Milli Məclis Ombudsmanın illik məruzəsini qəbul etdi

img

02-04-2010 [02:56]


Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın 2009-cu il üçün illik məruzəsi qəbul olunub. 98 lehinə, 5 əleyhinə səs verilən məruzə qəbul edilib. Məruzədə 2009-cu ildə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin ünvanına 8800 müraciət daxil olduğu bildirilib. Bu müraciətlərdən 7365-i (83,7%) şikayətdir. Şikayətlərin 982-si (13,3%) məhkəmə, 415-i (5,6%) prokurorluq, 1239-u (16,8%) polis (bunlardan 112, yəni 9% dövlət yol polisi ilə bağlı), 688-i (9,3%) yerli icra hakimiyyəti orqanları, 441-i (6%) məhkəmə qərarlarının icra edilməməsi, 205-i (2,8%) isə bələdiyyələrlə bağlı olub. Məruzədə Müvəkkil və Müvəkkil Aparatının əməkdaşları tərəfindən müxtəlif vaxtlarda rayon və şəhər polis idarə, şöbə və bölmələrinin müvəqqəti saxlama təcridxanalarına, Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin inzibati həbs olunanların saxlama məntəqəsinə, həmçinin həmin nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin, Pasport, Qeydiyyat və Miqrasiya Baş İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin və İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin müvəqqəti saxlama təcridxanalarına 294, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəssisələrinə 108, Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasına 2 planlı və şikayətlərlə bağlı baxış keçirildiyi qeyd olunub. Məruzədə bildirilir ki, söhbət aparılan şəxslər, əsasən istintaqın gedişindən və məhkəmə hökmlərindən şikayətlər ediblər. Məruzədə Vicdan azadlığı ilə bağlı vəziyyətə də toxunulub. Belə ki, 700-dən artıq dini icmanın yeni qaydalara müvafiq olaraq, sənədlərini təkrar dövlət qeydiyyatına təqdim etdiyi, onlardan 232-nin artıq dövlət qeydiyyatına alındığı bildirilib: ?Bəzi dini qurumlar və ya icmalar tərəfindən dini nifaq salınmasına xidmət edən kitabların ölkəyə gətirilməsi və yayılması cəmiyyətdə vicdan azadlığının pozulmasına və qeyri-sabitliyə xidmət edir. Bakı şəhərində, istərsə də ölkənin digər yerlərində məktəbyaşlı uşaqların dini ayinlərin icrasına, müxtəlif dini sektaların fəaliyyətinə cəlb edilməsi bu sahədə ölkə qanunvericiliyinin tələblərinin pozulmasına şərait yaradır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA