04-04-2010 [06:37]
[b]Qorxmaz İbrahimli: "Bu iqtidarın hakimiyyətdən salınması üçün yollar axtarırıq, əlimizdən gələni edirik" [/b]
Qarşıdan gələn parlament seçkiləri irili-xırdalı əksər siyasi qüvvələri hərəkətə gətirib. Aydınlar Partiyasında da seçkilərə hazırlıq gedir. Bu və ya digər məsələlərlə bağlı müsahibə verən Aydınlar Partiyası sədrinin birinci müavini Qorxmaz İbrahimli seçki hazırlıqları və təmsil olunduğu qurumun fəaliyyəti ilə bağlı sözə başladı:
- Məncə, hakimiyyətin seçki ilə bağlı hər hansı problemi yoxdur. Bütün güc onların əlindədir və istədiklərini edirlər. Təəssüf ki, müxalifət olaraq, bizim çətinliklərimiz çoxdur. Məsələn, Aydınlar Partiyası olaraq, bizim qərargahımız, ofisimiz yoxdur. Başqa çətinliklərimiz də var, amma buna baxmayaraq, çətinliklərin öhdəsindən gəlməyə çalışırıq.
Bu il parlament seçkiləri ilidir və oturub gözləyəsi deyilik ki, bizə hər hansı şərait yaradılsın. Namizədlərin müəyyənləşdirilməsi üçün lazımi göstərişlər vermişik.
[b]- Ənənəvi müxalifət hakimiyyətin təzyiqlərinə davamlı olaraq məruz qaldıqlarını iddi edir. Bu mənada Aydınlar Partiyasına münasibət necədir? [/b]
- Partiyamız yarandığı gündən elan etmişik ki, Konstitusiya çərçivəsində fəaliyyət göstərəcəyik. Təbii ki, mövcud qanunvericiliyin dəyişilməsi üçün gələcəkdə çalışacağıq. Aydınlar Partiyasına qarşı daha çox ögey münasibət sərgiləndiyini də deyə bilmərəm. AXCP, Müsavat, Ümid Partiyasına münasibət necədirsə, bizə də eyni münasibəti göstərirlər. Sadəcə, müxalifət özü öz arasında ortaq məxrəcə gələ bilmir ki, bəzi problemləri aradan qaldıra bilsin.
Biz hakimiyyət uğrunda mübarizə aparırıq. Hakimiyyətə gəlməyin də yolu bizim anlamımıza görə seçkilərlə mümkündür. Çalışacağıq ki, parlament seçkilərində də düşündüyümüz qədər yer götürək. Təbii ki, təzyiqlər var. Məsələn, bir il əvvəl piketlə bağlı müraciət elədik, müsbət cavab ala bilmədik. Rəsmi qaydada yazdığımız məktublara normal cavab ala bilməmişik. Bu amillər də təbii ki, üzüntü yaradır.
[b]- Aydınlar Partiyasının parlament seçkilərində nə qədər yerə iddiası var? [/b]
- Əlbəttə, iddiamız böyük ola bilər, amma güc nəzərə alınmalıdır. Müəyyən olunmalıdır ki, partiyanın bu gücü varmı? Mənim hesabımla bu seçkilərdə 25-30 yer götürmək imkanımız var. Ancaq "parlamentin əksəriyyətini götürəcəyik",- deyə də iddiamız yoxdur. Seçkiöncəsi danışıqlar gedir, hər hansı bir bloklaşma ola bilər və bu bloklaşma ilə də hakimiyyətə gəlmək mümkündür.
[b]- Hazırda hansısa blokda təmsil olunmaq niyyətiniz varmı? [/b]
- Belə təkliflər bizə gəlmədiyi üçün bunu müzakirə etməmişik. Biz müxalifətdaxili inteqrasiyanın tərəfdayıq. Zamanın tələbi budur, müxalifətdaxili inteqrasiya yaranmalı, xüsusən də seçkiöncəsi bloklaşma, birliklər olmalıdır. Təəssüf ki, bu günə kimi, Azərbaycan müxalifəti bu ortamı yarada bilməyib.
[b]- Axı, bundan əvvəlki seçkilərdə müxalifət bir neçə böyük birliklər yarada bilib... [/b]
- Son seçkilərdə müxalifət hər hansı blok yaradaraq uğura imza atmayıb. 2005-ci ildə müxalifətdən parlament seçkilərində yer qazananlar oldu. Təəssüf ki, bu qələbə də istənilən səviyyədə olmadı. Amma ötən seçkidəki səhvləri müzakirə edərək, müxalifət yeni bir blok yaratsa, daha yaxşı olar. 2010-cu il başlar-başlamaz müxalifətin daxilində narazılıqların başlaması, ayrı-ayrı şəxslərin bir-birinin ünvanına təhqiramiz ifadələr işlətməsi ümumi birliyin alınmasına mane oldu. Ona görə də, biz, müxalifətdaxili gərginliyin əleyhinəyik.
- Hakimiyyətdən fərqli olaraq, müxalifət monolit qüvvə kimi çıxış edə bilmir. Bunu aradan qaldırmaq üçün nə etmək lazımdır?
- Müxalifətin əsas məqsədi hakimiyyətə gəlməkdir. Azərbaycanda elə müxalifət partiyası yoxdur ki, təkbaşına hakimiyyətə gəlsin. Bunun üçün müxalifət qüvvələri birləşməlidir. Amma partiyalar arasındakı narazılıqlar hər şeyi alt-üst edir. Həmin narazılıqların fonunda da müxalifətin böyük güc mərkəzi yaradacağına ümidlər azalır. Belə olduqda isə, hər partiya ayrı-ayrılıqda gücünü ortaya qoymağa məcbur olur. Yəqin ki, seçkiyə bir-iki ay qalmış bu məsələlərə yenidən baxılacaq. Amma burada vəziyyət bir qədər fərqlidir. Çünki fikir ayrılığı başqa şeydir, təhqir etmək, hansısa partiyanı, onun rəhbərini başqa ölkəyə agentlik etməkdə suçlamaq başqadır. Təbii ki, bunun da ağır nəticələri ortaya çıxır və çıxacaq da.
[b]- Belə bir məqamda müxalifəti 2010 seçkilərində nə gözləyir?[/b]
- Əvvəla müxalifət parlament seçkilərinə hazırlığa 2010-cu il başlayanda start verməli deyildi. Hətta iki il əvvəldən müxalifətin gücü bəlli olmalı idi ki, təxminən hansı çərçivədə seçkiyə gedəcək və nə qazanacaq. Təəssüf ki, elə bizim partiya qarışıq, müxalifət yalnız seçki ərəfəsində oyanmağa başlayır. Bu da faktı ortaya qoyur və adam deməyə söz tapmır. Təbii, o amildə var ki, illərdir, Azərbaycan müxalifəti zəif salınıb. Burada Azərbaycan iqtidarının, hakim Yeni Azərbaycan Partiyasının rolu kifayət qədərdir. Müxalifətin xaqla təması, yerlərdə görüşlərin, toplantıların keçirilməsi və bu kimi tədbirlər məhdudlaşdırılıb. Amma bu, o demək deyil ki, hər şey əlimizdən alınıb. Müxalifətin də qəzetlər, internet vasitəsi ilə çalışma imkanları var. Təəssüf ki, müxalifət olaraq, bunu da normal dəyərləndirib, ortaya ciddi iş qoya bilməmişik. Amma hesab edirəm ki, hər şey itirilməyib. Müxalifət əl-ələ verib YAP-a qarşı güc sərgiləyə bilər.
[b]- Amma bir məsələ də var ki, bu gün YAP hakimiyyət demək deyil. Əslində YAP-ın özü siyasi təşkilat kimi hakimiyyəti tam təşkil etmir... [/b]
- Razıyam. Amma bir şeyi də nəzərə almağınızı istərdim ki, burada yalnız YAP-a qarşı mübarizə aparılmır, iqtidara gəlmək uğrunda mübarizə aparılır. Seçicilərin də dəstəyini ortaya qoyulacaq proqramla qazanacağıq. Ola bilər ki, YAP müəyyən qədər proseslərdən kənarlaşdırılıb, amma qanunla bu gün YAP iqtidardadır. Bu partiyanın hakimiyyətinə son vermək üçünsə, müxalifət əlindən gələni etməlidir. Bunlardan da biri odur ki, birləşməli və seçicilərin 95, 98-ci illərdə olan inamını bərpa etməlidir.
- Təklif kimi gözəl səslənir, bəs, Aydınlar Partiyası hansı partiya ilə bir yerdə olmaq istəyər?
- Biz, siyasi mövqeyimizlə uzlaşan istənilən partiya ilə bir yerdə olmağı bacararıq. Konkret ad çəkib deyə bilmərik ki, filan partiya ilə birləşib iş görə bilərik. Bizim birinci məqsədimiz seçicilərlə, ziyalalarla işi düzgün qurmaqdır. İkincisi isə, bizə qarşı atılan addımları dəyərləndirməkdir. O zaman biz bu və ya digər partiya ilə blok halında seçkiyə qatıla bilərik. Bir məsələ də var ki, bizim kimi yeni yaranmış partiyalara təkcə iqtidar pis münasibət bəsləmir. Eyni zamanda müxalifətin özündə də yeni yaranmış partiyalara bir qədər ögey münasibət var.
[b]- Hətta Aydınlar Partiyasını hakimiyyətə qarşı loyallıqda da ittiham edirlər... [/b]
- Təbii. Amma müxalifət tərəfindən hansı radikal addımlar atılıb ki, biz onu dəstəkləməmişik? Biz silahlı mübarizənin əleyhinəyik. Allaha şükür, Azərbaycanda müxalifət silahlı mübarizənin tərəfdarı deyil. Biz də bu iqtidarın hakimiyyətdən salınması üçün yollar axtarırıq, əlimizdən gələni edirik. Aydınlar Partiyasına isə hansı prizmadan baxırlar, bizi nədə ittiham edirlər, bunlar bizim üçün maraqlı deyil.
[b]- Bu arada hakimiyyətin seçki ilə bağlı vəziyyətini necə görürsünüz? [/b]
- Əgər bir qüvvə 10-15 il hakimiyyətdə qalırsa, o hakimiyyət seçicilərin rəğbətini qazana bilmir, əksinə, getdikcə nüfuzunu itirir. Azərbacanda bir qədər fərqlidir, hazırkı vəziyyət hər kəsin gözü önündədir. Amma Azərbaycan iqtidarının üstünlüyü, maddi rıçaqları əlində cəmləməsidir. Müxalifətin isə maddi bazası çox zəifdir. İnsan resursuna görə də YAP digərlərindən xeyli üstündür. Amma hakimiyyətə partiya üzvlərinin çoxluğu ilə gəlmək olmur. Partiyanın əsas gücü həmin insanların bacarığından asılıdır. Bizim əlimizdə də bacarıqlı insanlardır.
[b]- Hakimiyyətin idarə olunması üçün iqtidarda bacarıqlı kadrlar yoxdurmu? [/b]
- İqtidarın öz kadrları var və onları bacarıqlı hesab etdikləri üçün bu və ya digər postu etibar edirlər. Söhbət ondan gedir ki, müxalifətin gələcəkdə bu idarəçiliyi həyata keçirmək üçün potensialı varmı, yoxmu? Biz buna iddialıyıq ki, var. O baxımdan, imkan yaranan kimi, müxalifətin hakimiyyətə gələcəyi şübhəsizdir.
[b]- Qormaz bəy, tam fərqli bir sual vermək istərdim. Siz ictimai-siyasi arenada mərhum xalq şairi Məmməd Arazın qardaşı oğlu kimi tanınırsınız. Bu, Sizə hər hansı bir divident verirmi? [/b]
- Məmməd Arazın qardaşı oğlu olmaq mənim üçün böyük qürurdur. Bilirəm ki, Azərbaycan xalqı Məmməd Arazı sevir. Mən də onun nəslindənəm. Amma onun qardaşı oğlu olmaq mənə heç bir üstünlük verməyib, əksinə, daha məsuliyyətli olmağı verib. Düzdür, mən elə tərbiyə almamışam ki, hansısa yanlış addım atım, amma yenə də atdığım hər bir addımda əmimin və nislimin adını qorumağa çalışıram.
[b]- Bu yaxınlarda ölkə başçısı Məmməd Arazın adının əbədiləşdirilməsi ilə bağlı sərəncam imzalayıb. Bu barədə fikirlərinizi öyrənmək istərdik... [/b]
- Məmməd Araz sağlığında da hər hansı bir ad üçün mübarizə aparmayıb. Təəssüf ki, lap gəncliyində, həyatında elə hallar olub ki, adla bağlı zərbələr alıb. Amma o, heç vaxt ad qazanmaq üçün çalışmayıb. Məmməd Araz üçün əsas xalq sevgisi idi, onu da qazandı. "Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim",- dedi. Vənət də ona oğlu dedi, o da mamır olub, qayasında bitdi. Bu adamın Azərbaycan tarixində, ədəbiyyatında əbədi yeri var.
Adının əbədiləşdirilməsi ilə bağlı ölkə başçısının sərəncamı Məmməd Arazın qardaşı oğlu olaraq məni çox sevindirdi. Sevindim ki, dövlət onun adının əbədiləşdirilməsi üçün qərar qəbul edib. Buna görə də təşəkkür edirəm. İqtidarda kimin olmasından asılı olmayaraq, Məmməd Arazı seviblər, əzizləyiblər, dəyərləndiriblər. Mərhum Əbülfəz Elçibəy, Heydər Əliyev Məmməd Araza çox böyük diqqət və qayğı göstəriblər. Bu gün də prezident İlham Əliyevin belə bir qərar verməsi sevindiricidir. İstərdik ki, Məmməd Arazın adına məktəblər, mədəniyyət ocaqları verilsin. Bu da təsəli üçündür. Əsas odur ki, onu Azərbaycan xalqı da, dövləti də sevir.
[b]Z.ƏHMƏD [/b]