbur edir ki, partiya elektoratına müraciət edək. YAP da daxil olmaqla, heç kəs partiya elektoratı ilə nailiyyət əldə edə bilməz. Narazı elektoratla nə isə etmək mümkündür. Narazı elektorat da qarşısında ümumi, partiyasız müxalifət görmək istəyir. Məsələn, 2005-ci ildə "Azadlıq" blokunun nümayəndələrinə şəxslərə görə yox, ümumi müxalifətə görə səs vermişdilər. Onda seçici kim Əli Kərimlidir, kim Sərdar Cəlaloğludur, kim İsa Qəmbərdir, - bunun fərqinə varmır. İndi də çalışmalıyıq ki, narazı elektoratın səsini almaq üçün mümkün qədər vahid mövqedən çıxış edək. Amma indiki vəziyyət bunun mümkün olmadığını göstərir. Əgər bunu edə bilməsək, vəziyyət müxalifət üçün ürəkaçan olmayacaq. [b]- Müxalifətin pərakəndə olduğunu və belə davam edərsə, uğursuzluğa düçar olacağını deyirsiniz, bəs iqtidar? [/b] - İqtidarla müxalifət siyasi mühitdə bir-birinin əksini təşkil edən tərəfləridir. Əks tərəflərin tarazlıq qanunu var. Bu, o deməkdir ki, tərəflərdən biri daha güclü, digəri isə zəifdirsə, deməli, hər iki tərəfin süqutu olacaq. Bu gün Azərbaycanda müxalifət də, iqtidar da zəifdir. Sadəcə olaraq, iqtidar dövlət resurslarının hesabına güclü görünür. Ordu, polis hakimiyyətin əlindədir deyə, güclüdür. Əslində ordu da, polis də dövlətindir. İqtidar isə idarəetməsi ilə öyünə bilər. Amma indiki iqtidar dövlət resursları olmadan bir kəndi də idarə edə bilməz. Bu da onu göstərir ki, Azərbaycanda müxalifət nə qədər zəifdirsə, iqtidar ondan da zəifdir. [b]- Ancaq yenə də siyasi hakimiyyət bu komandadadır... [/b] - Deyirəm də, bunlar siyasi hakimiyyətlə - dövlətlə birləşdiriblər. Yəni, dövlətin əsgəri də, polisi də dönüb olub, iqtidarın əsgəri, polisi. Ortada olan güc dövlətin gücüdür. Hakimiyyətdə olan komanda bu gücü qeyri-qanuni olaraq siyasiləşdirib. Ona görə də adama elə gəlir ki, iqtidar güclüdür. Əgər ordu, polis birtərəf qalsa, bu iqtidar ən zəif müxalifət partiyası ilə belə, mübarizə apara bilməz. Bax, ona görə də Azərbaycanın bütün dövlət strukturlarında iflas gedir. Çünki hakimiyyət bunlardan özünün siyasi aləti kimi istifadə edir. [b]- Belə çıxır ki, hakimiyyət nə qədər bu gücdən istifadə edəcəksə, müxalifət üçün heç bir dəyişiklik olmayacaq? [/b] - Əlbəttə, nə qədər ki, hakimiyyət qeyri-qanuni olaraq dövlətin resurslarını mənimsəyəcək, ordu, polis, MTN və digər dövlət strukturları bitərəf olmayacaq, vəziyyət bu şəkildə davam edəcək. [b]- Bəs, vəziyyəti dəyişmək üçün nəsə etmək mümkün deyil? [/b] - Bu dəqiqə Azərbaycanda SSRİ-nin son 20 ilindəki kimi durğunluq vəziyyətini müşahidə edirik. SSRİ dünyanın böyük dövləti idi, amma 20 illik durğunluqdan sonra dağıldı. Azərbaycanda da belə vəziyyət uzun müddət davam edə bilməz. Ya Azərbaycan dövləti dağılmalıdır, ya da ölkədə qarşıdurma olacaq. [b]- Budəfəki parlament seçkilərində necə, bu durğunluq yenə hökm sürəcək, yoxsa müəyyən aktikliv ola bilər? [/b] - Heç kəs deyə bilməz ki, proses necə olacaq. Elə faktor meydana çıxa bilər ki, Azərbaycanda gördüyünüz indiki siyasi mənzərə tamamiylə dəyişər. [b]- Seçkidən sonraya necə, hər hansı planınız varmı? [/b] - Seçkidə cəmiyyətdə beş il ərzində yatıb qalmış, gizlənmiş bütün maraqlar meydana çıxır. Məsələn, ötən seçkilərdə gördük ki, iqtidara yaxınlığı ilə seçilən adamlar seçkidə elə mövqe qoydular ki, hakimiyyət özü radikal addımlar atdı. Yəni, Əli İnsanovla, Fərhad Əliyevlə bağlı problem də seçki ərəfəsində meydana çıxdı. Seçki ən iri provakasiyadır. O, bütün qüvvələrin maraqlarını çılpaqlaşdırıb meydana çıxarır. Bu baxımdan, hamı deyir ki, seçkidə nəsə olacaq. Seçkidən sonrakı dövrə gəlincə, əgər seçkidə ciddi nailiyyət olmasa, Azərbaycanda durğunluq davam edəcək. [b]Zaur ƏHMƏD[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA