"Azərbaycandakı avtoritar rejim mütləq çökəcək"

img

04-04-2010 [05:41]


[b]Eldar Namazov: "Heç bir xalqı daim avtoritar rejimin təzyiqləri altında saxlamaq mümkün deyil" [/b] 2010-cu ilə start veriləndən bəri payızda reallaşacaq parlament seçkilərinin hansı şəraitdə keçəcəyi ilə bağlı müxtəlif pronqozlar verilir. Bir qism bu seçkilərin əvvəlkindən fərqlənməyəcəyini, bir qism isə ciddi dəyişikliklərə təkan verəcəyini düşünür. Lakin bu proqnozları səsləndirən siyasilərin əksəriyyəti seçkilərdə hansı formada iştirak edəcəklərini müəyyənləşdirə bilməyiblər. Ötən parlament seçkilərində nüfuzlu şəxsiyyətləri ətrafına toplayaraq blok yaradan Azərbaycan Naminə İctimai Forumun prezidenti, politoloq Eldar Namazov da bu məsələdə qərarsızdır. - Hesab edirəm ki, Azərbaycan cəmiyyəti bu seçkilərdə çox fəal olmalıdır. Bütün ağır şərtlərə, maneələrə, problemlərə baxmayaraq, çalışmalıyıq ki, bu parlament seçkilərində həm partiyalar, həm ictimai qurumlar, ziyalılar fəal mövqe nümayiş etdirsinlər. Həm namizəd, həm seçici kimi bütünlükdə cəmiyyətin fəal olması indiki şəraitdə çox önəmlidir. Bu istiqamətdə də bizim müxtəlif planlarımız var. Xüsusən də vətəndaş cəmiyyəti, ictimai qurumlar, gənclər təşkilatları, ziyalılarla bağlı proqramlarımız mövcuddur. Yəqin ki, aprelin sonu, may ayının əvvəlində bu proqramlara start verəcəyik. [b]- Özünüz namizəd kimi seçki prosesinə qatılmaqla bağlı qərar vermisinizmi? [/b] - Bu barədə hələ qərar verməmişəm. Burada bir neçə vacib məqamlar var və mən bunları nəzərə almalıyam. Məsəl üçün, 2005-ci il parlament seçkilərində hətta protokollar, "exit-poll"un nəticələri ilə qələbəmi sübut edəndən sonra da mənim parlamentin işində iştirak etməyimə imkan vermədilər. Seçkilərdən bir neçə gün sonra əvvəlcədən yazılmış, hardasa hazırlanmış protokollarda müxtəlif dəyişikliklər etməklə hakimiyyət qələbəmi tanımadı. İndi həmin məsələ ilə bağlı Avropa Məhkəməsinin qərarı olmalıdır. Artıq bütün kommunikasiyalar başa çatıb, yalnız qərar vermək mərhələsi qalıb. Mən, təbii ki, bu qərarı da gözləyirəm. Digər tərəfdən, bir neçə başqa vacib məqamlar da var, onları götür-qoy edirəm ki, özümün parlament seçkilərində iştirak edib-etməməklə bağlı son qərarımı verim. Ancaq onu da deyim ki, özümün parlament seçkilərində iştirak edib-etməməyimdən asılı olmayaraq, müxtəlif namizədlərə dəstək vermək, onlara seçkilərdə fəal iştirakı üçün köməklik göstərmək və s. məsələlərdə də əlimizdən gələni edəcəyik. [b]- Dəstək verə biləcəyiniz namizədlər kimlər ola bilər, ziyalılar, ictimai xadimlər, gənclər, yoxsa siyasilər? [/b] - Bizim dəstək verəcəyimiz müəyyən kəsim var. Biz onlarla uzun müddətdir ki, işləyirik. Bura gənclər təşkilatlarını da, ictimaiyyət nümayəndələrini də aid etmək olar. Seçkidə də həmin namizədlərə lazımi köməklikləri etməyə hazırıq. Mən artıq bu haqda öz fikrimi bildirmişəm. Həmin çıxışdan sonra mənə müxtəlif təkliflər, məktublar gəlib. Yəni bu istiqamətdə əməkdaşlıq etdiyimiz və edəcəyimiz kifayət qədər insanlar və qurumlar var. [b]- Sözünüzdən belə anlaşıldı ki, 2005-ci ildən fərqli olaraq, bu dəfə hər hansı blok yaratmaq fikrində deyilsiniz...[/b] - Mənə elə gəlir ki, hələlik birmənalı "hə" və ya "yox" cavabı vermək düzgün olmazdı. Ona görə ki, hələ seçkiyə kifayət qədər vaxt var. Hesab edirəm ki, bu seçkilərdə demokratik qüvvələr vahid siyahı, vahid qüvvə ilə iştirak etsə, daha yaxşı olardı. Ancaq bütün bu proseslər bir-iki adamın iradəsindən asılı olmadığına görə, minimum bizdən asılı olan məsələləri müəyyənləşdiririk. Ən azı onları həyata keçirməyə çalışırıq. [b]- Seçkiyə birgə getməyin dividentləri barədə müxtəlif fikirlər var. Siz necə düşünürsünüz, siyasi qurumların seçkiyə vahid qüvvə kimi getməsi nəyi dəyişə bilər?[/b] - Bütün hallarda birliyin əhəmiyyəti var. Təbii ki, bunun üçün gərək, qarşılıqlı inam olsun və koalisiyaya daxil olan qurumlar gərək, ən azı bir-biri ilə bu yolu sona qədər getməyə maraqlı olsunlar. Sirr deyil ki, müxalifət düşərgəsində daxili münasibətlər yumşaq desək, o qədər də xumar deyil. Düzdür, bəzi partiyalar arasında bu haqda danışıqlar gedir, amma mənə elə gəlir ki, biz bütün variantlara hazır olmalıyıq. Ona görə də dedim ki, ən azı bizdən asılı olan məsələlər nədirsə, onları həyata keçirək. Təbii, mən də hesab edirəm ki, vahid birlik yaransa, yaxşı olar. Ancaq təcrübə də göstərir ki, buna nail olmaq çox çətindir. [b]- Bu günlərdə "Azadlıq" radiosuna müsahibənizdə "müxalifətdə daha çox radikal olan adamların özləri bəzən həlledici məqamda demokratik qüvvələrin ziyanına olan addımlar atır",- deməniz müxalif düşərgədə narazılıq yaradıb. Bəziləri düşünür ki, görəsən, Sizin birdən-birə müxalifətin radikal kəsiminə qarşı belə fikir işlətməyinizə səbəb nədir? [/b] [i]- (Gülür)[/i] Bilirsiniz, mən də bu yazını oxuyanda əvvəlcə təəccübləndim. Ona görə ki, mənim fikirlərimlə bağlı bu cür düşünməyə əsas yox idi. Sonra həmin məqaləyə diqqətlə baxanda gördüm ki, rəyləri bildirən adamların hamısı deyir ki, müsahibəni oxumamışıq, ancaq rəy bildirirlər. Mən belə başa düşdüm ki, "Azadlıq" radiosunda bir saatlıq müsahibəmin saytda gedən bir neçə məqamının anonsuna görə, bu fikir formalaşıb. Özləri də etiraf etdiyi kimi, bu müsahibəni oxumaya-oxumaya kontekstdən çıxarılan hansısa fikirlərə münasibət bildiriblər. Mən, bunu düzgün saymıram. Mətbuat işçiləri mənə tez-tez müraciət edirlər, əgər mən kiminsə açıqlamasını tam oxumamışamsa, heç vaxt şərh vermirəm. Çünki qarşı tərəfin fikri ilə tam tanış olmaq lazımdır ki, görəsən hansı kontekstdə bu fikri deyib. Ondan sonra nəsə münasibət bildirmək olar. Mənim müxalifətlə bağlı dediklərimə verilən rəylər isə kontekstdən çıxarılan fikirlərə münasibətdir. [b]- Aydındır. Bəs, müxalifətin hazırkı durumuna necə qiymət verərdiniz, müxalif düşərgəni seçkiyə hazır saymaq olarmı? [/b] - Məncə, vəziyyət kifayət qədər aydındır. Ölkədəki vəziyyət, müxalifətin durumunun necə olması heç kimə sirr deyil. Son illərdə ölkədə baş vermiş hadisələri nəzərdən keçirsək, görərik ki, hakimiyyətə opponentlik edən qüvvələrin fəaliyyəti addımba-addım məhdudlaşdırılıb. Əvvəlcə siyasi partiyaların, sonra azad mətbuatın, son dövrlərdə isə Qeyri Hökumət təşkilatlarının fəaliyyətini məhdudlaşdırmaq üçün müəyyən addımlar atılır. Düzdür, həm daxili etirazların, həm beynəlxalq təzyiqlərin təsiri ilə qanunvericiliklə bağlı dəyişikliklərin qarşısı alındı, ancaq sonradan bir sıra dəyişikliklər Prezident fərmanına salındı və bu yolla qüvvəyə mindi. Bu mənada ölkədə partiyalara nə Bakı şəhərində, nə də regionlarda təbliğat aparmaq üçün heç bir şərait yoxdur. Təbii ki, belə olduqda, partiyaların da vəziyyəti çətin olmalıdır, elədir də. [b]- Yəqin ki, belə bir vəziyyətin yaranmasında əsas rol hakimiyyətindir... [/b] - Müxalifəti daxili çəkişmələrə görə tez-tez qınayırlar. Sözsüz ki, bu faktorların da öz mənfi təsirləri var. Ancaq hətta bunları nəzərə alsaq belə, əsas səbəb odur ki, Azərbaycanda normal partiya quruculuğu, siyasi fəaliyyət üçün şərait yoxdur. Əgər siyasi təşkilatların rəhbərlərinə televiziyada çıxış eləməyə imkan vermirlərsə, təbliğat aparmaq imkanları məhdudlaşdırılırsa, yerlərdə görüşlər keçirmək mümkün deyilsə, mitinqlərə, piketlərə qadağa qoyulubsa, burada yaranmış vəziyyətin günahını partiyaların boynuna atmaq ədalətsizlik olardı. Sözsüz ki, qeyd etdiyim məhdudiyyətləri, maneələri hakimiyyət yaradır. [b]- Eldar müəllim, hakimiyyətin yürütdüyü siyasəti də, müxalifətin vəziyyətini də qeyd etdiniz. Bütün bunları nəzərə alanda 2010 seçkiləri necə keçəcək, 2005-dəki analogiyanı yaşayacağıq, yoxsa fərqli nələrsə gözlənilir? [/b] - Əminəm ki, heç bir xalqı daim avtoritar rejimin təzyiqləri altında saxlamaq mümkün deyil. Mən özüm təhsilimə görə tarixçiyəm və tarixi kifayət qədər yaxşı bilirəm. Bilirəm ki, tarixdə heç bir avtoritar rejimin müsbət sonu olmayıb. Azərbaycan da dünyanın bir hissəsi kimi bütün çətinliklərə baxmayaraq, mütləq demokratiya yoluna qədəm qoyacaq və bizim xalq da Avropa kimi, ABŞ kimi demokratik cəmiyyət qura biləcək. Bu, nə vaxt baş verəcək, bu dəyişikliklər tezmi olacaq, gecmi baş verəcək, bunu indidən söyləmək təbii ki, çətindir. Birincisi ona görə ki, avtoritar rejimlər o qədər qeyri-şəffaf mühit yaradırlar ki, ölkədə gedən siyasi proseslər qapalı olur. Elə bu səbəbdən də avtoritar rejimlərin özləri də qəflətən zərbə alırlar. Heç kəs 80-ci illərin ortalarında deyə bilməzdi ki, qısa müddətdən sonra SSRİ kimi nəhəng bir dövlət heç bir müharibə olmadan dağılacaq və siyasi səhnədən gedəcək. Başqa avtoritar rejimlərin də aqibəti bu cür olacaq. Azərbaycandakı avtoritar rejim də mütləq çökəcək. Təbii, demək olmaz ki, bu, nə zaman olacaq. Amma bir şey aydındır ki, Azərbaycanın demokratikləşməsi qaçılmazdır. Heç bir xalqı uzun müddət avtoritar rejimdə saxlamaq mümkün deyil. Ona görə ki, söz azadlığı, seçim azadlığı, mülkiyyət hüququ əbədi olaraq insanların əlindən alına bilməz. [b]- Burası aydındır, mən 2010-cu il parlament seçkilərini soruşuram... [/b] - Heç kim əvvəlcədən deyə bilməz ki, bu dəyişikliklər 2010-da olacaq, yoxsa 2011-də, yaxud da daha sonra baş verəcək. Ancaq hər halda, vətənpərvər və demokratik düşüncəli insanlar bu dəyişikliklərin nə zaman reallaşacağından asılı olmayaraq, mütləq bu istiqamətdə fəaliyyətlərini davam etdirməlidirlər. [b]- Ancaq bu gün demokratik düşərgədə daha çox mandata sahib olma mübarizəsi gedir. Müxalifət bu əhval-ruhiyyədədirsə, qeyd etdiyiniz dəyişiklikləri reallaşdırmaq necə mümkün ola bilər? [/b] - Hər bir insanın fəaliyyətinə fərdi münasibət bildirmək lazımdır. Təəssüflər olsun ki, müxalifətdə siz dediyiniz kimi düşənən insanlar da, mandatından imtina edənlər də var. Ona görə də, düşünürəm ki, müxalifətdə səmimi olaraq Azərbaycanın demokratik gələcəyi üçün mübarizə aparan xeyli sayda insanlar cəmləşiblər. Mənə elə gəlir ki, bu düşüncədə olan insanlarla demokratik mübarizə apararaq müsbət nəticəyə nail olmaq mümkündür. [b]- Həm də iddia edilir ki, parlament seçkilərində hakimiyyətdaxili qruplaşmalar öz adamlarının mandat qazanması üçün mübarizəyə başlayırlar. Bu prizmadan baxdıqda 2010 seçkilərində hakimiyyətdaxili qruplaşmaların mübarizə mənzərəsini necə görürsünüz? [/b] - Təbii ki, parlament seçkilərində hər zaman müəyyən bir sıyahı müəyyənləşdirmək uğrunda "pərdə arxası"nda mübarizə mövcud olub. Hətta biz dəfələrlə görmüşük ki, seçkiyə bir neçə gün qalmış kimlərsə namizədliyini geri götürüblər. Bu da hakimiyyətdaxili mübarizənin nəticəsində baş verib. Bütün bunlar daim olub və bundan sonra da olacaq. Çünki Azərbaycanda qurulmuş sistemin mahiyyəti ondan ibarətdir. İqtidarı dəstəkləyən adamların parlamentə düşməsi xalqdan dəstək almaq uğrunda yox, təsdiqlənmiş siyahıda yer almaq uğrunda olur. Belə olan halda da mübarizə kimin o siyahıya düşüb-düşməməsinə yönəlir. Bu mənada 2010-da da hakimiyyətdaxili qruplaşmaların müəyyən siyahıları olacaq və bu siyahıya düşmək uğrunda mübarizə aparılacaq. Bu iqtidarın hakimiyyəti dönəmində belə hallar qaçılmazdır. [b]Zaur ƏHMƏD[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA