28-03-2010 [05:39]
[b]Sülhəddin Əkbər: "Azərbaycan Madrid prinsipləri ilə təslimçi sülhə sürüklənir, Dağlıq Qarabağı birdəfəlik itirir"[/b]
[b]Aydın Mirzəzadə: "Burada üç bənd xüsusi vurğulanıb - ərazi bütövlüyü, müqəddəratı təyinetmə və güc işlətməmə. Bunlar da Azərbaycanın əleyhinə deyil" [/b]
Məlum olduğu kimi, Moskvada MDB ölkələri xarici işlər nazirlərinin görüşü çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ayrılıqda Rusiyanın xarici işlər naziriylə görüşüblər. Elmar Məmmədyarov və Edvard Nalbandyan Serqey Lavrovla əsasən Qarabağ münaqişəsinin nizamlanması yollarının müzakirə ediblər. Görüşlərdən sonra Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov yeniləşdirilmiş Madrid prinsipləri ilə bağlı Azərbaycanın mövqeyini açıqlayıb və bildirib ki, Azərbaycan tərəfi prinsipcə, bu təklifləri qəbul edib. XİN rəhbəri onu da vurğulayıb ki, hər iki tərəf əsas prinsiplərlə razılaşsa, onda böyük sülh sazişi layihəsi üzərində işlər başlayacaq.
Qeyd edək ki, bir müddət öncə E.Məmmədyarov yenilənmiş Madrid prinsiplərinin detallarını mətbuata açıqlamışdı. Sənəddə hansı mərhələdə hansı addımların atılacağı qeyd olunub. Sənədə görə, ilk növbədə Ermənistan 5 rayondan, üstəgəl Laçının 13 kəndindən qoşunlarını çıxarmalıdır. Sonra bütün sərhədlər və kommunikasiyalar açılır, donor konfransı keçirilir, torpaqlar, kommunikasiyalar bərpa olunur, proqramların həyata keçirilməsinə başlanır, oraya qayıdacaq məcburi köçkünlərin təhlükəsizlik problemləri çox vacib olduğundan təhlükəsizlik baxımından beynəlxalq müşahidəçilər məsələsi həll olunur, sonra Laçın və Kəlbəcərdən qoşunlar çıxarılır, bütün yollar açılır.
Nazir deyib ki, azərbaycanlı icması Qarabağa qayıtdıqdan sonra imkan yaranacaq ki, sonuncu mərhələ - Qarabağın statusunun müəyyənləşdirilməsi prosesi başlansın:
"Qarabağın statusunun müəyyənləşməsi Azərbaycan üçün çox vacibdir. Qarabağ Azərbaycan torpağıdır, düzgün deyil ki, Azərbaycanın hansısa ərazisi onun inzibati nəzarətindən çıxsın. Əlbəttə, biz deyirik ki, bütün məsələlər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olsun. Öz müqəddəratını təyin etməyə gəldikdə, bu məsələ də beynəlxalq hüququn bir hissəsidir. Amma bu o demək deyil ki, ərazi bütövlüyü pozula bilər".
Artıq rəsmi Bakı Madrid prinsiplərinin yenilənmiş variantını qəbul etdiyini bəyan edib. Ermənistan tərəfi isə bununla bağlı rəsmi mövqeyini bildirməyib. Rəsmi İrəvanın mövqeyi isə həmsədrlərin Ermənistana səfərindən sonra məlum olacaq. Bu mövqedən sonra növbəti mərhələnin müzakirəsinə başlanacaq. Onu da qeyd edək ki, yaxın zamanlarda hər iki ölkənin prezidentlərinin görüşü gözlənilir.
"Qarabağ münaqişəsinin Madrid prinsipləri əsasında sülh danışıqları çərçivəsində həlli üçün, biz, Minsk Qrupuna hər cür yardım göstərəcəyik və 2010-cu il ərzində Azərbaycan və Ermənistan prezidentlərinin Astanada görüşünün keçirilməsinə hazırıq",- deyən ATƏT-in fəaliyyətdə olan hazırkı sədri, Qazaxıstanın Xarici işlər naziri Kanat Saudabayev qeyd edib ki, Qazaxıstan ATƏT-ə sədrliyi dövründə münaqişələrin nizamlanması prosesində müsbət tendensiyaların davamlı olaraq inkişaf etdirilməsi üçün bütün səyləri səfərbər edəcək. Yəni hər iki tərəf Madrid prinsiplərinin yenilənmiş variantını qəbul etdiyini bildirəndən sonra prezidentlərin görüşü reallaşa bilər.
Bəs, Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə həlli Azərbaycanın maraqlarını təmin edirmi? Rəsmi Bakının münaqişəni bu variantlar üzərində həllini qəbul etməsi bizə nə vəd edir? Bu və ya digər suallarımızı cavablandıran Müsavat Partiyasının Məclis sədri, politoloq Süləhəddin Əkbər hazırkı situasiyanın Azərbaycanın maraqlarına zidd olduğunu bildirib. S.Əkbər öncə qeyd edib ki, Madrid prinsiplərinin yeni variantında nələrin yer alması barədə məlumat verilmir. Onun sözlərinə görə, həm Ermənistan, həm Azərbaycan tərəfi Madrid prinsiplərinin yenilənmiş variantını öz təklifləri ilə birlikdə, yəni hərə özünə sərf edən variantda səsləndirir:
"Əgər Azərbaycan Madrid prinsiplərini əvəlki variantda qəbul edibsə, yenilənmiş variantı nə erməni tərəfi, nə də həmsədrlər qəbul etmirsə, mənə elə gəlir ki, bu, Azərbaycanın maraqlarına cavab verməyən haldır. Xüsusən də əgər Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə tanınmırsa, Dağlıq Qarabağa müvəqqəti status verilirsə, Dağlıq Qarabağın ətraf rayonlarının hamısı işğaldan azad olunmadan status məsələsi müzakirə olunursa, deməli, Azərbaycanın maraqlarına cavab verən variant yoxdur. Eyni zamanda bu, heç Minsk Qrupunun mandatına uyğun da deyil. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnaməyə də uyğun deyil. Bu gün bu prinsiplər qəbul olunubsa, bunu Azərbaycan tərəfinin təslim olması kimi qəbul edirəm. Çox təəssüf ki, bu təslimçilik bəyanatı da Azərbaycanın siyasi rəhbərliyinə qarşı dünya mətbuatında çap olunan məlumatlardan sonra bəyan olundu. Bu isə çox təhlükəli haldır. Mənə elə gəlir ki, Azərbaycan cəmiyyəti bu vəziyyəti düzgün qiymətləndirməli, adekvat reaksiya verməlidir".
S.Əkbər prinsiplərin qəbul olunmasına baxmayaraq, yaxın dövrdə hər hansı bir sazişin imzalanacağını ehtimal etmir. Onun fikrincə, nə qədər ki, regionda Rusiyanın dominantlığı davam edir və bu konfliktlərin həllində bildiyimiz qədər də maraqlı deyil, konfliktin həlli istiqamətində hər hansı ciddi addımın atılması gözlənilmir:
"Çünki istənilən halda Rusiyanın əlində çoxlu təsir imkanları var. Birbaşa Ermənistana, Dağlıq Qarabağdakı oyuncaq rejimə, erməni diasporasına təzyiq edə bilər, yaxud da Azərbaycana təzyiq edərək, müxtəlif fazalarda bu prosesi durdura bilərlər. Xüsusən də Gürcüstan müharibəsindən sonra Rusiyanın Cənubi Qafqazda üstünlüyü artdıqdan sonra düşünmürəm ki, bu konfliktin həllinə imkan versin".
Qeyd edək ki, rəsmi Bakı nümayəndələri Madrid prinsiplərinin Azərbaycanın maraqlarına zidd olmadığını bəyan ediblər. Müsavat yetkilisi isə bu bəyanatların əsassız olduğunu və hakimiyyət nümayəndələrinin bu kimi mövqe bildirməyə məcbur olduqlarını vurğulayıb:
"Bu günə kimi Madrid prinsipləri haqqında rəsmi açıqlama Ağ Ev tərəfindən səsləndirilib. Həmin açıqlamada Madrid prinsipləri sadalanıb. Bu prinsiplərin içərisində Azərbaycanın ərazi bütövlüyü haqqında bir kəlmə də yoxdur.
İkincisi, Dağlıq Qarabağın gələcək statusunun referendum yolu ilə həlli məsələsi öz əksini tapıb. Bu referendumun da Dağlıq Qarabağ ərazisində keçirilməsi nəzərdə tutulub. Bu günə qədər Azərbaycan rəhbərliyi referendum haqqında hər hansı bir açıqlama verməyib.
Üçüncüsü, bu prinsiplər arasında Dağlıq Qarabağa müvəqqəti statusun verilməsi nəzərdə tutulur. Eyni zamanda Laçın dəhlizinə də status verilməsi nəzərdə tutulur. Bu da o deməkdir ki, Dağlıq Qarabağ legitimlik qazanır, dünya birliyi, o cümlədən Azərbaycanın özü tərəfindən tanınır. Və biz hüquqi statusu olan beynəlxalq subyektlə tərəf müqabili oluruq.
Dördüncüsü, artıq sülhməramlı qüvvələr gəldikdən sonra Azərbaycan əlində əsas kozr olan vəziyyətin, status-kvonun güc yolu ilə dəyişməsi imkanını itirir. Yəni Azərbaycan Madrid prisipləri ilə təslimçi sülhə sürüklənir, Dağlıq Qarabağı bir dəfəlik itirir. Gördüyünüz kimi, mən hələ köklü prinsipləri sadaladım, təbii ki, burada ziyanlı məsələ çoxdur. Əvvəllər Heydər Əliyev dönəmində Laçın dəhlizi ilə yanaşı, Naxçıvana dəhlizin verilməsi, Mehri dəhlizi məsələsi müzakirə olunurdu. Bu gün isə ümumiyyətlə, o barədə söhbət getmir. Azərbaycan tərəfinin bu məsələyə razılıq verməsinin səbəbləri çoxdur. Bir səbəbi odur ki, bu il ölkədə parlament seçkiləri keçirilir. Hakimiyyət də bu parlament seçkilərindən çox ciddi narahatdır.
İkincisi, Qərbin əlində Azərbaycanın siyasi hakimiyyətinə, İlham Əliyevə yönəlik çoxlu kompromatlar var. Bunlardan yalnız ikisi işə salınıb və görürsünüz ki, kiçik bir təzyiq nəticəsində Azərbaycan rəhbərliyi həmən bəyan etdi ki, biz Madrid prinsiplərinin yenlənmiş variantına hazırıq. Bu da vəziyyətin nə dərəcədə təhlükəli olduğunu göstərir. Digər səbəblər də var. Ümumi götürdükdə rəsmi Bakı Azərbaycanın maraqlarına deyil, siyasi hakimiyyətin maraqlarına uyğun olan bu varinatı qəbul etmək istəyir. Düşünür ki, əgər seçkiqabağı bəyan olunsa ki, Azərbaycanın beş rayonu işğaldan azad olunacaq, yəqin, təsəvvür edirsiniz ki, necə "şou"ların şahidi olarıq. Ancaq təbii, xalq anlayır ki, orta və uzaq perspektivdə onu nə gözləyir. Əgər Dağlıq Qarabağa müstəqillik veriləcəksə, onda bu müharibə, on minlərlə insanın həyatını itirməsi, bir milyon insanın yurd-yuvasından didərgin düşməsi, Azərbaycan kəndlərinin, şəhərlərinin yerlə yeksan edilməsi nəyə lazım idi?".
[b]Yeni Azərbaycan Partiyasının Siyasi Şura üzvü, millət vəkili Aydın Mirzəzadə isə deyilənlərlə razılaşmır və Madrid prinsiplərinin Azərbaycanın əleyhinə olmadığını düşünür: [/b]
"Birincisi, burada Azərbaycanın ərazi bütövlüyü qəbul edilir.
İkincisi, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi sonraya saxlanılır.
Prezidentimizin bildirdiyi kimi, onun statusunun müəyyənləşdirilməsi uzun illər də çəkə bilər. Yəni heç kəs bu gün öz üzərinə nə rəhbər, nə dövlət kimi Dağlıq Qarabağa müstəqillik verəcəyini, yaxud da Ermənistana birləşdiriləcəyi öhdəliyini götürmür. Status isə ancaq və ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, Dağlıq Qarabağın bir bölgəsi, tərkib hissəsi kimi verilə bilər. Bu, muxtariyyətin dünyada mövcud olan variantlarından biri olar. Yəni bunu Ermənistan da, dünya ictimaiyyəti də bilir. Bundan sonra müxalifətin bu prinsiplərin nəyini Azərbaycanın mənafeyinə zidd hesab etməsi bizim üçün aydın deyil. Çox təəssüf ki, bizim opponentlərimiz etirazlarını bildirsələr də, onu əsaslandıra bilmirlər. Madrid prinsiplərinin Azərbaycanın ərazi bütövlüyünü müəyyən etməsi, status məsələsinin sonraya saxlanılması, bu sonranın da ancaq müzakirə nəticəsində mümkün olması açıq-aşkar elan edilib".
Madrid prinsiplərinin mahiyyətinin ictimaiyyətə tam açıqlanmamasına gəlincə, A.Mirzəzadə bu kimi fikirləri əsassız sayır. Onun sözlərinə görə, Madrid prinsiplərinin nəticəsində əldə edilmiş ilkin təxmini nəticələr qeyd olunanlardan ibarətdir:
"Madrid prinsiplərinin nədən ibarət olması barədə həm Minsk Qrupunun həmsədrləri, həm də Azərbaycan rəsmiləri tərəfindən mətbuatda məlumat verilib. Çox istərdim ki, müxalifət nümayəndələri mətbuatı gündəlik oxuyaydılar. Madrid prinsiplərinin arasında üç bənd xüsusi vurğulanıb. Ərazi bütövlüyü, müqəddəratı təyinetmə və güc işlətməmə. Ərazi bütövlüyü Azərbaycanın xeyrinə olan məsələdir. Müqəddəratı təyinetmə heç də müstəqillik demək deyil. Müqəddəratın təyin edilməsi muxtar ərazi, muxtar mədəniyyət, həmin ərazidə yaşayan milli azlıq üçün dövlət tərəfindən müəyyən öhdəliklərin götürülməsi kimi bəndlər daxildir. Güc işlədilməməsi isə - Ermənistanın öz qoşunlarını Azərbaycanın ərazisindən çıxarılmasından sonra məsələnin hərb yolu ilə həll edilməsi - öz-özünə gündəlikdən çıxır. Göründüyü kimi, bunların üçü də Azərbaycanın xeyrinə olan məsələdir".
YAP-çı deputat Ermənistan tərəfinin bu prinsipləri qəbul edib-etməyəcəyi ilə bağlı da fikirlərini bildirib. Qeyd edib ki, Ermənistan tərəfi gec-tez son variantı qəbul edəcək:
"Çünki həmin prinsiplər Azərbaycandan daha çox Ermənistana lazımdır. Ermənistanın torpaqlarımızı işğal etməsi ona külli miqdarda problemlər yaradıb. Ermənistanın qonşuları ilə sərhədləri bağlıdır, regional iqtisadi layihələrdən kənarda qalıb və s. Bu gün Ermənistana investisiya yatırmaq istiqamətində hər hansı təşəbbüs yoxdur. Bu baxımdan, Ermənistanın siyasi elitası belə vəziyyətin uzun müddət davam edə bilməyəcəyini, bir gün cəmiyyətin buna görə rəhbərlikdən hesab soracağını anlayır. Hesab edirəm ki, Ermənistan bu məsələlərdə bir qədər vaxt uzatmağa, yaxud özünə sərf edən müəyyən məqamların həmin prinsiplərə əlavə edilməsinə çalışır".
[b]Zaur ƏHMƏD[/b]