ADP idarə Heyətinin növbəti toplantısı keçirilib

img

24-05-2010 [04:20]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai siyasi proseslər əsas müzakirə obyekti olub. Türkiyənin baş naziri T.Ərdoğanın Azərbaycana səfəri zamanı iqtisadi, siyasi və strateji tərəfdaşlıq barədə əldə edilən razılaşmaların qarşılıqlı əməkdaşlıq baxımından hər iki qardaş ölkə üçün önəmli əhəmiyyət daşıdığına diqqət çəkən İdarə Heyəti üzvləri bu əməkdaşlığın hüquqi və hərbi sferalarda da davam etdirilməsinin tərəfdarı olduqlarını bildirib. İdarə Heyəti üzvləri ABŞ prezidenti B.Obamanın Mətbuat azadlığının müdafiəsinə dair yeni qanun imzalamasını dünyada söz azadlığının pozulması hallarının qarşısının alınması baxımından təqdirə layiq hesab etməklə bu qanunun insan haqlarının pozulduğu ölkələrdə tətbiqi istiqamətində real addımlar atılmasının vacibliyini diqqətə çatdırıb. Avropa Parlamentinin işğal olunmuş ərazilərimizin işğaldan azad edilməsini özündə ifadə edən Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməni bu qurumun regionda sabitliyin və iqtisadi tərəqqinin əldə edilməsinə və vahid məkan olaraq nəzərdə tutulan strateji layihələrin gerçəkləşməsinə verdiyi töhfə kimi dəyərləndirən partiya yetkililəri Azərbaycan hakimiyyətini digər beynəlxalq təşkilatların da bu qətnamə ilə səsləşən qərarlar çıxarması istiqamətində ciddi səylər göstərməyə çağırıb. İdarə Heyəti üzvləri Dağlıq Qarabağda qondarma rejimin keçirdiyi parlament seçkilərinə Minsk qrupu həmsədrlərinin ciddi etiraz bildirməməsi, Ermənistanın beynəlxalq təkidlərə baxmayaraq danışıqların hazırkı variantından imtina etməsi və adı çəkilən ölkənin xarici işlər və hərbi nazirinin Azərbaycan torpaqlarını heç bir vəchlə azad etməməsi barədə səsləndirdiyi bəyanatları əsas götürərək problemin həllinin tərkib hissəsi kimi nəzərdə tutulan status məsələsini arxa plana keçirməyi və göstərilən səyləri yalnız Azərbaycanın işğal olunmuş ərazilərinin işğaldan azad edilməsi istiqamətində davam etdirməyi məqbul hesab edib. Kürün daşması ilə davam edən təbii fəlakətin yaratdığı fəsadların həcminin durmadan artması və fəlakətin qarşısının alınması üçün təsirli tədbirlərin görülməməsindən narahat olduğunu bildirən İdarə Heyəti üzvləri bu neqativlərin ortaya çıxmasında dövlətin vahid strategiyasının olmaması faktorunun durduğunu və bu işdə dövlət başçısının bir başa məsuliyyət daşıdığını diqqətə çatdırıb. Sonda İdarə Heyəti Türkiyənin Cümhuriyyət Xalq Partiyasının yeni sədri K.Kılıcdaroğluna adı çəkilən partiyanın sədri vəzifəsinə seçilməsi münasibəti ilə təbrik məktubunun göndərilməsi barədə qərar qəbul edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA