"Məzhəblər mənim üçün cəfəngiyyatdan başqa bir şey deyildir" - Fazil Mustafa

img

12-01-2017 [21:03]


Fazil MUSTAFA, Millət vəkili

Daha bir İran gözəlləməsi Sərdar Cəlaloğludan: 

"Fazil Qəzənfəroğlunun fəaliyyətinə nəzər salaq. Bilirəm ki, bir vaxtlar Türkiyədə Nurçuların təsiri altına düşüb, təriqəti qəbul edib. Nurçuluqla bağlı kitablar yazıb, özü də nurçudur. Şiələri də nurçu olduğu üçün təhqir edir. Onun bu münasibətinin Azərbaycanda qarşıdurma yaratmağa çalışdığı açıq-aydın görünür. 

Amma Fazil Qəzənfəroğlu belə hesab etmir. Cübbəli Əhməd kimi Azərbaycanda həmin siyasəti aparır. Cübbəli Əhməd də nurçuların tərfdarlarından biridir. 

Görünür ki, bunun arxasında da Azərbaycanda məzhəb fərqliliyi əsasında çaxnaşma yaratmaq cəhdləri durur. Bir sözlə, Fazil Qəzənfəroğlu heç kəsə şiə olmağı qadağan edə bilmədiyi kimi, heç kəs də ona nurçu olmağı qadağan edə bilməz”.

Bu ifadələrə keçici bir qarayaxma kimi baxıb keçməyin. Eyni mətnin məlum saytlarda barəmizdə illərdir yazıldığını özünüz də axtarıb tapa bilərsiniz. 

Baxın, indiyədək Türkiyə və Azərbaycanda 18 kitabım çap olunub. Nurçuluq haqqında kitabım hansıdır, hələ də tapa bilmirəm. Hələ üstəlik də yeni bir ittiham da eşidirəm: Cübbəli Əhmədin tərəfdarı. Bircə Budda təliminə necə baş vurduğum barədə araşdırmalar qalır...

Həqiqətən bu təriqətlər, məzhəblər mənim üçün cəfəngiyyatdan başqa bir şey deyildir. Nurçuluq da, Cübbəlilk də, digərləri də... 

Siyasi yaşamımda ideya olaraq bir şəxsiyyətin tərəfdarı olmuşam və bir nəfəri lider olaraq tanımışam. O da mərhum Əbülfəz Elçibəydir. Yalnız onun haqqında kitablarım, məqalələrim var. Vəfatı gününə qədər də səmimi şəkildə onun mövqeyini müdafiə etmişəm. Bu cahillərin qeyd etdiyi dövrdə, yəni Türkiyədə yaşadığım 3 ildə Əbülfəz Bəyin yeganə Türkiyə təmsilçisi olmuşam. Sonra da ancaq öz sözümü, öz görüşlərimi insanlara çatdırmağa çalışıram. Hətta səmimiyyətim də çatır ki, mərhum Elçibəyin bəzi görüşlərini indi qəbul etmədiyimi də açıqca bildirirəm. 

Fikirlərimizi bölüşən, paylaşan minlərlə insan var. Mən kimsəyə tərəfdar kimi baxmıram, sadəcə buna Azərbaycanı ağılları ilə idrak edərək sevənlərin düşüncə, mövqe birliyi kimi baxıram. Kimisə özümə düşmən saymıram. Sadəcə, bizi özünə düşmən sayanlar var, inşallah onların da düşüncələri zaman keçər müsbətə doğru dəyişər. Ancaq kimsə unutmasın ki, həyatın hər cür sınağından öz iradəsi ilə çıxan insanlara qarşı böhtanla bir yerə varılmaz, təxribatla bizi yıpratmaq olmaz. 

Azərbaycanı duyğularımızla deyil, ağlımızla dərk etsək, doğrularımızı da, yanlışlarımızı da daha aydın görəcəyik, nə özümüzü yalandan şişirdib, nə də özümüzü əsassız alçatmayacağıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA