11-04-2010 [06:10]
"Evrovizion-2010" beynəlxalq musiqi yarışmasının keçiriləcəyi vaxtda az qalır. Azərbaycanı bu müsabiqədə Səfurə Əlizadə təmsil edəcək. Özü də "Drip Drop" mahnısı ilə. Görəsən, Azərbaycan bəstəkarlıq məktəbi belə bir müsabiqədən niyə kənarda qalır? Bəstəkar Nailə Mirməmmədli ilə söhbətə bu mövzudan başladıq.
- "Evrovizion" mahnı müsabiqəsinə iştirakçıları necə seçirlər? Harda seçirlər? Ümumiyyətlə, o seçim necə aparılır? Şəxsən, bu gün gündəmdə olan bəstəkar kimi mənim bundan xəbərim yoxdur.
[b]- Ümumiyyətlə, bunun üçün bəstəkarlara müraciət olunmalıdı, yoxsa təşəbbüs həmkarlarınızdan gəlməlidir?
[/b]
- Biz desək də, deməsək də, müsabiqə təşkilatçıları mütləq mənada Azərbaycan bəstəkarlıq məktəbinin peşəkar nümayəndələrinə müraciət etməlidirlər. Hanı, gəlin görək o müraciət nə vaxt olub, yaxud da hansı bəstəkara edilib? Bircə bəstəkarın adını çəkin ki, o, məhz bu təşkilatçılardan təklif alsın. Yoxdur. Əslində isə həmin adamlar bəstəkarlara müraciət etməli və deməlidirlər ki, filankəs, "bu müsabiqəyə uyğun mahnı yazmaq sizin öhdənizdədir". Digər tərəfdən, onların müraciətində mahnı mətni haqqında bəndlər olmalıdır. Yəni, dövlət bəstəkarlara yol göstərib, məsləhət verməlidir. Deməlidir ki, "Evrovizion" musiqi yarışmasına məhz bu janrda mahnı bəstələnib və ona uyğun klip versiyası çəkilməlidir. Hamını bir sual düşündürməlidir ki, görəsən, kim seçilsə yaxşı olar? Səhnəni fəth edəcək mahnı oxunmalıdır. Bu kimi lazım olan problemlər bəstəkarlara əvvəlcədən deyilməlidir. Amma demirlər, heç kəs də məsləhət vermir. Bilirlər ki, mahnıda nöqsan var, amma yenə də səslərini çıxarmırlar.
[b]- Susmaqda məqsəd nədir? [/b]
- Çünki bu musiqi yarışmasının öz dəstəsi var. Biz istəsək də onların dəstəsində təmsil oluna bilmərik. Amma bizim üçün fərq etməz, necə olursa-olsun, kim oxuyursa-oxusun qalibiyyət Azərbaycanın adınadır. Əsas odur ki, beynəlxalq musiqi yarışmasında təmsil olunuruq.
[b]- Həmin yarışmada ifa ediləcək "Drip Drop" mahnısının başqa ölkələrdə yazılması Azərbaycan bəstəkarlıq məktəbinə təhqir deyilmi? [/b]
- Bilmirəm, hər halda camaatın ağzını yummaq olmaz. Bunu hərə öz səviyyəsinə görə başa düşür. Bəziləri düşünür ki, guya biz yazırıq, amma müsabiqənin münsiflər heyəti həmin musiqini bəyənmir. İnanın, belə düşünənlər daha çoxdur. Bəstəkarları bu qədər aşağılamaq olmaz. Heç olmasa, bu barədə efirdə deyilməlidir. Yarışmanın təşkilatçıları bütün günü efirlərdədir. Niyə demirlər? Bəlkə deyəcəklər ki, Nailə Mirməmmədliyə, Cavanşir Quliyevə, Vaqif Gərayzadəyə müraciət etmişik, amma bizim istədiyimiz tələblərdə mahnı yaza bilməyiblər. Qoy desinlər də. Azərbaycan bəstəkarlıq məktəbinə nəyə görə müraciət etməmələrinin səbəblərini qoy açıqlasınlar. O zaman ictimaiyyət də bilər ki, bu məsələdə bəstəkarların günahı yoxdur.
[b]- Yarışma təşkilatçılarının mətbuata verdiyi açıqlamada deyilir ki, "qapımız yerli bəstəkarların üzünə açıqdır. Konkret olaraq, heç kəsə müraciət etməmişik. Müsabiqəyə isə mahnı təqdim edən yoxdur...".[/b]
- O hansı qapıdır? O qapı harada yerləşir? Siz nə vaxt dediniz, biz yazmadıq? Axı, bu qədər qarayaxma olmaz. Peşəkar bəstəkar üçün mahnı yazmaq bu qədər çətindir ki? Elə götürək Araşın Aysellə "Evrovizion"da oxuduğu "Həmişə" mahnısını...
[b]- Bu mahnı Sizi qane etmişdi? [/b]
- Nə vardı o mahnıda? Başdan-ayağa Araşın "zbornu" mahnılarının nəticəsi idi. Guya biz, elə mahnı yaza bilməzdik? Əksinə, mən ondan yüz dəfə gözəl mahnı yazardım. Sadəcə, Araş dünyada tanınan bütün mahnılarını bir-birinə calaq edib duet formasına salmışdı. Yəni, hərəsindən bir parça götürüb "Həmişə" mahnısını yaratmışdı. Araşın yaradıcılığını izləyənlər bunu gördü.
O ki qaldı Səfurə Əlizadəyə yazılan "Drip Drop" mahnısına, onun müəllifindən bixəbərəm. Açığını deyim ki, heç maraqlanmıram da. Çünki bizə qarşı soyuq münasibət var.
Digər tərəfdən, "Evrovizion" musiqi yarışmasında musiqi rol oynamır, siyasət önə çəkilir. Şəxsən mənim bu yarışmaya marağım qalmayıb.
[b]- Sizə təklif gəlsəydi müsabiqə üçün mahnı yazardınız?[/b]
- Əlbəttə, yazardım. Hazırda bir mahnı yazmışam. Həmin layihəni Məryəmlə işləyəcəm. Çox istərdim ki, peşəkar bəstəkarların hərəsi belə bir mahnı yazsın və onu "Evrovizion" mahnı müsabiqəsinin Azərbaycan nümayəndəliyinə təqdim etsinlər. Qoy, oradakılar həmin mahnılara baxsın və görsünlər ki, yerli bəstəkarlar heç də Araşdan, yaxud da Səfurəyə mahnı yazanlardan geri qalmır. Biz bəstəkarların bir janrı var - Azərbaycan ladını, üslubunu saxlayaraq mahnı yazırıq. Amma "Evrovizion"na mahnı yazmaqda bir əmma var.
[b]- Nədir o?[/b]
- Həmin musiqini yazarkən mütləq Avropa musiqisini dinləmək lazımdır. Avropa estrada musiqisini dinləmədən o müsabiqəyə yazmaq çətindi. Çünki müsabiqənin tələbləri budur.
[b]- Yuxarıda Vaqif Gərayzadə və Cavanşir Quliyevin adını çəkdiniz. Adları çəkilən həmkarlarınız müsabiqə ərəfəsində İTV-nin efirində olur, fikir mübadiləsi aparırlar. Onlar çıxışlarında bu problemi niyə qabartmırlar? [/b]
- Nə bilim. Amma hər halda deyilməlidir. Əgər mənə bununla bağlı efirdə tirbuna verilsə, deyrəm.
[b]- Bəs, yarışma iştirakçılarımızın ifalarının müəyyən hissəsini öz ana dilimizdə səsləndirmələri necə? [/b]
- Bax, bu bizim ən böyük problemimiz, həm də yaralı yerimizdir. Heç olmasa, mahnının bir bəndini Azərbaycan dilində oxusunlar. Özü də bu mahnı vətənpərvər ruhda olsa, daha yaxşıdır. Mən belə bir mahnı yazmışam. Mahnı "Vətəndaş olaq" adlanır. Bu, başa düşən adam üçün böyük mövzudur. Mahnıda gözəl sözlər var. Eyni zamanda biz mahnının həm də klip versiyasını düşünürük. Maykl Ceksonun bir klipi var ey, bura partladı, bura dağıldı, ora uçdu, belə bir musiqi. Azərbaycanın hazırkı durumu üçün olan bir mahnı. Xocalı, Şuşa, Laçın əlimizdən gedib, torpaqlar işğal olunub, təbiətinin gözəllikləri, soyqırım, bir sözlə, yaşadığımız bütün müsibətlər həmin klipdə canlandırılmalıdır. Bu bir təbliğat vasitəsidir. Gözəl bir mahnı alınardı. Lap olsun ingilis dilində, amma nəqarət bəndi Azərbaycan dilində səslənsin.
[b]- Yəni, vətənpərvərlik ruhunda mahnı yazılmalı idi? [/b]
- Yalnız və yalnız vətənpərvərlik ruhunda mahnı yazılmalı idi. Çox təəssüflər olsun. Təkcə mahnı ilə iş bitmir, ifaçıdan da çox şey asılıdır. Səs olsaydı nə vardı, özünlə birlikdə təmsil etdiyin ölkənin əzab-əziyyətlərini, baş verən fəlakətlərini də göstərməlisən. Bu təbliğatın sonu səhnə geyimi və mədəniyyəti ilə başa çatmalıdır.
[b]- "Evrovizion"da geyimi vacib şərt sayırsınızmı? [/b]
- Əlbəttə. Mən deyərdim ki, səhnə geyimi ifa edilən mahnı ilə yanaşı dayanmalıdır. Ayselin geyimini götürək, nə idi o? Xoşuma gəlmədi. Azərbaycan qızına yaraşmayan bir geyimdir. Deyəsən, biz unutmuşuq ki, bura Azərbaycandır. Axı, biz o geyimi qəbul etmirik. Bütün bədən çöldəydi.
[b]- Millət vəkillərindən bəziləri də Ayselin geyimindən razı qalmadıqlarını dilə gətirmişdi...[/b]
- Nə yaxşı ki, ictimai qınaq var. Bəyəm bunu müsabiqə təşkilatçıları, yaxud da Azərbaycan nümayəndəliyi görmür? Başqa respublikalarda belə deyil. İfaçı üçün seçilən mahnının mövzusu ilə səhnə geyimi bir yerdə müəyyənləşir. Görünür, qrup üzvləri buna baxmır, necə gəldi onları yola salır. Yaxşı olardı ki, getməzdən əvvəl yuxarı dairələr bu qızın geyiminə baxsın. Azərbaycanı belə geyimdə təbliğ etək olmaz.
[b]- Azərbaycanı təmsil edən ifaçının geyimi necə olmalıdır? [/b]
- Ötən il keçirilən müsabiqədə ermənilərin çıxışı yadınızdadır? Görün, onlar necə geyinmişdi? Hamısı milli geyimdə idi. Baxırsan adamı ağrıdır. Erməni milli geyimdə çıxır, bizsə... Əslinə qalsa ermənilərin milli geyimlərindəki kaloritlər bizdən götürülmüşdü. Geyimin hər bir kaloriti Azərbaycana məxsusdur. Demirəm ki, tamam qapansınlar, ifa etdikləri mahnıya uyğun səhnəyə çıxsınlar. Ermənilərin səhnə geyimləri bütün mövzunu əhatə edirdi. Biz isə bu müsabiqəyə çoxdan hazır olmalıydıq.
[b]- Səfurə Əlizadənin klipində milli musiqi alətlərindən olan ney səsi eşidiləcək... [/b]
- Ayselin çıxışında tar musiqi aləti səslənmişdi. Əgər tarın sədaları altında o geyimlə səhnə çıxdılarsa, onda vay neyin halına. Gör neyin sədaları altında səhnəyə necə və hansı geyimdə çıxacaqlar. Milli musiqi aləti hara, o cür geyim tərzi hara? Sadəcə, biabırçılıqdı. Heç bu haqda düşünən var? Milli musiqi alətinin geyimi milli olmalıdır.
Biz burada efirə çıxıb açıq-saçıq geyinən müğənilərimizi daş-qalaq edirik. Amma heç kəs Azərbaycanı o geyimdə, özü də xarici ölkələrin səhnəsində təbliğ edənləri qınamır.
Elə sevilən müğənnimiz Röyanı götürək. Bir ara hamı onun üstünə düşmüşdü. Amma Röya olduğu kimidir. Onda saxtakarlıq yoxdur. Bir dondan min dona girənlər isə ağzını saxlaya bilmir. Halbuki, get onların toylarda geyindiyi paltarlara bax. Hələ adi insanları demirəm. Əgər öz toyumuzda bu cür geyiniriksə, o zaman başqalarını niyə qınayırıq? Biz geyimimizlə Avropanı geridə qoymuşuq.
[b]- Yaradıcılıq işləriniz nə yerdədir? [/b]
- Böyük yeniliklər var. Çoxlu mahnılar yazılır. Bir tərəfdən isə yeni ifaçılarla işləyirəm. Bəstəkar kimi mənə müraciət edənlər daha çoxdur. Açığı, yeni ifaçılarla birlikdə konsert vermək istəyirəm. Özüdə bu konsert layihəsi televiziyada baş tutacaq. İstəyirəm, gənclərin ifasında musiqili nömrələr nümayiş etdirilsin.
[b]Bahar RÜSTƏMLİ[/b]