Müsavat Partiyasının Məclisin mayın 2-də toplazacaq

img

19-04-2010 [06:58]


Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə olunub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, gündəliyin partiyadaxili məsələlər bölümündə rayon təşkilatlarının vəziyyətinə dair arayışın təqdimatı başa çatdırılıb. Divan həmin məlumatları nəzərə alıb və gələcək fəaliyyətdə həmin sənəddən yararlanmağı tövsiyyə edib. Partiya Məclisinin 02 may 2010-cu il tarixində keçiriləcək növbəti sessiyasının gündəliyi ilə bağlı müzakirələr aparılıb və layihə əsas kimi qəbul edilib. Daha sonra 14 aprel 2010-cu il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında sərbəst toplaşmaq azadlığının təmin edilməsi tələbi ilə keçirilmiş etiraz piketinin nəticələri müzakirə edilib. Divan piketin məqsədlərinə çatdığını qeyd edib, onun təşkilatçılarına və iştirakçılarına təşəkkür elan edib. Piketin qarşısının alınması zamanı yol verilmiş polis zorakılığına və bu məqsədlə mülki geyimli insanların cəlb edilməsinə kəskin etiraz edilib. Qeyd edilib ki, kütləvi aksiyaların qarşısının alınması zamanı polisin mülki geyimli şəxslərdən istifadə etməsi ciddi qanun pozuntusudur, bir də belə hal təkrarlanarsa, Müsavat Partiyası müvafiq qurumlara müraciət edəcək. Daha sonra növbəti kütləvi aksiyalar barədə müzakirə aparılıb. Kütləvi aksiyaların davam etdirilməsi qərara alınıb və keçiriləcək növbəti kütləvi aksiyanın növü və vaxtının işçi qaydada məsləhətləşmələr aparıldıqdan sonra müəyyənləşdirilməsi nəzərdə tutulub. Ötən il Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş dəhşətli terror hadisəsinin ildönümü və bu məqsədlə planlaşdırılan aksiyalarla əlaqədar fikir mübadiləsi aparılıb, hakimiyyətdən həlak olanların xatirəsinə sayğı ilə yanaşmaq tələb edilib. İctimai-siyasi vəziyyətə dair məsələnin müzakirəsi zamanı əsas diqqət bu yaxınlarda Vaşinqtonda keçirilmiş Nüvə Təhlükəsizliyi Sammiti və Azərbaycanın bu tədbirə dəvət olunmamasına yönəlib. Qeyd edilib ki, iqtidarın yürütdüyü yarıtmaz siyasət ucbatından ölkəmiz ciddi beynəlxalq proseslərdən təcrid olunur ki, bu da Qarabağ danışıqlarının gərginləşdiyi bir dövrdə milli mənafeyimizə ziddir. Divan Vaşinqtondakı Sammitdə Qarabağla bağlı müzakirələr zamanı Türkiyənin Azərbaycanın mənafelərini prinsipiallıqla müdafiə etdiyini qeyd edib, buna görə qardaş ölkəyə minnətdarlığını bildirib. Müsavat Partiyası Türkiyənin bu həssas dönəmdə prinsipial mövqeyinin davam edəcəyinə və Türkiyə-Azərbaycan birliyinin daha da güclənəcəyinə inandığını bəyan edib. Əliyevlərin Dubay mülkləri haqqında məsələnin müzakirəsi davam etdirilib. Qeyd edilib ki, bu məsələ ilə əlaqədar Müsavat Partiyasının Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə və Mərkəzi Seçki Komissiyasına ünvanladığı rəsmi sorğulara hələ də cavab verilməyib. Divan qeyd edib ki, əgər həmin qurumlar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə partiyanın sorğusuna cavab verməsə, bu haqda müvafiq orqanlara şikayət veriləcək. Eyni zamanda həmin məsələ ilə əlaqədar Vergilər Nazirliyinə də müvafiq sorğu göndərilməsi qərara alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA