25 yaşlı ANS tamaşaçısı

img

17-10-2016 [15:10]


"Mən yerimdəyəm. Bura ANS-dir”. 

Bu sözləri ANS bağlanmamışdan bir müddət öncə "Hesabat” verlişinin aparıcısı Mir Şahin efirdə demişdi. Onda Mir Şahin də yerində idi, ANS-də. Əslində, bu gün ANS və Mir Şahin yenə yerindədir.Yəni, Azərbaycandadır. Amma yerində olmayan içi mən qarışıq ANS tamaşaçılarıdır.Çünki 3 aydır ki, ANS tamaşaçısı kanalı dəyişib ANS-i tapa bilmir,bağlandığını yadına salır, bir müddət sonra möcüzəyə inanırmış kimi yenidən axtarışa başlayır. Bəzən isə ANS-lə bağlı son xəbərləri öyrənmək üçün "google” sistemində axtarış verir. Və qəribə nəticələr çıxır. Bu il Azərbaycanın və ANS-in 25 illiyi tamam olur. İl qeyd eləmək adətən ölmüş insanların ölüm ilinin üstünə il gələndə yada düşür. Amma Azərbaycanda il müstəqilliyin, ANS-də isə il müstəqil Azərbaycanda doğulan kanalın doğum ilidir. Buna görə yaranış ilini görmək xoşdur. Həm də qəribə olan başqadır. 25 illik Azərbaycanda itirilən bir 20 faizlik torpaqlar olub, bir də yaranışının ilk günündən yaranan, müstəqillik sözü ilə ahənglik təşkil edən ANS-i itirmək ovqatıdır.
ANS ən çox tənqid etdiyimiz kanal olub. İstər məmur korpusu, istər tamaşaçı ordusu, istər müxalifət düşərgəsi ilk növbə də ANS-ə şikayət və ANS-dən şikayət edib. Amma 3 aydır ANS-in tamaşaçıları bu kanalı nə keçmişdə görmək istəyir nə də şikayət etmək istəmirlər. Sadəcə olaraq, yenə ANS-i axtarırlar.Yadıma elə ANS-də Mir Şahinə müsahibə verən mərhum prezident Əbülfəz Elçibəyin bu sözləri düşdü:”Əlinizə fağır bir prezident düşmüşdü. Soldan da döşüyürdünüz, sağdan da döşüyürdünüz. Kef eləyirdiniz”... Bu gün tamaşaçı olaraq bu sözlərin improvizə olunmuş formasını demək istəyirəm:”Əlimizə bir kanal düşmüşdü. Dərdimizi də bu kanala deyirdik, əsəbimizidə elə bu kanalın üstünə tökürdük”. Görünür buna görə ANS haqqında keçmiş zamanda danışmaq istəmirik.

ANS bağlanmamışdan öncə müzakirələr aparırdıq. Məsələn, deyirdik ki, Azərbaycan efirində ilk dəfə ütələk-ütələk danışan Mir Şahin olsa da indi əksər aparıcılar belə danışır. Amma ANS bağlanandan sonra gördük ki, Mir Şahin ütələk-ütələk danışanda sadəcə olaraq, daha çox söz demək istəmirdi, daha çox düşündürməyə çalışıb, inkar edilməz məntiqi tamaşaçıya çatdırırdı. Deyirdik ki, Vahid Mustafayev Azərbaycan efirində ilk dəfə qaça-qaça çəkilişlər edirdisə,indi hamı belə edir. Amma ANS bağlanandan sonra gördük ki, Vahid Mustafayev qaça-qaça cəbhə xəttindən xəbərləri çatdırırdı. İndikilər isə qaça-qaça hansısa müğənninin gülüşünü çəkməyə çalışırlar. Məhz aradakı fərqi ANS-i kanalların sırasında tapa bilməyəndən sonra görmək mümkün oldu.

ANS-in isə bağlanmasından 3 ay, açılışından isə 25 il keçir. Sizcə, hansını qeyd eləmək daha doğru olar? Şəms Təbrizi deyərdi: "Qapıları sona qədər açın ki, özünüz ola biləsiniz”. Məncə 3 ayı qeyd eləmək 25 illik keçmişə, həm də Azərbaycanın müstəqilliyinə uyğun gəlməz. Həm də Azərbaycanın dövlət başçısı hər zaman bağlı qapıları açma yolu tutan lider kimi qəbul olunub. Bu dəfə də belə olar. 25 illik keçmişə və 26-cı ilə isə salamlar.

Turan Yavuz

Digər xəbərlər
SON XƏBƏRLƏR