23-05-2010 [08:13]
Bir müddət öncə aktiv siyasətə qayıtdığını bəyan edən Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı hələ də siyasi passivlik nümayiş etdirir. Milli Azadlıq Hərəkatının fəallarından olmuş N.Pənahlı müsahibəsində belə mövqe tutmasını əsaslandırmağa çalışdı.
- Aktiv siyasətə qayıtmışam, nə etməliyəm ki? Mən aktiv siyasətə qayıdanda birmənalı şəkildə bəyan elədim ki, mənim şəxsi marağım yoxdur. Sadəcə, siz jurnalistlər çalışdınız hallandırasınız ki, Nemət Pənahlı deputat olmaq istəyir. Bəyan elədim ki, bu gün Güney Azərbaycanda və dünyada gedən proseslər çox ciddidir. Əgər mənim bu sözlərimi millət eşitmirsə nə etmək olar? Allah peyğəmbərinə əmr edir ki, sənin vəzifən deməkdir, kimin iman gətirib, kimin gətirməməsi isə sənin vəzifən deyil. Siyasətçinin də vəzifəsi gördüyünü, başa düşdüyü kimi cəmiyyətə anlatmaqdır.
[b]- Siyasətçi də gərək elə desin ki, cəmiyyət anlasın... [/b]
- Bundan aydın şəkildə nə demək olar? Mən uzun müddətdir ki, cəmiyyətlə yaxın ünsiyyətdə deyiləm, faktiki olaraq, evimdə oturmuşam. Altı aydır eşidirəm ki, Sabirabaddan haray gəlir ki, bəndlər uçacaq. Yəni millətin ahı, fəğanı qalxıb ki, burda fəlakət gözlənilir. Bunu kimsə eşitmirsə, fəlakət baş verəndən sonra, bu millət nə eləsin? Neçə illərdir, Mingəçevirdə də təhlükəli vəziyyətin yarandığı deyilir. İndi bu dövlət, bu millət buna əhəmiyyət verməyəcəksə, camaat suyun altında qalandan sonra təqsirkar kim olacaq? Bunun da adını təbii fəlakət qoyacaqlar?
[b]- Bu məsələdə hökuməti təqsirkar sayırsınız? [/b]
- Bütün cəmiyyəti. Söhbət təkcə hökumətdən getmir. Bəli, əsas məsuliyyət hökumətin boynundadır. Çünki mən, fərd olaraq, gedib bəndi bərkitmək imkanında deyiləm. Bunu dövlət eləməlidir. Ancaq millət bunu açıq şəkildə tələb edərsə, hakimiyyət də məcbur olar ki, öz vəzifəsini yerinə yetirsin.
Digər bir məsələni deyim, millətin gələcəyi, yaşayışı, yüksəlişi onun təhsili və elmi ilə bağlıdır. Bu gün Azərbaycanda təhsil sistemi məhv edilib, 9-cu sinifdən sonra məktəblərdə dərs keçilmir. Bunu da bütün cəmiyyət bilir. Dəfələrlə vurğulamışam ki, ey millət, bu gedişatla ölümə, fəlakətə və məhvə gedirsən. Kimsə sənin sözünə əhəmiyyət vermirsə, nə etmək olar? Nemət Pənahlı olaraq, bildiyim, başa düşdüyüm həqiqətləri heç nəyə baxmadan həmişə demişəm. Bu günlərdə aktiv siyasətə qayıdanda da dedim ki, burada fəlakət var, millət hazır olmalıdır. İqtidarla, müxalifətlə, cəmiyyətlə bu vəziyyətə hazır olmasaq, bizi böyük fəlakət gözləyir.
[b]- Deyirsiniz ki, cəmiyyət eşitmir. Bir vaxtlar bir sözünüzlə oturub duran bu cəmiyyət deyildimi, indi nə baş verdi? Siz dəyişmisiniz, yoxsa cəmiyyət? [/b]
- Meydan Hərəkatı zamanı mənim 26 yaşım vardı, təcrübəm, bilgim və digər göstəricilərim bu günkündən yüksək deyildi. Yəni bugünkü Nemət Pənahlı daha təcrübəli, daha bilgili, daha yetkindir. Cəmiyyət isə dəyişib və bunu bilərəkdən ediblər. Cəmiyyəti salıblar şoulara. Televiziyanı açırsan, qumar gedir. Bütün məmləkət ya qumarla məşğuldur, ya da şou ilə.
- Cəmiyyətin bu vəziyyətə düşməsinin günahı kimdədir?
- Təbii ki, cəmiyyəti bu günə qoyan qüvvələr var. Proseslərin bu şəkildə getməsini istiqamətləndirən qüvvələr mövcuddur...
[b]- Kimlərdir onlar?[/b]
- Bu televiziyaya meydan verənlər. Cəmiyyətin ayılmasını istəməyənlər. Onların kim olduğu bəllidir. Hamı hər şeyin necə, hansı məqsədlə baş verdiyini yaxşı bilir.
[b]- Ölkənin gündəminin təbii fəlakət tutsa da, bu il seçki ilidir... [/b]
[i]- (Sözümüzü kəsərək)[/i] Mən bunu təbii fəlakət hesab eləmirəm. Bu, milli xəyanətdir. Təbii fəlakət odur ki, insanın iradəsindən kənar bir hadisə baş verir. Kürün səviyyəsinin artacağı isə payızdan bəlli idi. Aidiyyatı qurumlar bu bəndləri bərkitməli, önləyici tədbirlər görməliydi. Əgər bu bəndlər vaxtında bərkidilsə və önləyici tədbirlər görülsəydi, ondan sonra daşqın olsaydı, demək olardı ki, bəli, təbii fəlakətdir. Amma fakt odur ki, heç bir iş görülməyib. Ayrılan vəsait yeyilibsə, deməli, fəlakət yox, ortada milli xəyanət var.
Bu gün Azərbaycanın təhsil sistemi baş verən fəlakətlərin hamısından təhlükəli vəziyyətdədir. Nemət Pənahlı olaraq, deyirəm ki, təhsilimizdəki, səhiyyəmizdəki vəziyyət selbasmalardan qat-qat faciəvidir.
[b]- Problemlərin olduğunu hamı bilir, nə təklif edirsiz? Bəziləri qeyd etdiyiniz sahələrin rəhbərləri - Misir Mərdanovla, Oqtay Şirəliyevin istefasını tələb edir, Siz nə düşünürsünüz? [/b]
- Təbii ki, birinci növədə bu sahəyə cavabdeh olan insanlar cəzalandırılmalıdır. Bu kürsüyə layiq olmayan adamlar da onların yerinə gətirilməməlidir. Təhsilimiz, səhiyyəmiz bərbad vəziyyətdədirsə, həmin sahəyə rəhbərlik edən nazirlər məhşər ayağına çəkilməlidir. Bəndlər uçubsa, kəndləri sel basıbsa, bəndlərə nəzarət edən qurumun rəhbəri cəzalandırılmalıdır. 20 kənd suda batsa da, cavabdeh şəxs göstərilmir.
[b]- Başqa məsələyə keçək. Qarşıdan parlament seçkiləri gəlir. Seçki ilə bağlı gözləntiləriniz nədən ibarətdir? [/b]
- Mən demirəm ki, parlament seçkiləri önəmsiz məsələdir, demirəm ki, bu seçkilərə biganəyəm. Ancaq seçkilər daşqından, seldən, yaxud da Cənubi Azərbaycanda baş verənlərdən önəmli deyil. Seçki siyasi həyatın gündəlik məsələsidir. Kimin iddiası varsa, prosesə qoşulur və çalışır ki, seçilsin. Ancaq bir var, xalq seçir, bir də var ki, kimlərsə təyin edilir. İstər SSRİ zamanı, istər müstəqillik dövründə keçirilən seçkiləri seçki kimi yox, təyinat kimi qəbul etmişəm. Çünki millətin aktivliyi öndə olmayıb, millət öz iradəsini meydana qoya bilməyib. İndiyə kimi parlament seçkiləri keçirilib, kimlərsə də deputat kimi təyin edilib.
[b]- Siz necə, seçkidə iştirak edəcəksinizmi? [/b]
- Vəziyyətə baxıb qərar qəbul edəcəyəm. Ancaq mənim həyatımın mənası nə deputat olmaq, nə vəzifə almaq, nə də şan-şöhrət arxasıyca qaçmaqdır. Mən həmişə xalqım üçün çalışmışam. İndi müxalifət deyir, bizə qoşul, filan işi elə, hakimiyyət də deyir ki, biz tərəfə gəl, yaltaqlan və s. Bunun heç birində mən yoxam. Seçkiyə gəlincə, qəti qərar verməmişəm. Hadisələrin gedişatına baxacağam, ona uyğun qərar verəcəyəm.
[b]- Hansı şəraitdə seçkidə iştirak qərarı verəcəksiniz? [/b]
- Müxtəlif səbəblər var. Əgər inansam ki, seçkilər ədalətlə keçiriləcək, onda gedə bilərəm. Ola bilər ki, daxilimdə qərar verdim ki, deputat olmaq istəmirəm. Bu mənada, hesab edirəm ki, seçki mənim üçün o qədər də önəmli deyil. Heç vaxt kürsü arsasınca qaçmamışam. Görəndə ki, indi millətin mənə ehtiyacı yoxdur, çəkilib evimdə oturmuşam. Bir məsələni də qeyd etmək istəyirəm, deputatlığa namizəd olub, bu xalqdan səs istəməyə utanıram. Çünki bunu özümə ayıb bilirəm ki, bu qədər problemi olan millətdən səs istəyəsən.
[b]- Nemət bəy, deputat olmaq istəmirsiz. Hazırda nə işlə məşğulsunuz? [/b]
- Heç bir işlə. Siz imkan versəydiniz, evimdə kitab oxuyacaqdım. Başqa bir işim yoxdur.
[b]- Bir müddət öncə bizneslə məşğul idiniz... [/b]
- Biznes deyildi, ailəni dolandırmaq üçün balaca bir iş idi. Amma ona da imkan vermədilər. Müxtəlif yollarla maneə törətdilər.
[b]- Bu maneələr aktiv siyasətə qayıdışınızdan sonra başladı? [/b]
- Xeyr. Elə işə başlayan gündən. Axırda başa düşdüm ki, mümkün deyil. Bilirsiniz, mən həyatımda baş vernləri danışsam, Azərbaycan xalqı, dövləti, hökuməti üçün başucaldıcı bir şey yoxdur. İndi ciz məni danışdırmağa çalışırsınız, amma mən danışmağa da xəcalət çəkirəm. Ancaq yəqin ki, bir gün bütün bu məsələləri çılpaqlığı ilə cəmiyyətə çatdıracağam. Düzü, mən heç vaxt öz şəxsi davamı aparmamışam. Amma elə vəziyyət yaranıb ki, gərək hər şeyi açıb ağardasan. Bunun da zamanı var.