"O, prezident seçilər, mən də olaram birinci vitse prezident" - Partiya sədri

img

11-10-2016 [14:58]


"Növbədənkənar seçkilərin keçiriləcəyi ilə bağlı yayılmış xəbərləri mən də oxumuşam. Ancaq YAP rəsmisi bu xəbərlərin həqiqət olmadığını açıqladı. Bildirdi ki, bu, prezidentin rəsmi səlahiyyətində olan bir məsələdir. Biz də 2018-ci ildə keçiriləcək seçkilərə ciddi hazırlaşırıq. Prezident seçkilərinə hazırlaşdığımıza görə parlament seçkilərində iştirak etmədik. Onu da oxumuşam ki, Qəmbərov İsa da namizədliyini verməyə hazırlaşır”.

Bunu Moderator.az -a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Hafiz Hacıyev daha sonra İsa Qəmbərin prezident seçkilərində namizədliyini verəcəyi ilə bağlı yayılmış xəbərlərə münasibət bildirib: "Qəmbərov İsa kimi satqınlar namizdəliklərini verməyə hazırlaşanda Hafiz Hacıyevin qarşısında duruş gətirməklərini fikirləşməlidirlər. Düşünməlidirlər ki, bu seçkidə Hafiz Hacıyev də iştirak edəcək və Azərbaycanın növbəti prezidenti qardaşından sonra Hafiz Hacıyev olacaq. Qoy desinlər ki, biz sülaləyik, hakimiyyəti bir-birimizə ötürürük, bundan peşman da deyilik. Bu sözləri də həzm etməyə hazırıq. Nə qədər ki, Hafiz Hacıyev Azərbaycanda var, siyasətdə var, Qəmbərov İsalar, böyür-başındakı tör-töküntülər heç vaxt Azərbaycanda "JEK” müdiri də ola bilməyəcəklər. Qoy bəri başdan Qəmbərov İsa özünə bir gün ağlasın. Arzu edərdim ki, versin namizdəliyini, hər halda Həsənov Cəmildən pis günə salıb, teledebatlarda qulağını kəsib yola salaram”.

Partiya sədri İsa Qəmbərə olan nifrətinin səbəbini də açıqlayıb: "Bunları ona görə deyirəm ki, Qəmbərov İsa kimi bir xəyanətkar Əbülfəz Elçibəyin qədrini bilməyən, Azərbaycan milli hakimiyyətini devirən bir adamı ikinci dəfə hakimiyyətə gətirmək olarmı?! Əlbəttə ki, bu, qətiyyən mümkün deyil, biz bunun davasını aparırıq, əqidə, ideya davası döyürük.
Qoy Qəmbərov İsa, onun Hacıyev Arifi versin, bir dəfə televiziyada döydüyüm, indi adını çəkmək istəmədiyim onların bərkgedəni də versin, kim verir versin. Orada ki, Hafiz Hacıyev var, heç nəyə ehtiyac yoxdur, xalqa etdikləri pisliklərin, xəyanətlərin layiqli cavabını alacaqlar. Onları Azərbaycanın siyasi səhnəsindən silmişəm, bu dəfə isə onları siyasi meyit kimi qəbirə basdırmalı olacam.
Qəmbərov İsa düşünsün ki, Hafiz Hacıyevlə hansı üzlə mübarizə aparacaq. Qoy bunu fikirləşib namizədliyini versin”.

Hafiz Hacıyev sonda vitse - prezident olmaq arzusunu da dilə gətirib: "Partiyamız hər zaman seçkilərə hazırdır, öz işimizi bu ruhda qurmuşuq və axıra qədər də belə gedəcəyik. İmkan verməyəcəm ki, Azərbaycanda xəyanətkar qüvvələr hakimiyyətə gəlsin. Hər halda bu gün qardaşım prezidentdir, hələ 2018-ci ilə qədər vaxtı var. Əgər özü yenidən məsləhət bilib prezident seçkilərinə getsə, qardaşı da onun yanında olacaq. O, prezident seçilər, mən də olaram birinci vitse prezident. Əsas odur ki, qardaşı onun yanında olar, ətrafındakı dələduzları, rüşvətxor nazirləri təmizləməkdən ötrü ona ciddi köməklik edər. Xalq arasında daha böyük nüfuz qazanar və bundan sonra da neçə illər Azərbaycan hakimiyyətinin idarə edilməsində iştirakçı ola bilərik.

Bu referendumdan sonra düşünürəm ki, qardaşım çox böyük islahatlar aparacaq, aparmaması da mümkün deyil. Ona görə ki, prezidentin bu gün ətrafında olan məmur təbəqəsi ona hər gün, hər dəqiqə, hər saat yalan danışır. Uzun illərdir etdikləri xəyanətlərin üstü açılmasın deyə bütün variantlara əl atırlar. Əlbəttə ki, hakimiyyət daxilində Qəmbərov İsaya dəstək verən qızışdırıcı qüvvələr var. Düşünürəm ki, bunların hamısı artıq əbəsdir, harda ki, mən varam, dövlətə xəyanət edən ünsürlərin ölkəyə rəhbərlik etməsinə imkan verməyəcəm.”


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA