ilhamə Quliyeva öz adına açdığı mərkəzlə bağlı açıqlama verdi

img

16-04-2010 [07:56]


Türkiyənin İstanbul şəhərində xalq artisti İlhamə Quliyeva adına Azərbaycan-Türkiyə Mədəniyyət Mərkəzinin açlıması haqda artıq məlumat vermişdik. Qardaş ölkədən geri dönən sənətkar jurnalistləri ətrafına toplayaraq, onlara bu haqda ətraflı məlumat verdi: "Sağ olsunlar, bu işdə baş konsul Səyyad Aran və Sərxan Kərəmoğlu böyük dəstək göstərdilər. Yeri gəlmişkən, Sərxan bu mərkəzin direktoru vəzifəsini icra edəcək. O, 6 aydır ki, İstanbula köçüb, amma artıq böyük nüfuz əldə edə bilib. Açılışa Türkiyənin ən mötəbər şəxsləri, 500-dən çox insan gəlmişdi. Böyük sənətkar Bülent Ərsoy isə öz nümayəndəsi ilə mənə gül dəstəsi göndərmişdi. Həmin gün İzmirdə konserti olmasa idi, tədbirə o, şəxsən gələcəkdi. Çünki Bülent xanım mənim sənətimin pərəstişkarıdır, "Pop-star alaturka" yarışmasında münsif olarkən dəfələrlə adımı çəkib". İ.Quliyeva sənətkara sağlığında qiymət verilməsinin vacibliyini də vurğuladı: "Mən sağ ikən adıma mərkəzin açılmasına hər kəsin normal yanaşmasını istərdim. Məncə, biz buna layiqiq. Amma buradakı həmkarlarımdan təbrik sözləri eşitmədim. Bir neçə ay öncə mənə "Türk sənət dünyasının kraliçası" adı veriləndə də, təbrik edənlər çox az oldu. Biz özümüz-özümüzə ögey münasibət göstəririksə, başqalarından nə gözləyək? İnşallah, mərkəzimizdə sənət, elm adamlarının yaradıcılıq gecələri keçiriləcək. İmkan daxilində bu gecələrdə şəxsən iştirak etməyə çalışacağam. Amma ayrı-seçkilik olmayacaq, yəni mərkəzimizdə mənimlə yaxşı münasibətdə olmayanlar da öz gecələrini keçirə bilərlər. Əsas odur ki, buna tələbat olsun. Mərkəzimizin Ankara filialının açılışı da nəzərdə tutulub. Özüm də çoxsaylı təkliflər almışam. Türkiyədə çox istəyirlər ki, mən orada yaşayıb yaradım. Amma mən Vətənimə bağlıyam. Çox güman, Türkiyədə konsertim də olacaq. Burada isə yaradıcılığımın 45 illiyi münasibəti ilə hesabat konserti verməyi düşünürəm". İlhamə xanım anası Tükəzban İsmayılovanın və atalığı Həbib Bayramovun da xatrəsinə onların yaşadığı binaya barelyef vurdurmaq arzusunda ollduğunu da dilə gətirdi: "Həbib müəllim 16, anam isə 2 ilə yaxındır rəhmətə gedib. Onlarla bağlı müəyyən işlərə Mədəniyyət və Turizm Nazirliyi təşəbbüs göstərməliydi. Belə getsə, çox gözləyəcəyik. Buna ömrüm çatmaz. Odur ki, bu işi özüm etməli olacağam".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA