Taleh Şahsuvarlı: "Pizpizələrin rəyi məni maraqlandırmır"

img

28-03-2010 [05:53]


Qafqazda ilk tarixi metaromanın müəllifi hesab olunan Taleh Şahsuvarlı Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv qəbul edilib. Lakin həmin ərəfədə Ukraynada səfərdə olan tanınmış yazar AYB-nin yeni üzvlərinə vəsiqə təqdim olunması mərasimində iştirak etməyib. Bizim suallarımıza cavab verən Taleh Şahsuvarlı bildirib ki, o, vəsiqəsini sabah götürəcək. "Eyni zamanda sədrimiz Anar müəllimə müraciət edəcəm və ondan görüşmək üçün münasib vaxt ayırmasını xahiş edəcəm. AYB üzvü kimi ictimai fəaliyyətimin prioritetlərini Anar müəllimin məsləhətləri əsasında müəyyənləşdirəcəm", - deyən yazar onu da əlavə edib ki, qurumun tanınmış üzvlərinin demək olar ki, hamısı ilə şəxsi münasibətləri yüksək səviyyədə olduğundan yeni təşkilata adaptasiya olunmağa çətinlik çəkməyəcək. Taleh Şahsuvarlı onun AYB-yə üzv olmasına mənfi münasibət bəsləyən şəxslərə də mesaj göndərib: "Mən onların əndişələrini çox yaxşı başa düşürəm. Uzun müddət AYB-yə qarşı göstərilən destruktiv fəaliyyət "nəsillərarsı konflikt" adı altında pərdələnirdi. Lakin indi məlum olur ki, II Qismət, Cavid Zeynallı, Aysel Əlizadə, Kəramət Böyükçöl, Zərdüşt kimi istedadlı gənclər məhz AYB-də təmsil olunur. Uzun müddət idi ki, AYB-nin yaradıcı ittifaq kimi cazibəsini itirdiyinə təbliğat aparırdılar, lakin Elxan Zal, Şərif Ağayar kimi məşhur və istedadlı imzalar AYB-yə qayıdaraq həmin tezislərin müəlliflərinin marginallığını sübut etdilər. Mənim seçimim isə uzun müddətdir ki, AYB-nin qapalı, yenilikləri həzm etməyən, postmodernizmə qarşı cıxan bir qurum olması haqqında cəmiyyətdə rəy yaratmaq cəhdlərinin iflasını tamamladı". AYB üzvü olmasına görə ona qarşı hücumların başlayacağını istisna etməyən yazar bədxahlarına mesaj yollamağı da unutmadı: "Bilirsiniz, tarix boyu həmişə kimlərsə hadisə yaradıb, kimlərsə də hadisə yaradanları qaralayıb. Təsəvvür edin ki, Milli Kitab Müsabiqəsinin ilk onluğu açıqlananda "tıklanmayan köşə yazarları"ndan biri Facebook-da statusuna yazmışdı ki, bəs, bu gün onun həyatının ən xoşbəxt günlərindən biridir, çünki Taleh Şahsuvarlının adı siyahıda yoxdur". Halbuki, normal, psixoloji cəhətdən sağlam adam kiminsə adının orada olmamasına yox, özünün, yaxud başqa bir yazarın ilk onluğa düşməsinə sevinməlidir. Adama deyərlər ki, MKM-nin "iyirmi"liyinə düşən 10 iri həcmli nəsr əsərindən biri mənimki idi və bu nəticə məni tamamilə qane edir, amma sən hansı mətnin müəllifisən". Odur ki, mənim üçün belə xəstə, cılız və qəlbiqara adamların rəyi maraqlı deyil. Belələri pişpişə otudur. Pişpişə istəyir ki, onun adını çəkməklə köşələrini tıklayanlarlın sayını artıram. Amma arxayın olsun ki, bunu etməyəcəm. Mən dünya dağılsa da, seçki məntəqəsindən səsvermə qutusunu oğurlayanları və o ağılda olanları özümə, türklər demiş, "muhatap" seçmərəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA