Hakimiyyəti dəyişdirməyə cəhd edənlərlə bağlı sərt cəza - Qanun parlamentdə

img

13-10-2016 [11:27]


Azərbaycanda dini fanatizm və radikalizm zəminində məcburi dini etiqada, dini mərasim keçirməyə, dini cərəyana qoşulmağa, dini təhsil almağa vadar etməyə görə sərt cəzalar tətbiq olunur.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında Cinayət Məcəlləsinə dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması halları ilə bağlı təklif edilən dəyişikliklər müzakirə edilib.

Bununla bağlı Cinayət Məcəlləsinə yeni 167-1.4 maddəsinin əlavə edilməsi təklif olunur. Təklif olunan maddəyə əsasən, dini düşmənçilik, radikalizm və ya fanatizm zəminində şəxsi hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə , dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur edən şəxslər 7000 manatdan 9000 manata qədər cərimələnəcək və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum ediləcək.

Maddə 167-1.2.-ə təklif edilən dəyişikliyə görə, şəxsi hər hansı dini quruma üzv olmağa məcbur etmə və ya şəxsin üzv olduğu dini qurumdan çıxmasına mane olma 5 min manatdan 10 min manata qədər cərimə və ya 5 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Azərbaycanda dini fanatizm və dini düşmənçilik zəminində hakimiyyətin zorla ələ keçirilməsi, Konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanmasına xüsusi cəzalar, o cümlədən ömürlük həbs cəzası təklif olunur.
Cinayət Məcəlləsinə salınması təklif edilən 278.2 maddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsi 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Layihələr Milli Məclisin plenar iclasına tövsiyə edilib.


*** 

İiclasda İnzibati Xətalar Məcəlləsinə yeni 517-1 maddəsinin əlavə edilməsi müzakirə olunub. Maddəyə əsasən Azərbaycanda dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılması zamanı hüquqi rejimin tələblərini pozanlar-əməliyyat ərazisində giriş-çıxışa mane olanlar, ərazidən lazım olduğu təqdirdə köçürülmə tələblərinə tabe olmayanlar, nəqliyyat vasitələrin yoxlanmasına mane olanlar, yoxlanışlardan imtina edənlər və sair hərəkətlərə yol verənlər cəzalandırılacaq. Bildirilir ki, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında nəqliyyat vasitələrinin, piyadaların hərəkətini müvəqqəti məhdudlaşdıran və ya qadağan edən tədbirlərin tətbiqinə, ərazinin müəyyən sahələrinə, obyektlərə nəqliyyat vasitələrini, piyadaları buraxmamağa maneçilik törətməyə görə, fiziki şəxslər 50 manatdan 80 manata qədər cərimə olunacaq, işin halları və pozuntu törədəninin şəxsiyyəti nəzərə alınmaqla bu cəzanın tətbiqi kifayət etmədikdə 15 günədək inzibati həbs ediləcəklər. Vəzifəli şəxslər 450 manatdan 600 manata qədər, hüquqi şəxslər isə 2000 manatdan 3000 manata qədər cərimələnəcəklər. Eyni cəzalar dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər olmadan, onların günün müəyyən edilmiş vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmasına görə də tətbiq ediləcək. Maddəyə əsasən eyni cəzalar dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasına giriş və ya bu zonadan çıxış zamanı fiziki şəxslərə, onların əşyalarına, nəqliyyat vasitələrinə və ya nəqliyyat vasitələrində olan əşyalara texniki vasitələr tətbiq etməklə baxış keçirməyə maneçilik törətməyə görə də tətbiq edilməlidir. Qeyd olunan cəzalar eyni zamanda dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması məqsədi ilə fiziki şəxslərin mənzilinə və digər yaşayış yerlərinə, onların torpaq sahələrinə, nəqliyyat vasitələrinə, habelə mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə daxil olmağa maneçilik törədilməsinə görə tətbiq olunacaq. Maddədə digər buna bənzər hallara görə də eyni cəzaların tətbiq olunması təsbit olunub. Həmçinin qeyd olunur ki, Azərbaycanda müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan məsafədən idarə edilən pilotsuz uçuş aparatlarının (PUA) əldə edilməsi və ya satılmasına görə həmin aparatlar müsadirə edilməklə, 150 manatdan 300 manatadək məbləğdə cərimə tətbiq ediləcək. 

 Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA