Azərbaycanın Serbiya Respublikasındakı səfiri Eldar Həsənov etibarnaməsini Serbiya Prezidenti Boris Tadiçə təqdim edib

img

31-03-2010 [07:17]


Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Eldar Həsənov cari ilin mart ayının 25-də Prezident Sarayında Serbiya Prezidenti cənab Boris Tadiçə etimadnaməsini təqdim etmişdir. Təqdimat mərasimindən sonra E.Həsənovun cənab B. Tadiçlə təkbətək görüşü keçirilmişdir. Görüşün əvvəlində cənab B.Tadiç Azərbaycan Respublikasının Serbiyada Səfirliyinin açılması və fəaliyyətə başlaması, eyni zamanda E.Həsənovu yeni təyinatı ilə bağlı təbrik edərək, ilk növbədə, səmimi salamlarının Azərbaycan Prezidenti cənab İlham Əliyevə çatdırılmasını xahiş etmiş, Azərbaycan Prezidentinə böyük hörmət və ehtiram bəslədiyini və iki Prezident arasında dost və mehriban münasibətlərin mövcud olduğunu xüsusi vurğulamışdır. Yaxın zamanda Azərbaycana səfər edəcəyini xatırladan cənab B.Tadiç Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də Serbiyaya səfərindən çox məmnun olacağını bildirdi. Həmçinin səfər zamanı Serbiya və Azərbaycan münasibətlərini tənzimləyən bir neçə müqavilə və sazişlərin imzalanacağını qeyd etdi. Görüş zamanı cənab B.Tadiç bir daha Serbiyanın Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və ölkəmizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini vurğulamışdır. O, eyni zamanda, Azərbaycan rəhbərliyinə Serbiyanı Kosovo məsələsində dəstəklədiyinə görə təşəkkürünü bildirmişdir. Görüşdə həmçinin Serbiya-Azərbaycan iqtisadi-ticarət əlaqələrinə toxunan cənab B.Tadiç, bu əlaqələrin dostluq və əməkdaşlıq münasibətlərinin yeni müstəviyə yüksəldilməsi üçün iki ölkə hökumətlərinin üzərinə mühüm vəzifələr düşdüyünü və məsələ ilə bağlı Serbiyanın bir sıra dövlət qurumlarına artıq müvafiq göstərişlər verdiyini bildirmişdir. Azərbaycanın mühüm geostrateji əhəmiyyətə və böyük enerji ehtiyatlarına malik olduğunu qeyd edən cənab B.Tadiç, Azərbaycan özünün xarici siyasətində və həmçinin enerji sahəsində tarazlaşdırılmış siyasət yeritdiyini və ölkəsinin bu sahədə də Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu vurğulamışdır. E.Həsənovun eyni zamanda Azərbaycanın Rumıniyadakı Səfiri olduğunu nəzərə alaraq, Azərbaycanın Rumıniya ilə strateji tərəfdaşlıq münasibətləri və sıx iqtisadi əlaqələrinin mövcud olduğu barədə məlumatlı olduğunu bildirən cənab B.Tadıç, Rumıniya ilə Serbiya arasında strateji əməkdaşlıq münasibətləri və infrastrukturların mövcud olduğunu vurğulamışdır. Cənab B.Tadiç bir daha Serbiyanın Azərbaycanla siyasi münasibətləri və iqtisadi əlaqələri bütün sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu və E.Həsənova Serbiya Parlamentinin sədri, Xarici İşlər Naziri, İqtisadiyyat Naziri, Enerji Naziri və Prezidentin İqtisadiyyat məsələləri üzrə müşaviri ilə görüşlər keçirməyi ilə yanaşı, ikitərəfli münasibətlərin inkişafına təkan vermək üçün onun daha çox Serbiyada olmasını xahiş etmişdir. Görüş zamanı E.Həsənov, öz növbəsində, cənab B.Tadiçə Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin səmimi salamlarını çatdırdıqdan sonra, Azərbaycanda siyasi, iqtisadi-sosial vəziyyət, aparılan demokratik islahatlar, ölkəmizdə siyasi sabitliyin, iqtisadi inkişafın qorunub saxlanmasında Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin xalq tərəfindən tam dəstəkləndiyini vurğuladı. Görüşdə E.Həsənov Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə toxunaraq bir milyondan çox qaçqın və məcburi köçkün və 20 faizi işğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılmasına dair BMT-nin, Avropa Şurasının, ATƏT-in və digər beynəlxalq təşkilatların müvafiq qətnamələrinin tələbləri Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyi, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Madrid prinsipləri, ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə geniş məlumat verdi. Azərbaycanın münaqişənin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı və beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində ədalətli həll olunmasının tərəfdarı olduğunu bildirdi. Görüşün sonunda E.Həsənov iki ölkə Prezidentləri arasında mövcud olan şəxsi münasibətlər, cənab B.Tadiçin cari ilin may ayında həyata keçiriləcək Azərbaycana səfəri, ölkələrimizin qarşılıqlı maraqları ikitərəfli münasibətlərin bütün sahələrinin inkişaf etməsi üçün mühüm zəmin yaradacağını və ona güclü təkan verəcəyini vurğuladı. Səfir E.Həsənov həmçinin iqamətgahları Serbiya ilə qonşu ölkələrdə yerləşən və Serbiyaya yeni təyin olunmuş Səfirlər üçün təşkil edilmiş və Serbiyanın Baş Nazirinin müavini, Elm və Texnologiya inkişafı Naziri cənab B.Celiç, Xarici İşlər Naziri cənab V.Yeremiç və Müdafiə Naziri cənab D.Sutanovacın da iştirak etdiyi konfransda çıxış etmiş və Azərbaycan rəhbərliyinin Serbiya ilə hərtərəfli əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulamışdır. 28 may 2010-cu il tarixində Azərbaycan Respublikasının Serbiyadakı Səfirliyinin rəsmi açılış mərasimi keçiriləcəkdir. Belqradda Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının və Azərbaycan Mədəniyyət Mərkəzinin təsisi barədə qərar qəbul edilmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA