Müsavat Partiyası növbəti mitinqini iyunun 12-nə təyin etdi

img

31-05-2010 [02:50]


Bu gün Müsavat Partiyasının Divanının növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, gündəliyin partiyadaxili məsələ bölümündə Qabil Hüseynli Göyçay RT-nın hesabat-seçki konfransı haqqında məlumat verib. O, təşkilatın yeni seçilmiş sədri İlqar Yusifli və seçkili orqanlar haqqında məlumatları çatdırıb. 28 May ? Respublika günü münasibəti ilə Novxanı qəsəbəsində Məhəmməd Əmin Rəsulzadənin abidəsi qarşısında keçirilmiş Müsavat və DUİ-nin birgə bayram tədbiri müsbət dəyərləndirilib. Kür və Araz çaylarının daşması nəticəsində bir sıra aran rayonlarda yaranmış fəlakətli durum haqqında müzakirələr davam etdirilib. Müsavat Deputat Qrupunun və partiya rəhbərliyi nümayəndələrinin fəlakət zonasına son səfərindən əldə edilmiş məlumatlar əsasında yerlərdəki real vəziyyət dəyərləndirilib. Vəziyyətdən çıxış kimi Araz çayının suyunun bir hissəsinin əvvəllər mövcud olmuş məcraya yönəldilməsi qərarı riskli, sonadək düşünülməmiş addım kimi qiymətləndirilib və bu qərarın mütəxəssislərlə ciddi müzakirə edilməsini tələb edib. Həmçinin, hakimiyyətdən tələb edilib ki, təbii proseslər zamanı hadisələrin arxasınca sürünməsin, vəziyyəti öncədən mütəxəssislərin iştirakı ilə dəyərləndirərək effektli qabaqlayıcı tədbirlər görülməlidir. Daha sonra partiyanın parlament seçkilərinə hazırlığı ilə bağlı müzakirələr aparılıb, dairələr üzrə namizədlərin müəyyənləşdirilməsi işi davam etdirilib. Kütləvi aksiyalar haqqında məsələ müzakirə edilib. Qeyd edilib ki, artıq fəlakət zonasında təhlükə tədricən azalır, ona görə də də növbəti mitinq iyunun 12-nə təyin edilib. Divan bu səhər İsrail Hərbi Dəniz Qüvvələri tərəfindən Fələstinin Qəzza bölgəsinə humanitar yük aparan Türkiyəyə məxsus gəmilərin Aralıq dənizinin neytral sularında zorakılıqla saxlanılması nəticəsində insan tələfatının olmasından təəssüfləndiyini və narahatçılığını bildirib. Müsavat rəhbərliyi hesab edir ki, hadisələrin təhlükəli istiqamətdə davam etməsinin qarşısı təcili alınmalı və məsələlər beynəlxalq hüquqa uyğun həllini tapmalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA