18-04-2010 [05:17]
[b]Həsən Kərimov: "Azərbaycan xalqı bir qığılcıma bənddir. Həmin o qanlı hadisələr, qarşıdurmalar burada da təkrarlana bilər" [/b]
Artıq qəti şəkildə demək olar ki, müxalifət 2010 parlament seçkilərində vahid qüvvə şəklində iştirak edə bilməyəcək. Müxalif düşərgə iki cinahda - "Azadlıq" bloku, onun müttəfiqləri və Müsavat, onun müttəfiqləri formatında seçkiyə gedir. "Azadlıq" bloku isə hakimiyyət qarşısında zəif düşməmək üçün namizədləri birgə dəstəkləmək təklifini irəli sürüb. Sözügedən bloka daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclis sədri Həsən Kərimov hazırkı situasiyada bu təklifin uğurlu olduğunu deyir:
- Biz müxalifətin seçkiyə vahid blokda getməsinin tərəfdarıydıq və bu istiqamətdə müəyyən səylər göstərdik. Bu gün də həmin istiqamətdə işləri davam etdiririk. Təəssüflər olsun ki, göründüyü kimi, bu, alınmır. Müxalifət seçkidə iki blokda təmsil olunacaq. Biz Müsavat Partiyasını da "Azadlıq" blokunda görmək istəyirdik, amma onlar yalnız AXCP ilə əməkdaşlıq etmək istədiyini bəyan etdi. Biz isə müttəfiqlərimizə sadiq qaldıq. Ona görə də birgə fəaliyyət alınmadı. Amma ilkin razılıq var ki, müxalifət ayrı-ayrı bloklarla seçkiyə getsə də, səsləri parçalamamaq naminə dairələrdə vahid namizədi dəstəkləməklə bağlı qərar verək. Bütövlükdə buna nail olmasaq da, əsasən əksər dairələrdə bunun rellaşması üçün əlimizdən gələni edəcəyik.
[b]- Yəni elə dairə ola bilərmi ki, orada Müsavatın namizədini dəstəkləyəsiniz?[/b]
- Mümkündür. Elə dairə ola bilər ki, Müsavat Partiyası orada bizim namizədi dəstəkləsin. 2005-ci ildə də bir dairədən iki namizəd olurdu və belə olanda praymeriz keçirirdik. Praymerizin nəticəsinə görə, namizədlərdən biri geri çəkilirdi.
[b]- Bəs, hər iki tərəfdə bir-birinə güzəştə getməyəcək namizədlər olsa, necə? [/b]
- Buna bəri başdan fikir bildirmək çətindir. Gəlin, prosesləri qabaqlamayaq. Amma belə bir hal baş verərsə, hər iki namizəd partiyaların qərarlarına tabe olmayacaqlarsa, onda partiya rəhbərliyi öz namizədi barədə fikirləşməlidir.
[b]- Həsən bəy, ötən müsahibənizdə müxalifətin vahid birliyinin baş tutmamasında təqsirli olanların adlarını çəkəcəyinizi bildirmişdiniz, indi deyə bilərsinizmi?[/b]
- Hələlik heç kimi ittiham etmək fikrim yoxdur. Hələ kartlar bir dəfəlik çırpılmayıb. Hazırda bu istiqamətdə aparılan danışıqlara nöqtə qoyulmayıb. Seçkilərə hələ uzun müddət var, namizədlərin müəyyənləşməsinə də var. Ona görə də kimisə ittiham etmək, günahlandırmaq hələ tezdir.
[b]- Müxalifətin iki blokla seçkiyə gedəcəyi demək olar ki, məlumdur. "Azadlıq" blokunun müxalifətdəki opponenti Müsavatla DUİ birliyidir. Onların perspektivini necə görürsünüz? [/b]
- Mənim Müsavata münasibətim həmişə müsbət olub. Müsavatı Azərbaycanın aparıcı partiyalarından biri kimi qəbul etmişəm. Amma DUİ-nin tərkibi məni bir qədər də qane etmir. Amma oradakı KXCP-yə münasibətimiz müsbət olub. Bilirsiniz ki, KXCP ilə danışıqlar apardıq. Orda KXCP ilə normal əlaqələr qurmaq, seçkidə birgə iştirak mümkün idi. Təəssüflər olsun ki, bu da baş tutmadı, özləri bilər. Əgər "Azadlıq" bloku ilə dairələrdə namizədlərə güzəştlər olacaqsa, təbii ki, Müsavatla yanaşı, KXCP və DUİ də o tərkibdə olacaq.
[b]- Bəs, AXCP-nin ayrılıqda seçki hazırlığı hansı səviyyədədir, namizədlərin müəyyənləşməsi prosesi gedirmi?
[/b]
- Bəli, bu istiqamətdə lazımi işlər görülür. Amma hesab edirəm ki, bu barədə mətbuata açıqlama vermək hələ tezdir. Partiyanın 80-ə yaxın dairədə namizədi hazırdır. Rayon şöbələrinə müvafiq göstərişlər verilib, Rəyasət Heyətinin bütün iclaslarında seçkiyə hazırlıq məsələləri müzakirə olunub.
[b]- Parlament seçkilərində liderlərin seçkiyə namizəd kimi qoşulması diqqət mərkəzində olur. Əli Kərimlinin namizədliyinin irəli sürülüb-sürülməyəcəyi qətiləşibmi? [/b]
- Mənə elə gəlir ki, əgər partiya seçkidə iştirak edirsə, lider də həmin seçkidə iştirak etməlidir. Fikrimcə, Əli bəy seçkilərə qatılacaq.
[b]- Müttəfiqiniz ALP lideri Lalə Şövkət namizəd olmayacağını bəyan edib... [/b]
- Bu, Lalə xanımın öz qərarıdır. Bu mənada biz də onun qərarına hörmətlə yanaşırıq.
[b]- Liderlərin prosesdən kənarda qalması ümumi əhval-ruhiyyəyə təsir etmirmi? [/b]
- Təbii ki, müəyyən mənada sıravi partiya üzvlərinə təsiri var. Əgər partiya lideri seçkiyə şəxsən qatılmırsa, bunu əsaslandırmalıdır. Ancaq AXCP lideri Əli Kərimli bu günə kimi heç bir bəyanatla çıxış etməyib ki, seçkilərə qatılmayacaq. Əksinə, həmişə seçki məsələsini gündəmə gətirib, partiya strukturlarına seçki ilə bağlı bütün tapşırıqlar verilib. Partiyanın bütün fəaliyyət istiqamətləri də seçkiyə hazırlıqla bağlıdır.
[b]- Bu dəfəki seçkiöncəsi vəziyyət 2005-dən xeyli fərqlənir, yəni bir qədər passivlik hökm sürməkdədir. Bu barədə fikrinizi öyrənmək istərdik... [/b]
- Öncə onu qeyd edim ki, 2005-ci ildə Seçki Məcəlləsi nə dərəcədə də mürtəce olsa, Azərbaycan müxalifəti özündə güc tapdı və 21 mayda icazəsiz mitinq keçirdi. Ondan sonra hakimiyyət birmənalı şəkildə kütləvi aksiyaların keçirilməsinə şərait yaratdı. Televiziya imkanlarının məhdud olmasına baxmayaraq, müəyyən mənada təbliğat-təşviqat kampaniyası da aparılırdı. 2005-ci ildə də "Azadlıq" bloku kifayət qədər səs aldı. Hakimiyyətin özü etiraf elədi ki, "Azadlıq" bloku 300 mindən çox səs toplayıb. Əlimizdə olan 62 dairənin protokolunun nəticələrinə görə, bizim namizədlər qalib gəlmişdi. Təəssüflər olsun ki, hakimiyyət bildiyini elədi və həmin namizədlərin parlamentdə təmsilçiliyinə mane oldu. 2005-ci ildən sonra həm müxalifətin özündə, həm cəmiyyətdə passivlik yarandı. Ondan sonra müxalifətə piketlərin və mitinqlərin keçirilməsinə ümumiyyətlə, qadağa qoyuldu. Müxalifətin aparıcı simalarının televiziya ekranlarına buraxılmaması da cəmiyyətdə elə təəssürat yaratdı ki, guya müxalifət yoxdur. Yəni ötən seçkidən fərqli olaraq, hakimiyyət 2010-da daha mürtəceləşib, daha sərtləşib. Amma bütün bu sərtliklərə baxmayaraq, müxalifət özündə güc tapacaq və yenə də mitinqlərə start verə biləcək.
[b]- Vəziyyət daha da kritikləşərsə, hakimiyyət bu əngəlləri daha da artırarsa, boykot yolu tutula bilərmi?[/b]
- Hakimiyyət müxalifəti daha da küncə sıxışdırarsa, təbliğat kampaniyasının aparılmasına imkan verməzsə, televiziya imkanlarından məhrum edərsə, boykota gedilə bilər.
[b]- Amma 2008-də boykot yolu elə də effekt vermədi... [/b]
- Doğrudur, boykot taktikası da müəyyən bir dövr üçün effekt verir. Təbii ki, bəzən bu taktika ilə istəyə tam nail olmaq mümkün olmur. Ona görə müxalifət çalışmalıdır ki, seçkilərə qatılsın və verilən qısa təbliğat imkanlarından maksimum istifadə eləsin, ictimaiyyətlə təmasda olsun. Hesab edirəm ki, bu taktika daha yaxşı effekt verə bilər.
[b]- Seçki Məcəlləsi ilə bağlı müxalifətin bir sıra tələbləri var. Amma hakimiyyət bu istiqamətdə hər hansı addım atmaq fikrində deyil. Müxalifət qanunvericiliyin dəyişdirilməsini istəsə də, Əli Həsənov hər hansı bir dəyişikliyin olmayacağını deyib... [/b]
- Hakimiyyətin mövqeyi aydındır. Neçə illərdir ki, bu komanda hakimiyyətdir və hakimiyyətdə olduqları dövürdə də öz sosial bazalarını itiriblər. Əgər Azərbaycanda 50 faiz azad, ədalətli seçkilər keçirilsə, mitinqlərə imkan yaradılsa, televiziyada qısaca təbliğat imkanı verilsə, bu hakimiyyətin sonu gələcək. Hakimiyyətdəkilər də bunu çox gözəl başa düşürlər. Hakimiyyət bu günə kimi verdiyi vədlərin heç birini yerinə yetirməyib, ölkədə sosial vəziyyət getdikcə ağırlaşır, Qarabağ ətrafında aparılan danışıqlarda heç bir uğura nail olunmayıb, yalandan 70-ci illərdə olduğu kimi, "pripiska" ilə məşğul olurlar ki, bu da hakimiyyəti gözdən salır. Ona görə də Əli Həsənovun fikri başa düşüləndir. Çünki bilirlər ki, azad və ədalətli seçkilər bu hakimiyyətin sonu deməkdir. Bütün gücləri ilə çalışırlar ki, Seçki Məcəlləsinin dəyişdirilməsinə, sərbəst toplaşmaq azadlığının təmin olunmasına, demokratik seçki şəraitinin yaradılmasına mane olsunlar. Amma artıq dünya Azərbaycandan demokratikləşmə tələb edir. Son dövürlə beynəlxalq təşkilatların verdikləri bəyanatlarından da görünür ki, artıq onlar da Azərbaycan hakimiyyətinin yeritdiyi siyasətə "dur" deməyə çalışırlar. Mənə elə gəlir ki, 2010-cu ildə seçkilərə diqqət əvvəlki illərdən bir qədər artıq olacaq.
[b]- Yəni 2010 seçkilərini demokratik dəyişikliklərə keçid kimi dəyərləndirirsiniz? [/b]
- Bəli, 2010-da demokratik dəyişikliklər üçün cəhdlər olacaq. Azərbaycan hakimiyyəti demokratikləşmə cəhdlərinə bu dəfə də fikir verməyəcəksə, sübut olunacaq ki, hakimiyyət həm ölkə, həm də beynəlxalq ictimaiyyəti aldatmaqla məşğuldur, beynəlxalq təşkilatlar qarşısında götürülən öhdəliklər yalançılıqdan başqa bir şey deyil. Bu cür hakimiyyətin səhnədən getməsi üçün Azərbaycan müxalifətinin yetərincə imkanları var. Sadəcə olaraq, Azərbaycan müxalifəti demokratik, azad və ədalətli seçkilər yolu ilə hakimiyyətə gəlmək istəyir.
Biz, Qırğızıstan yolunu seçmək istəmirik. Azərbaycan xalqı bir qığılcıma bənddir. Həmin o qanlı hadisələr, qarşıdurmalar burada təkrarlana bilər. Ancaq Azərbaycan müxalifəti bu yolu tutmaq fikrində deyil. Mənə gelə gəlir ki, Azərbaycanda bugünkü rejimə alternativ müxalifət formalaşıb. Sadəcə olaraq, dəyişikliklərin zamana ehtiyacı var, bu, sabah da, bir il, iki il sonra da ola bilər. Ancaq onu deyə bilərəm ki, bu zaman kəsiyi artıq daralıb.
[b]Zaur ƏHMƏD[/b]