Müğənni Rövzən beynəlxalq musiqi festivalında böyük uğur qazanıb

img

22-05-2010 [02:14]


Xalq artisti Flora Kərimovanın sonuncu duet tərəfdaşı, gənc müğənni Rövşən Civişov Bolqarıstanda keçirilən "Discovery" beynəlxalq musiqi festivalınından böyük uğurla qayıdıb. R.Civişov Müstəqil İnformasiya Agentliyinə deyib ki, final yarışması 15-16 may tarixində Varna şəhərinin "Biçvarov" konsert salonunda baş tutub: "Müsabiqəyə qatılan 40 ölkə təmsilçisindən finalda iştirak etmək hüququnu 21 nəfər qazanmışdı. Bunlar Bolqarıstan, Türkiyə, Argentina, Rusiya, İsrail, İspaniya, Rumıniya, Sloveniya, Macarıstan, Özbəkistan, Malta, Estoniya, Moldova, Belarus və Makedoniyadan olan ifaçılar idi. 2000 və 2001-ci illərdə "Discovery"də birinci yerə çıxan Ermənistan isə bu dəfə heç finala da düşməmişdi. Yarışmanın həqiqətən obyektiv keçirildiyinin şəxsən şahidi oldum, çünki müsabiqəyə öz gücümlə, yəni kimsəyə güvənmədən qatıldım. Yalnız müəllimim Flora Kərimovanın mənəvi dəstəyinə və məsləhətlərinə arxalanırdım. Təbii ki, səhnə geyimlərimi təmənnasız olaraq hazırlayan stilist Fikrət Əliyevə də sonsuz dərəcədə minnətdaram". R.Civişov müsabiqədə azərbaycanlı olduğunu nümayiş etdirməyə çalışdığını da bildirdi: "Birinci gün çıxışlardan öncə hər kəs səhnəyə gələrək özünü təqdim etdi. Mən səhnəyə bir əlimdə Azərbaycanın bayrağı, digərində isə Qız qalasının maketi ilə çıxdım. Həmin gün "Ruh" filminin saudtrekini oxudum. Ağzımı açan kimi zaldan gurultulu alqış qopdu. Mahnını bitirəndən sonra da alqışlar uzun müddət dayanmadı. Bu məqam münsiflər heyətinin də diqqətindən yayınmadı. Axşam ziyafətində onlar özləri yaxınlaşaraq çıxışımla bağlı müsbət rəy bildirdilər". Müğənni tədbirin ikinci günü sözləri Esmeraldaya, musiqisi gənc bəstəkar Camal Cana məxsus "Bəxt ulduzum" adlı mahnını ifa edib: "Səhnəyə çıxar-çıxmaz zaldan gurultu qopdu, çünki artıq ilk gün özümə çoxsaylı pərəstişkar toplaya bilmişdim. Hətta müsabiqənin bir neçə iştirakçısı mənə tamaşa etmək üçün zala düşdü. Mahnının ortasında qavalla bir parça muğam oxumağım isə tamaşaçıları xüsusilə riqqətə gətirdi. Məni səhnədən buraxmaq istəmirdilər. Sağ olsunlar, Türkiyə təmsilçisi Fərruxu dəstəkləməyə gələnlər bayrağımızı qaldıraraq, "Azərbaycan" qışqırdılar...". Rövşən digər iştirakçıların da zəif olmadığını diqqətə çatdırdı: "Çoxları bir neçə beynəlxalq müsabiqənin laureatı, bəziləri isə "Avroviziya" finalçısı idi. Rumıniya təmsilçisi, 1-ci yerə layiq görülən Alina Eremiya da bir çox beynəlxalq müsabiqələrin qalibi olub. Bununla belə, onunla eyni mükafatlara layiq görüldüm. Hətta mənə əlavə olaraq, Avropada keçirilən bütün beynəlxalq festvalların rəhbəri yüksək artistizm və orijinal performans nümayiş etdirən ən perspektivli müğənni ödülünü də təqdim etdi. İnanın ki, bütün bunlar mənim üçün həm yuxu, həm də möcüzə kimi görünürdü. Çünki hələ yolda soyuqlamışdım. Bununla belə, öz gücümə inanaraq uğur qazana bildim". Müsabiqədən sonra çoxsaylı təkliflər aldığını bildirən müğənni münsiflər heyətinin üzvi, İspaniyada böyük bir musiqi festivalının rəhbəri tərəfindən dəvət aldığını da söylədi: "O, məni öz festivallarına dəvət etdi. Bolqariya telekanalının rəhbəri isə mənə təmənnasız "raskrutka" söz verdi. Münsiflər heytinin digər üzvü, Türkiyənin pop-kraliçası Sezen Aksunun bir sıra mahnılarının bəstəçisi və aranjemançısı Cihan Sezer isə mənə öz ölkələrində Azərbaycan xalq mahnılarından ibarət albom buraxmağı təklif etdi". Gənc müğənni bu nailiyyətinin telekanallar tərəfindən də işıqlandırılacağına ümid etdiyini, yayda isə başqa bir beynəlxalq müsabiqəyə qatılmağı planlaşdırdığını bildirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA