Müsavatçı deputatlar Milli Məclisdə etirazlarını bildirdilər

img

25-05-2010 [01:08]


Milli Məclisin bu gün keçirilən iclasında təbii fəlakət zonasındakı vəziyyət müzakirə olunub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn bölgədəki vəziyyət barədə çıxış edib. Deputat hazırda Sabirabadda vəziyyətin kritik olduğunu bildirib. Onun sözlərinə görə, Sabirabadın Arazla Kürün arasındakı Qasımbəyli kəndinin də su altında qaldığı barədə məlumat alıb. P.Hüseyn təbii fəlakətlə bağlı məsələnin parlamentin gündəliyinə salınaraq müzakirə olunmasını təklf edib. Deputat fəlakət zonasında görülən işlərin qənaətbəxş olmadığını da vurğulayıb. Spiker Oqtay Əsədov isə P.Hüseynin dediklərilə razılaşmayıb. O, lazımi işlərin görüldüyünü vurğulayıb: ?Lazım olan bütün işlər görülür. Azərbaycanın bütün texnikası oradadır. Bunu başa düşmək lazımdır ki, su gələndə bir yerdən çıxmalıdır?. Millət vəkili Nəsib Nəsibli isə Milli Məclisin gündəliyinə etirazını bildirib. O deyib ki, ölkənin Aran rayonları təbii fəlakətin ağuşunda çabalayır, minlərlə insan evsiz-eşiksiz qalıb, Kür çayının yaratdığı fəsadlar böyüməkdədir, amma bu məsələni Milli Məclisin gündəliyinə salmayıblar. ?Mən buna etiraz edirəm. Deyirlər bu təbiət hadisəsidir, ancaq mən bununla razılaşmıram. Bu təbiət hadisəsi deyil. Fəlakətlə bağlı məsələ niyə gündəliyə salınmayıb? Niyə hökumət iş görməyib? Məndə olan məlumata görə, Kürün deltasını təmizləyən iki qurğu İrana satılıb. Niyə İrana satılıb, bununla bağlı niyə tədbirlər görülmür? Rayonlarda camaat dəhşətli vəziyyətdə qalanda Bakıda Gül bayramı keçirilirdi. Hesab edirəm ki, fəlakət məsələsilə bağlı Milli Məclisdə komissiya yaradılmalıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA