23-05-2010 [08:07]
[b]İlyas İsmayılov: "Nə çığıranam, nə bağıranam, nə də kiminləsə yersiz çəkişənəm" [/b]
Noyabrın 7-də ölkəmizdə parlament seçkiləri keçiriləcək. Müxalif düşərgənin nümayəndələri ölkədəki seçkiöncəsi vəziyyətin anti-demokratik olduğunu, normal fəaliyyət imkanının, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırıldığını bəyan etsə də, bunun əksini düşünənlər də var. Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov müsahibəsində ölkədəki ictimai-siyasi proseslərdə qeyri-adi vəziyyətin olmadığını bildirir.
- Mən məsələyə maksimalist yanaşmağın tərəfdarı deyiləm. Utopizmdən uzağam, avantüranı da qəbul etmirəm. Hesab edirəm ki, reallıqdan çıxış etmək lazımdır. Mənə elə gəlir ki, seçkiöncəsi ölkədə qeyri-adi bir şey yoxdur. Demək olmaz ki, vəziyyət çox pisdir. Hazırda partiyaların hamısı seçkiyə hazırlaşır. Kimlərsə blok yaratmaq istəyir, bəzi partiyalar isə artıq siyahılarının hazır olduğunu bildirirlər. Seçki ilə bağlı müzakirələr gedir, ATƏT də şərtlərini irəli sürür. Arzu edərdim ki, bu təkliflər həyata keçirilsin. Yəni namizədlərə öz fikirlərini xalqa çıtdırmaq üçün həm televiziyada, həm də digər vasitələrdə yer verilsin.
[b]- Sizcə, ölkədə demokratik seçki mühiti varmı? [/b]
- Onun əksini də təkid edə bilmərəm. Hələlik seçki yoxdur. Həmin o mühit seçki vaxtı müəyyən olunacaq. O zaman necə olacaq, onu indidən söyləmək çətindir.
[b]- Bəs seçkiöncəsi vəziyyət? [/b]
- Seçkiöncəsi vəziyyəti də faciə hesab etmirəm. Düzdür, bəzi adamların həyata baxışları elədir ki, hər şeyə ancaq tənqidi yanaşırlar, müsbət olan şeyləri görmək istəmirlər. Ancaq mən hesab edirəm ki, reallıqda müsbət də, mənfi də var. Çalışmalıyıq ki, mənfi tendensiyalar aradan qaldırılsın.
[b]- Müxalifət sərbəst toplaşmaq azadlığının olmadığını deyir. Aksiya keçirmək istəyir, icazə verilmir. Bunun özü demokratiyaya zidd deyilmi? [/b]
- Demokratiyanı ancaq qanunun aliliyində axtarmaq lazımdır, kiminsə istəyinin həyata keçib-keçməməsində yox. Əlbəttə, sərbəst toplaşmaq azadlığının təmin edilməsi ilə bağlı Azərbaycanda problemlər var. Bu yaxınlarda ATƏT-in təşkil etdiyi tədbirdə də bu fikirlər səsləndi. Sonra Azərbaycan rəsmiləri ilə görüşlər olub, yəqin ki, bu məsələ də müzakirə edilib. Şəxsən hakimiyyətin yerinə mən olsaydım, müxalifətin tədbirlərinin hamısına icazə verərdim. Çünki qadağan olunan şey həmişə cazibədar olur. Taylandda mart ayından bəri kütləvi tədbirlər həyata keçirilir. Nə qədər insan tələfatı oldu, ancaq heç bir ölkə onları müdafiə etmədi. Yəni iqtidarın yerinə olsam, heç bir qadağa qoymaram.
[b]- Bəzi partiyalar seçkiyə birgə getməklə bağlı müzakirələr aparır. Sizin partiyanın funksionerləri də BQP-Ədalət-BAXCP birliyinin yaradılması təklifi ilə çıxış etmişdi. Bu barədə Sizin fikriniz necədir?[/b]
- Həmin fikri deyənlərdən biri Mütəllim Rəhimli idi. Partiyamızda sərbəstlik var, hər kəs öz fikrini deyə bilir. İndi hamı sədrin ağzı ilə danışmamalıdır ki. Mənim digər müavinim Elxan Şükürlü də belə bir təşəbbüslə çıxış eləmişdi. Yəni bu təkliflər normaldır. Əlbəttə, mənim Fazil bəyə çox hörmətim var, savadlı, gələcəyə ümid verən gənclərimizdəndir. O cümlədən Qüdrət müəllimə də böyük hörmətim var. Bəzi yoldaşlar da deyirlər ki, bir halda ki, şəxsi münasibətlər yaxşıdır, bəlkə elə seçkiyə də bir yerdə gedək. Əgər seçkiyə birgə getməyin faydası varsa, mən bunun əleyhinə deyiləm. Ancaq proporsional seçki sistemində birlik daha effektli olur. Mojaritar seçki sistemində partiyaların bloklaşmasının hansısa üstünlüyə səbəb olmasını şəxsən özüm hələ qavramamışam. 2005-ci ildə mən seçilməliydim, "exit-poll"da da mən qabaqdaydım, başqasını seçdilər, sonra ləğv olundu, 2006-cı ildə mən seçildim. Orda da müəyyən adamlar blokun namizədiydi. Görürdüm ki, blokun adından çıxış edirlər, elə bil ki, proporsional seçki sistemidir. Bilirsinizmi, majoritar seçki sisteminin bir üstünlüyü var, o da ondan ibarətdir ki, sən xalqın qarşısında öz imkanlarını açmalısan. Deməlisən ki, Milli Məclisin bu funksiyaları var, bu funksiyaları mən daha yaxşı həyata keçirə bilərəm. Yoxsa, hansısa bir blokun kölgəsində seçkiyə getmək düzgün deyil. Bu, proporsional seçki sistemində olur. Bu mənada birləşməyin indiki şəraitdə nə qədər effektli olacağını deyə bilmərəm.
[b]- Ədalət Partiyasında seçki hazırlığı hansı səviyyədədir? [/b]
- Mətbuatdan oxuyuram, müəyyən partiyalar artıq siyahılarını hazırlayıblar. Belə məsələlərdə mən həmişə fikirləşirəm. Axı, qeyd olunduğu kimi, bizdə proporsional seçki sistemi yoxdur. Əgər proporsional sistem olsaydı, sizin sualınız daha haqlı olardı. Bizdə mojaritar seçki sistemidir, hər bir kəs istəyirsə, namizədliyini verə bilər. Mən partiya üzvlərini məcbur edə bilmərəm ki, sən namizədliyini ver, yaxud vermə. Bircə onu deyə bilərəm ki, bizim partiyada parlament seçkilərində mübarizə aparmağa layiq olan həddindən çox insan var. Amma partiyanın gücü onunla müəyyənləşmir. Kim istəyir namizəd olsun, heç kimi qarşısını alan deyiləm. Əksinə, partiya olaraq, nə imkanımız var, kömək edərik.
[b]- Özünüz necə, hansı dairədən namizəd olacağınızı müəyyənləşdirmisinizmi? [/b]
- Hələlik fikrim elədir ki, deputat seçildiyim dairədən namizəd olum. Düzdür, rayona gedib-gəlmək müəyyən çətinliklər yaradır, özü də mənim dairəm üç rayonu - Tovuz, Ağstafa, Qazaxı əhatə edir. Əvvəllər düşünürdüm ki, niyə belə olsun, amma sonradan çox şad oldum ki, üç rayonun həyatı ilə tanış oldum. Hər üç rayonun insanları ilə aramızda qarşılıqlı ünsiyyət və hörmət yaranıb. Əgər başqa bir problem ortaya çıxmasa, çox güman ki, həmin dairədən namizəd olacağam.
[b]- Növbəti dəfə deputat olmaq istəyirsiniz, amma seçiciləriniz sual verə bilər ki, İlyas İsmayılov bu beş ildə nə etdi ki, yenidən deputat olmağa cəhd göstərir?[/b]
- (Gülür) O sualı verən adamlar gərək Milli Məclisin funksiyasını bilsinlər. Elə hesab edirəm ki, İlyas İsmayılov bu 4 il yarımda deputat fnuksiyasını həyata keçirdi. Yadıma gəlir ki, bir çox namizədlər müxtəlif vədlər verirdilər, öz səlahiyyətlərinə aid olmayan sözləri danışdılar, hətta elləri var idi ki, Dağlıq Qarabağ problemini həll etməyi boynuna götürürdü. Mən deputatın səlahiyyətinə aid olan bütün funksiyaları, təvazökarlıqdan kənar olsa da, həyata keçirməyə çalışmışam. Birinci qanun yaradıcılıq funksiyasıdır ki, orada fəal iştirak etmişəm. Həm qanunvericilik təşəbbüsü göstərmişəm, həm də müzakirə edilən qanunlarla bağlı təkliflərimi vermişəm. Mən həmişə əsasən hüquqi çıxış edirəm, siyasi çıxışlar etmirəm. Bəlkə də bu, jurnalistlərə o qədər də xoş gəlmir, çünki populist çıxışlar daha çox diqqəti cəlb edir.
[b]- Axı, Siz eyni zamanda siyasi partiya sədrisiz, siyasi çıxışlar da eləməlisiniz? [/b]
- Partiya sədriyəm deyə, Milli Məclisdə siyasi çıxış eləməyi düzgün saymıram. Müsahibələrimdəki fikirlərim siyasi xarakter daşıyır. Ölkədəki baş verən proseslərə fikrimi bildirirəm. Siyasət ilk növbədə qanunda ifadə olunur. Bu mənada çalışmaq lazımdır ki, həmin o siyasət qanunda düzgün olsun. Təbii ki, deputat kimi insanların problemlərinin həllinə çalışıram. Buna biganə qalmaq olmaz. Deputat sorğuları vasitəsi ilə çalışıram ki, insanların problemlərinin həll olunmasına nail olum. İndi elədiklərimin hamısını sadalamaq istəmirəm, hər halda vicdanım rahatdır ki, insanlar üçün çox şey edə bilmişəm.
[b]- İlyas müəllim, parlamentdə müxalifətçi deputatlardansınız, ancaq nədənsə bəzi müxalifətçi deputatların yanında bir qədər kölgədə qalırsınız. Yəni hakimiyyətin ünvanına sərt tənqidi fikirlər söyləyənlər arasında görünmürsünüz. Bu nə ilə bağlıdır? [/b]
- Məsələnin bu şəkildə qoyuluşu ilə razı deyiləm. Hakimiyyətin ünvanına mən də tənqidi fikirlər söyləyirəm. Sadəcə olaraq, hərənin bir mübarizə forması var. Mən fikrimi qanuna və əxlaqa uyğun normada çatdırmağa çalışıram. Həyat təcrübəm də özümü başqa cür aparmağa imkan vermir. Heç vaxt kölgədə qalan adam olmamışan, indi də kölgədə deyiləm. Nə çığıranam, nə bağıranam, nə də kiminləsə yersiz çəkişənəm, əksinə, taleyüklü məsələlərdə həmişə İlyas İsmayılovun mövqeyi var.
Büdcə layihəsi müzakir olunanda hakimiyyətin ünvanına xoşməramlı sözlər də dedim. Amma problemləri də açıq şəkildə göstərdim. Bakıda birinci, ikinci, üçüncü mikrorayonlarda yüz mindən artıq insan yaşayır. O binaların da artıq istismar müddəti başa çatıb. Odur ki, hökumət özü tikintidə iştirak eləməli, insanların evlə təmin olunmasına çalışmalıdır. Çox şadam ki, məndən sonra bu fikri çoxları müdafiə elədi. Bu, hakimiyyəti tənqid etmək deyilmi? Və yaxud biz böyük müəssisələr tikmirik, fərdi adamlar da bunu eləmirlər. İndi dövlət gərək özü bu addımı atsın və insanları işlə təmin etsin.
Mən məsələ qaldırmışam ki, bizdə çoxlu sayda uşaqlar ürəkçatışmazlığı ilə anadan olurlar. Səhiyyə Nazirliyindən mənə verilən məlumata görə, min nəfərdən on nəfəri bu xəstəliklə doğulur. Çox təəssüf ki, bizim həkimlər bu əməliyyatı edə bilmirlər, xaricilər gəlib edirlər. Bu əməliyyatın qiyməti isə 6-8 min dollar arasındadır. Çoxunun da buna imkanı yoxdur. Məsələ qaldırmışam ki, bu cür əməliyyatlar dövlət büdcəsi hesabına olsun. İki nəfərə şəxsən fərdi qaydada kömək elətdirdim. Elə sizin vasitənizlə Rövnəq bəyə təşəkkürümü bildirmək istəyirəm, xahiş elədim, şirkətin hesabına bir nəfəri əmaliyyat elədilər. Digərinə də, çox sağ olsun, Mehriban xanım kömək elədi, mən özüm də həkimlərlə danışdım, bir az güzəşt elədilər, problemi həll olundu. Təbii ki, mən bunu problemin həll yolu hesab etmirəm. Qanunvericilik dəyişikliyi olmalıdır ki, bütün bunlar dövlət büdcəsi hesabına olsun. Yəni mən nə münkündürsə onu edirəm, problemləri açıq şəkildə göstərməkdən də çəkinmirəm.
[b]- Mən daha aktiv fəaliyyəti deyirəm, yəni ən azı Pənah Hüseyn nümunəsi var... [/b]
- Hər kəsin öz yolu var. Mən nə Pənah Hüseyn ola bilərəm, nə Pənah Hüseyn İlyas İsmayılov ola bilər. Hər kəsin həyata öz baxışı, düşüncəsi, problemə yanaşması var. Pənah Hüseynə mənim hörmətim var. Sadəcə olaraq, mən başqa yolun tərədarıyam.
[b]Zaur ƏHMƏD [/b]