06-04-2016 [12:48]
Təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ölkənin ən peşəkar çekistlərindən olmuş yüksək çinli keçmiş MTN zabiti İlham İsmayılın qələmə aldığı, amma hələ çap olunmayan kitabının təqdimatına başlayır.
Bəri başdan oxucuları əmin etmək istəyirik ki, kitab çox maraqlıdır və müəllif o vaxt Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdiyi halda taleyin gərdişinin onu adı gələndə sovetlər ölkəsinin hər bir guşəsində dodaqları cadar-cadar edən dövlət təhlükəsizlik orqanlarına aparıb çıxarmasının tarixçəsini oxucularla bölüşür, müstəqilliyimizin ilk illərini və ondan sonrakı keşməkeşli dönəmi öz arşınıyla ölçərək maraqlı bir tablo yaradır...
Mia.az Moderator.az-a istinadən kitabdan parşaları təqdim edir:
******
"Hər bir qəbirdaşının altnda bütöv bir Ümumdünya tarixi basdırılıb".
Henrix Heyne
KEÇMİŞİN İŞIĞINDA
Bir gün yazmağa başladım və ayrıla bilmədim. Keçmişimdən yazırdım. Bu günümdən baxanda çox işıqlı görünən keçmişimdən. Bu gündən və bilinməyən, amma çox qaranlıq görünən gələcəkdən yazmağa nə ruhum var, nə inamım.
Mən keçmişimə qayıtmaqla, o günlərin və indinin baxışı ilə həyatımı bir daha düşünmək, bir daha yaşamaq, dəyərləndirmək istəyirəm. Yazmaq, ən azı adamı tənha qalmağa qoymur. Hər bir insanın ömür yolu, həyatı təkrar olunmazdı. Ən məşhur adamların da, kəndindən kənara çıxmayanların da həyatındakı bəzi hadisələr ola bilsin ki, həmin anda yalnız ona məxsus olsun, amma zaman keçər və məlum olar ki, bu həm də tarixdir.., fərdin, ailənin, ölkənin, dünyanın tarixi. Yəqin hər kəs yeri gəldikcə həmsöhbət olduğu adamlara həyatda başına gələnlərdən, yaşadıqlarından danışıb. Dostlarımla söhbətləşəndə bəzən həyatımda baş verən hadisələri xatırlayır, keçmişi yada salır və həmsöhbətlərim danışdıqlarımı yazmağı məsləhət görəndə fikirləşirdim ki, maddi və mənəvi sıxıntıların böyük biganəlik və aqressivlik yaratdığı cəmiyyətdə insanları ən az düşündürən kitab oxumaqdırsa yazdıqlarım kimə maraqlı olacaq?
Keçmişdən yazmaq xoşdu ona görə ki, ömrümün ən ağır, çətin günlərini yaşadığım bir vaxtda, problemlərin bitib-tükənməyəcəyi kimi gəldiyi bir dönəmdə, arxaya nəzər salmaq, bu gündən baxanda qayğısız kimi görünən illərim mənə təsəllidi. Keçmişdən yazmaq çətindi, ona görə ki, həyat şansını əldən verib çıxılmazlıqlar məngənəsində ömrün astanasına yaxınlaşdığın acı reallıq kimi qəlbini didir və gələcəyə inamsızlıq yaradır. Bu "dəyişkən əbədi həyatın” ömrün finalına yaxın dəyişəcəyi möcüzə olardı, o möcüzə ki, bu yaşımadək baş verməyib, bu gündən sonra da taleyimə işıq saçacağı bəlkə onda möcüzə olardı. Sonra da düşünürəm ki, bunların möcüzəyə dəxli yoxdu, bu sadəcə mənim ümidimdi, mənimlə öləcək ümidim. Dövran o həddə gəlib çatdı ki, Balzakın dediyi kimi ”... bu vadidə sevinclər yalançı, iztirablarsa həqiqətdir”. Görünür bir dostumun dediyi kimi biz - yəni yaşıdlarım itirilmiş nəsil olduq.
Bəs, doğrudan da yazdıqlarım maraq doğuracaqmı? Həyatımın qələmə aldığım səhifələri şəcərəmin, ölkəmin, vətənimin tarixinin bir parçasıdı, elə buna görə marağın olacağına ümid etmək istəyirəm...
Yox , mən beşiyimdən başlamayacam...
*****
Dünyada xüsusi xidmət orqanlarının işi, fəaliyyəti haqqında çoxlu kitablar yazılıb. Casusluq dünyanın ən qədim peşəsindən sonra ikinci peşə hesab olunur, bəzən isə lap birinci. Yəni, zarafatla deyirlər ki, ən yaxşı xanımı əldə etmək üçün də casusa ehtiyac var. Dünya inkişaf etdikcə casusları hazırlayan, onları idarə edən qurumlar təkmilləşdi və son yüz ildə istənilən dövlətin bel sütununa çevrildi. Dünya təhlükəsizliyi informasiya ilə idarə olunur, informasiya ilə təhlükəsizlik qorunur. Dünyanın ən məşhur kəşfiyyatçıları, əks kəşfiyyatçıları zaman keçdikdən sonra fəaliyyətləri barədə memuarlar, xatirələr yazıblar. Bu böyük ədəbiyyat olmasa da insanlar tərəfindən həmişə maraqla qarşılanıb. Məxfilik, sirlər, gizli fəaliyyət həmişə insanın maraq hədəfidi, hətta üstündən xeyli zaman keçsə də. Əlbəttə, hesab olunmasın ki, zaman keçir və bütün sirləri açıb tökürlər...Bu peşənin sahibləri nə qədər açıqlamalar versələr də hər kəs bir xeyli sirri də özü ilə o dünyaya aparır. Mən bu sirli, gizli, məxfi , insanlarda birmənalı reaksiya doğurmayan təşkilatlarda - SSRİ DTK və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində işlədiyim dövr haqqında yazmaq istəyirəm. Necə oldu ki, jurnalist yox, xəfiyyə oldum...
*****
1980-ci il, universiteti bitirdim.Təyinatım Bərdəyə verilmişdi. Bakıda qalıb bir iş tapmaq olardı, amma anam tək idi, kəndimizə, anamın yanına getməyə qərar vermişdim və bu fikrimdə heç bir tərəddüdüm yox idi. Qatara minəndə məni yola salmağa gələn tələbə yoldaşlarımla deyə-gülə ayrıldıq, amma içimdə qəribə bir hiss vardı, elə bilirdim gəncliyimlə vidalaşıram, baxmayaraq ki, 23 yaşım vardı. Adətən tətil vaxtı Bakıdan evimizə gedəndə yol boyu tətil müddətində nə edəcəyimi fikirləşərdim, bu dəfə əksinə, keçmişi - tələbəlik illərimi kino lenti kimi gözümün önündən keçirir, yadıma düşən xatirələrin həyəcanından ürəyimin döyüntüsünün relslərdən gələn bəzən ritmik, bəzən qarışıq səslər kimi dəyişdiyini hiss edirdim. Kənddə yaşamağa, işləməyə gedirdim.
*****
22 oktyabr 1957-ci ildə Qarabağda,Tərtərin Sarıcalı kəndində dünyaya göz açmışam. Rayonda iki Sarıcalı kəndi var. Bizim kəndimizə Yedditəpə Sarıcalı da deyirlər. Kəndimizin üstündə 7 kurqan olduğundan Tərtərçayın sol sahilində, Bərdə -Tərtər yolunun 10 kilometrliyində olan kəndimiz Cavanşir elinin 25 oymağından Bəhmənilər tayfasının qolu olan sarıcalıların Qarabağdakı yeddi Sarıcalı kəndindən biridi. Türk tayfası olan sarıcalıların Qarabağ tarixində önəmli rolu olub. Qarabağ xanlığını da Pənahəli xan Sarıcalı öz tayfasının qoçaq kişiləri ilə qurub. Atam, babalarım köklü sarıcalılardı. Atam deyirdi ki, Qacarın birinci mühasirəsində Şuşa camaatı aclıqdan böyük əziyyət çəkib. Mühasirə bitəndə torpaqları aranda olan bəylər , qohum əqrabalarıyla birlikdə aşağı, arana köçürlər. Mənim ulu babam Abbas kişi də Şuşadan həmin vaxt köç edənlərdən olub. Sonra onun oğlu Mahmud, onun da oğlu, indi soyadını daşıdığım İsmayıl kişi və atam Köçəri Sarıcalıda dünyaya gəlib və kəndimizdə də rəhmətə gediblər. Kəndimizin bəyi Xanlar bəy Sarıcalinski, Qarabağın məşhur simalarından olan polkovnik Xanlar bəy Sarıcalinskinin kiçik qardaşının oğlu olub. Polkovnik Xanlar bəy Sarıcalınski gənc yaşlarında rəhmətə gedib, qardaşı da onun xatirəsinə oğlanlarından birinə Xanlar adı verib. Bu atamın evdə, bizə, qardaşıma danışdıqlarından yaddaşımda qalanlardı. Mən bu kənddə birinci sinifə getmişəm. O vaxt məktəbimiz 8- illik idi, 9-cu sinfi qonşu Bərdənin Yenidaşkənd məktəbində oxumuşam, 10-cu sinfi isə Tərtər şəhər 2-nömrəli məktəbdə bitirmişəm.
Atam kolxozun baytar həkimi idi. Kənddə İsmayıl oğulları kimi tanınan - Musa, İsa, İsax və atam Köçəri dörd qardaş olublar. Atam qardaşların kiçiyi idi. Atam rəhmətə gedəndə heç on yaşım tamam olmamışdı. Ailədə yeddi uşaq olmuşuq. Qardaşım Yusif evin ilki, mənsə sonbeşiyiyəm. Aramızda beş qız, beş bacım var. Qardaşım Yusif İsmayıl universitetin jurnalistika fakultəsini bitirmişdi. 70 - 80 - ci illərdə ölkənin tanınmış jurnalistlərindən biriydi. Qızıl Qələm mükafatı almış, iki kitab müəllifi idi. Bacılarımın üçü Tibb Texnikumunu, biri pedoqoji institutu, bacılarımın balacası Bəsti isə universitetin filologiyasını bitirib. Atam öləndə qardaşım və iki bacım ailə qurmuşdu. Anamın "yükü” ağır oldu, üç qızı oxudub ərə vermək, məni oxutmaq, bir kənd qadını üçün çox çətin idi. Altmışıncı illərin əvvəlində kənddə qız uşaqlarına orta məktəbdən sonra təhsil verməyin dəbdə olmadığı zamanlarda bacılarıma texnikum təhsili və ali təhsil verməyi ata-anamın xüsusi rəşadəti sayıram. Anam haqqında ayrıca söhbət edəcəm. İndi isə Bakıdan qatarla evimizə, kəndimizə, anamın yanına qayıdırdım.
”Gün keçdi” filmində bir epizod var. Əsmər divardan asılmış rəsmə baxıb Oqtaydan soruşur ki, ”bu nədi? Oqtay: Günəş Sarayıdı – deyir, gələcəyin layihəsidi. Əsmər: Bəs indi nə ilə məşğulsan? Oqtay: - indi rayon hamamlarının layihəsini verirəm”. Universitet illərində tələbə yoldaşlarımla "Literaturnaya qazeta”, ”Komsomolskaya Pravda”, ”İzvestiya” kimi qəzetlərin müxbirləri kimi yazmağı, cəmiyyətdə baş verən hadisələrə onlar kimi yanaşmağı düşünürdük, yeniliklər etməyi fikirləşirdik. Təyinatla getdiyim Bərdənin "Kommunizm yolu” qəzetində "Literaturnaya qazeta” nın yazısına azca da olsa oxşar yazı yazmağımın "Günəş sarayı” ilə "rayon hamamının layihəsi” kimi bir təzad olduğunu da reallıq kimi qəbul edir və o qənaətə gəlirdim ki, tələbəlik illərinin düşüncəsi, avantürası, hətta romantikası arxada qaldı. Reallıqla barışmasam da, hesablaşmağa məcbur olacağımı bəri başdan hiss edirdim.
Təyinat vərəqini Bərdə rayon partiya komitəsinə təqdim etməli idim. Gəlişim pambıq yığımının şıdırğı dövrünə düşmüşdü. Pambıq yığımı mövsümündə Bərdədə gündüz küçədə heç kəs gözə dəyməzdi, tam səfərbərlik elan olunur, bütün idarə və təşkilatlar pambıq yığımına cəlb edilir, şəhər, ümumiyyətlə bütün rayon ölü məkan təsiri bağışlayırdı. Saat 6 - dan sonra raykoma gəldim və təyinat vərəqəmi birinci katib Rüstəm Səfərəliyevə təqdim etməli olduğumu köməkçiyə dedim. Köməkçi katibin qəbul etməyəcəyini, nə vaxt qəbul edəcəyini də bilmədiyini söylədi və məsləhət gördü ki, buralarda olum, bəlkə qəbul etdi. Bu minvalla bir həftə hər gün gəlib qəbul otağında gözləyir və qəbul olunmurdum. Bir gün ikinci katib Atlas Məmmədova üzümə baxıb soruşdu: ”səni hər gün burda görürəm, nə istəyirsən, kimsən sən?” Cavabımı gözləməyib məni kabinetinə dəvət etdi. Təyinatımı göstərib danışdım. Gülüb dedi ki, pis vaxtda gəlmisən, katibin, elə hamımızın başı pambığa qarışıb, amma mən katibə məlumat verərəm, sabah gəl. ”Bir neçə gün gəlib –gedəndən sonra, nəhayət ki, Səfərəliyev məni qəbul etdi. Ağ saçlı, arıq, hündürboylu bu kişidən rayonda hamı qorxur, çəkinirdi. Zəhmi ağır idi. Sənədi alıb baxdı, haralı olduğum, kim olduğum, ailə vəziyyətim barədə suallardan sonra - lap yaxşı, dedi, tapşıraram redaksiyada işləyərsən. Fikirləşirdim ki, yəqin bir iki günə fəaliyyətə başlayaram. Bir ay gəldim, getdim, redaksiyaya da baş çəkdim. Qəzetin redaktoru: - bu redaksiyada bir nəfər də ixtisaslı jurnalist yoxdu, çox istəyərəm ki, sən işləyəsən, Yusifə (qardaşımı deyirdi,o vaxt qardaşım Yusif İsmayılov "Azərbaycan Gəncləri "qəzetində işləyirdi ) böyük hörmətim var, amma mən kimi işdən çıxarım səni işə götürüm? Katibə də deyəcəm, görək nə deyir? Kəsəsi, pambıq mövsümü bitdi, il də qurtardı, amma mənim iş məsələm həll olunmurdu. Bu arada Gəncəyə getdim, ”Kirovabad Kommunisti” qəzetinin redaktoru Sabir Hacıyevlə görüşdüm. Gəncədə işləmək istədiyimi və mümkünsə kömək etməsini xahiş etdim. Sabir müəllim də qardaşımı tanıyırdı, razılıq verdi, amma dedi ki, təyinatını mütləq dəyişdirib Gəncəyə almalısan, yoxsa mümkün olmayacaq. Gəncəni seçməyimin səbəbi o idi ki, bu şəhəri, insanlarını çox sevirdim. Tələbəlik illərində yay tətilini demək olar ki, Hacıkənddə keçirərdik. Yeni dərs mövsümünə təzə paltarı gəlib Gəncədə almağımdan tutmuş, adamların mehribanlığı, təbiətinin gözəlliyi məni həmişə özünə çəkirdi. Gəncədən ümidlə, sevinclə qayıtdım. Sabahı Bərdəyə gedib Atlas müəlliməyə dedim ki, mən özümə iş tapmışam, xahiş edirəm Səfərəliyevə deyin, mənim təyinatıma etiraz yazsın, təyinatımı dəyişdirməliyəm. Atlas müəllimə: ”İnanmıram Səfərəliyev Mərkəzi Komitənin təbliğat-təşviqat şöbəsinin təyinatına otkaz yazsın”. Elə də oldu. İki gündən sonra Səfərəliyevlə pilləkəndə rastlaşdıq. Üzümə baxıb: Sabah gələrsən qəbuluma - dedi. Artıq özümü Gəncənin işçisi kimi hiss edirdim və ürəklənib soruşdum: ”Sabah nə vaxt gəlim?” Səfərəliyev təəccüblə üzümə baxıb-günortadan sonra gələrsən, dedi. Sonralar onun təəccübünü anlamışdım. Səfərəliyev deyirdisə sabah gəl, deməli səhər tezdən gəlməli, lazım gəlsə, günün sonuna qədər gözləməliydin. Evimizə gələndə anama dedim ki, ”az qala Əbdürrəhim bəyin "Zavtra”sındakı kimi zavtranı atam, bezdirdi bu get, sabah gələrsənlər. ”Anam cəmi 4 sinif təhsil alsa da, filoloq bacımın, mənim oxuduğumuz bədii əsərlərdən, xüsusilə Mirzə Cəlilin, Əbdürrəhim bəyin hekayələrindən məlumatlıydı. Həmişə biz kitab oxuyanda, üzümüzdə yaranan hisslərə reaksiyası belə olurdu: ”Niyə paxıllıq edirsiniz, bərkdən oxuyun görüm, nə yazırlar ?” Anama hekayə oxumaqdan ləzzət alırdım. Onun oxuduqlarıma reaksiyası o qədər təbii olurdu ki, o reaksiyadan yeni bir hekayə yazmaq olardı. Əbdürrəhim bəyin "Zavtra” sından anamın məlumatlı oldugunu bildiyimdən bu sözləri söyləmişdim. Anam həm də Əbdürrəhim bəyin uzaq qohumu olduğunu deyir, Vəzirovlarla Əbdürrəhim bəyin qohum olduğunu danışardı. Anamın nənəsi Güllü xanım Vəzirovlar nəslindən idi. Qonşu Zümürxaç kəndinin Vəzirovların kəndi olduğunu, Zülfüqar bəy, Əsgər bəy Vəzirovların, Sovet İttifaqı Qəhrəmanı Aslan Vəzirovun qohumları olduğunu fəxrlə deyərdi. Hamımızın xüsusi hörmət etdiyi Həcər xanım Vəzirova (Zülfüqar bəyin xanımı ), Ziba xanım Vəzirova (Əsgər bəyin xanımı ) anamın yaxın qohumları, evimizin ən əziz qonaqları idi. Anam çox səbrli idi, hirsləndiyimi, fikirli olduğumu görüb dedi: "çox fikir eləmə, bir də gördün sabah sənə bir iş verdi.” Sabah getdim, bütün günü gözlədim, Səfərəliyev məni qəbul etmədi, amma köməkçisinə tapşırıbmış ki, o Mirbəşirdən (Tərtərin o vaxtkı adı) gələn oğlana de sabah tezdən yanımda olsun. Sabah məni qəbul etdi. Üzünü pəncərəyə tutub məni görməmiş kimi sözə başladı:
-Eşitdim, Kirovabada getmək istəyirsən. Nə işin var əə.. orda? Ora ciqanxanadı, böyrünə bir bıçaq vurajaxlar, öləssən. Sən mənə burda lazımsan. Gələn il ”Azərbaycan” kolxozunda qəzet buraxdıracam. Kim çıxaracaq o qəzeti? Gözümün qabağında olacaqsan, burda, raykomda.
Sonra selektorun düyməsini basıb, komsomolun birinci katibini çağırdı. Məni təlimatçı vəzifəsinə təyin etdiyini dedi. Açığı bu təyinata çox sevinirdim, anama görə. O, tək qalmayacaqdı, mən Gəncəyə gedəsi olmadım. Sabahdan Bərdə rayon komsomol komitəsinin təlimatçısı kimi işə başlayacaqdım.
*****
Jurnalist kimi fəaliyyətə başlamamağım, açığını deyim ki, məni bir o qədər də təəssüfləndirmədi. Rayon qəzetində ”xarüqələr” yaradası deyildim. Zəhmətkeşlərin həyatından, sosializm yarışından boz yazılar yazmaqdan başqa yeni bir şeylər yazmaq inqilab kimi bir iş olardı və o "inqilabı” heç kəs, qəzetin redaktoru Inqilab müəllim isə heç bağışlayası deyildi. Universitetdən birbaşa "raykomda” işə başlamaq karyeranın uğurlu başlanğıcı idi və belə də oldu...
****
Komsomol həyatının yaddaqalan günləri az olmadı, yeri gəldikcə yazımda xatırlanacaq, amma məqsədim bu deyil. Hər gün Bərdədən 10 km məsafədə olan kəndimizə gedib gəlir, aldığım 130 rubl maaşın yarısı elə yol puluna gedirdi. Üç aydan bir az çox idi ki, işləyirdim, bir gün rayon icraiyyə komitəsinin sədri Sabir Quliyevin kabinetinə gedib hansısa sənədi ona təqdim etdim. Kabinetdə hal-əhval tutduq, işimdə möhkəm olmağımı tapşırdı və perspektivdə partiyanın üzvü olmağın vacibliyini, komsomol, partiya xəttilə inkişaf edəcəyimi tövsiyyə etdi. Bu vaxt içəriyə orta yaşlı bir kişi girdi, Sabir müəllim mənimlə xudahafizləşib, gələn adamı qarşıladı. Gələn mənə baxıb: -Sabir müəllim, bu cavan oğlan kimdi, indiyədək heç görməmişəm. Sabir müəllim kimliyimi deyəndən sonra o mənə baxıb: Sənin hündür boyun, universitet təhsilin var, komsomolda işləyirsən, sən əsl bizim kadrsan. Ardınca da: KQB – də işləmək istəməzsən? Mən Sabir müəllimin üzünə baxanda o, Səyyaf Zeynalovun KQB işçisi olduğunu, Ağdamda işlədiyini dedi. Qapıdan çıxanda Zeynalov: - fikirləş, səninlə görüşəcəyəm. Kabinetdən çıxıb iş yerimə tərəf gedir, amma fikrim indicə mənə edilən təklifin yanındaydı. KQB barədə bir az xof, bir az romantika, bir az da xoş olmayan təsəvvürüm vardı və nə edəcəyimi, nə cavab verəcəyimi bilmirdim. Elə bilirdim ki, razılıq versəm, sabahdan işə çıxacağam. Beləcə, fikirli - fikirli evə gəldim. Anama vəziyyəti danışdım. Çox sakit qarşıladı və pilləkənlərdə oturub qayğı dolu baxışlarla bir müddət əlindəki çubuqla yeri cıza - cıza nəsə fikirləşir, hərdən dərindən köks ötürürdü. Nəhayət, ayağa qalxıb: "olar yaxşı, olmaz lap yaxşı”.
*****
Anam bəy qızı idi, babam Nüsrət bəy Temirxanbəyov Agdərənin İmarət Qərvənd kəndinin bəyi olub. Babamın babası Temirxan bəyə "çinli Temirxan bəy” deyərmişlər. Kolanı bəylərindən olan ulu babam Temirxan bəy Rusiya – İran müharibəsində xüsusi şücaət göstərdiyinə görə ona rütbə verirlər. Nənəm Nisə xanım deyirdi ki, Xurşudbanu Natəvanın atasının göstərişiylə Ağdərənin İmarət Qərvənd kəndi və ətrafında 70 desyatin torpaq Temirxan bəyə verilibmiş. Temirxan bəyin iki oğlu olur. Paşa bəy, Əli bəy. Paşa bəy babam Nüsrət bəyin atası, Əli bəy isə nənəm Nisə xanımın atasıdı. Babamla nənəm əmioğlu - əmiqızı olublar. Nənəmin atası Əli bəy Port-Artur müharibəsinin iştirakçısı, zabit rütbəsində geri dönən bəy olub. Elə bu şücaətinə görə də Vəzirovlardan qız alanda tərəddüd olmayıb, Güllü xanım Vəzirova Əli bəy Temirxanbəyova verilib.
Əli bəyin üç oğlu, Azadxan, Muradxan, kiçik oğlu Temirxan, qızları Nisə, Zəriş, Şirin. Nisə xanım nənəmdi. Ağlım kəsəndən nənəmə ətrafdakıların Nisə xanım deyə müraciət etdiklərini eşitmişdim. Paşa bəyin isə üç qızı və bir oğlu babam Nüsrət bəy Temirxanbəyov olur. Babamın ilk övladı-qızı, anam Firəngiz, oğlanları Paşa, Kamal, Valeh, Qəzənfər – yəni mənim dayılarım olub. Sovet hakimiyyəti gələndə, kollektivləşmə başlayanda, babama münasibət pisləşir. Babam bur müddət qaçaq kimi yaşayır, sonra başqa bir tayfayla qan davası da düşür. Babamı axtarırlar, amma tapa bilmirlər. Sovet hakimiyyəti babamı tərksilah etmək üçün bütün ailəni həbs edib Agdərə zindanına salır. O vaxt anamın 13 yaşı varmış. Bir aydan çox zindanda saxlayırlar nənəmgili. Bir gün gəlib deyirlər ki, bəy tutuldu, azadsınız, amma kənddə yaşaya bilməzsiniz. Nənəmgili İmarət Qərvənddən sürgün edirlər. Anam danışardı ki, iki arabaya yorğan döşək, bəzi əşyalar götürməyə icazə veriblər. Arabanı sürən ermənilər olub. Tapşırıblar ki, bu ailəni Yevlax dəmiryol vağzalına aparıb düşürün, ordan hara istəyirlər getsinlər, bircə geriyə dönməsinlər. 1934-cü ilin yayında nənəm Nisə xanım, anası Güllü xanım, 5 övladı, iki bacısı iki araba yüklə sürgün edilirlər. Kəndimiz Sarıcalının yanından keçəndə kəndin adamlarından Sarı Hüseyn arabaya baxıb nənəmi tanıyır. Anam deyirdi ki, Hüseyin cavan oglan idi, gəlib nənəmgilin kəndinin yanındkı meşədən qışa odun hazırlığından ötrü babamdan icazə alandan sonra ağac kəsib odun aparırmış. Nənəm o vaxtlar meşədə azan bir qız uşağını - Tellini evində saxlayırmış, biəndə ki, Hüseyn subaydı, deyir gəl bu qızı verim sənə, yetim qızdı, evlən onunla. Hüseyn razı olur, Tellini özü ilə aparır. Sonralar Hüseyn dayı, Telli xala kimi tanıyacağımız kəndimizin adamları. Mən universitetdə oxuyanda Telli xalanın qohumlarının tapıldığını eşitdik. Göyçənin Zod kəndindən gəlmişdilər və Xanlar rayonunda məskunlaşmışdılar. Həmin Hüseyn kişinin evi yolun kənarındadı. Arabada nənəmi görüb, arabanı saxlatdırır, soruşur ki, Nisə xanım, bu nə köçdü belə? Nənəm Nüsrət bəyin tutulduğunu, onları da sürgün elədiklərini deyir. Hava çox istiymiş. Dağdan enən erməni arabaçılar da lap təngnəfəs olubmuşlar...
Hüseyn kişi arabaçılara deyir: Ya Yevlaxa apardınız, ya burda düşürdünüz, nə fərqi var, qayıdanda deyin ki, Yevlaxda düşürdük. Birtəhər erməni arabıçıları razı salırlar. Nənəmgil kəndə düşürlər. Bir gündən sonra nənəm deyir ki, el-elə sığar, ev - evə sığmaz, kənddə ev satan olmaz? Anam danışırdı ki, dedilər kolxozun sədri köçüb gedir, evini də satır. Nənəm deyir ki, evi alıram və iki qızıl onluğa (bəy arvadının ehtiyyatı həmişə olub) evi, həyəti alır. Elə həmin il -1934- cü ildə babam Nüsrət bəyi 34 yaşında Sovet hakimiyyəti güllələyib.
Güllü xanım iki qızının və nəvəsi, anamın ərə verilməsini vacib sayır. Güllü xanım deyərmiş: Ərlik qızlardı , dünyanın da pis vaxtıdı, bəy qızlarına sataşarlar, biabır olarıq, ağlı başında olan biriləri ortaya çıxanda qızları vermək lazımdı. Atam bəyliyi tanıyan, hörmət edən kişi olub. Böyük qardaşlarını elçi göndərib, anamla 1936 –cı ildə evlənmişdi. Sürgün olmuş, hökumətin gözündə hələ də düşmən olan bir bəy qızı ilə evlənmək də o vaxtlar hər kişinin işi deyildi. Dayım Paşa İkinci Dünya Müharibəsindən 1945-ci ildə qayıdanda onun görüşünə gələn nənəmin baldızı oğlanları, yəni anamın bibisi oğlanları nənəmə deyirlər ki, hamımız Goranboyun Xanqərvənd kəndinə yığışmışıq, sən də gəl köçək ora. Nənəm razılaşır və qohumlarının yanına köçür. Köçəndə evini, həyətini anama verib gedir. Nənəmin anası Güllü xanım artıq rəhmətə getmiş, bacıları Zəriş, Şirin də ərə getmişdilər. O ev, o həyət mənim dünyaya göz açıb, boya –başa çatdığım ata, ana yurdumdu. Anamın qayğılanmasını çox sonralar dərk etdim. NKVD qorxusu, bu ad gələndə keçmişin faciə dolu günlərini anamın xatırlaması və qayğılanması təbii idi. Sovet hökümətinin qorxusu hələ yaddaşlarda idi və anam neçə illər keçsə də həmişə deyirdi: "çuğul hələ ölməyib”. Balalarına, qardaşlarına görə hər şeyin yenidən çözülməsindən çəkinirmiş. Hərçənd illər keçmiş, Stalindən sonra ölkədə yumşalma dövrü başlamışdı. Babamın güllələnməsindən 30 il sonra Kamal dayımı respublikanın ən böyük kolxozlarından birinə - Goranboyun Xanqərvənd kəndinə, Lenin adına kolxoza sədr təyin etmişdilər və dayım 10 il bu vəzifədə işləmişdi, sonra da başqa vəzifələrdə. Kiçik dayım Valeh Paşayev Leninqradda elmi işini müdafiə edib kənd təsərrüfatı elmləri namizədi adını almış və respublikanın elmi-tədqiqat əkinçilik institutunda şöbə müdiri, partkom vəzifələrində çalışmışdı. Bir məsələni vurğulamaq istəyirəm. Dayılarım Paşayev (babaları Paşa bəyin adı ilə) soyadını daşısalar da, anamın soyadı vəfat edənədək pasportda Temirxanbəyova qaldı. Anamı əvvəllər Sovet höküməti kolxoza üzv kimi qəbul etmədi, illər keçəndən sonra yumşalma baş versə də, anam özü istəmədi.
*******
Qaranlıq düşmüşdü, yaz axşamında evə adətən gec girər, həyət-bacada bir işlər görərdik. Bu vaxt həyətimizə maşın gəldi, böyük bacımın yoldaşı Məzahir müəllimin sürücüsü idi. Məzahir müəllim Tərtər rayon icraiyyə komitəsinin sədri vəzifəsində işləyirdi. Sürücü yaxınlaşıb: -Məzahir müəllim dedi ki, sabah Ağdama, KQB –yə getsin, amma bu barədə heç kimə bir kəlmə də danışmasın. Bir anlığa özümü vacib, maraqlı bir adam kimi hiss etdim. Sirr saxlamaq! Bu zəruri məziyyət sonra həyatıma hakim kəsildi, amma onun ilk duyğusunu həmin yaz axşamı kənddə, evimizin pilləkənləri qarşısında yaşadım. Səyyaf Zeynalov qohumluğumuzu öyrənib və Məzahir müəllimə zəng vurub məsələni ona söyləyibmiş...
Səhəri Ağdama getdim. DTK-nın rayon bölməsinə yaxınlaşdım, qapıçı məni Zeynalovun, o da öz növbəsində rəisin yanına apardı. Rəis Əvəz Quliyevin ilk sualı rus dilini necə bilməyim oldu. Sonra söhbət rus dilində aparıldı. Rəis nəticədən razı qaldığını, amma çalışmamın vacibliyini deyib, tərcümeyi- halımı rus dilində yazıb Zeynalova verməyimi tapşırdı. Avtobioqrafiyamı rus dilində yazıb təhvil verdim, bir az da həyəcanlıydım ki, qrammatik səhvlərim olsa nə deyəcəklər? Yazdıqlarıma baxıb, yaxşı yol dedilər və özləri əlaqə saxlayacaqlarını deyib, xudahafizləşəndə bir daha tapşırdılar ki, bu barədə heç kimə bir kəlmə də danışmayım. Ağdamdan qayıdanda fikirləşirdim ki, yəqin bir neçə günə işə başlayacam. Təxminən iki ay keçmişdi, öz-özümə bu qənaətə gəlirdim ki, yaddan çıxmışam, bu da bir iş idi, maraqlandılar və hər şey bitdi. İyun ayı idi, səhər iş otağıma yenicə girmişdim ki, zəng gəldi, KQB-dən Zeynalov idi, tapşırdı ki, Ağdama gəlim. Məlumat üçün bildirim ki, DTK Ağdam rayon bölməsi Ağdamdan başqa Ağcabədi, Bərdə, Tərtər rayonları ərazisində xidməti funksiyanı həyata keçirirdi. Bu zəngdən sonra məndə yenidən yaxşı əhval və sevinc dolu ümid yarandı. Ağdamda rəis qəbul edib söylədi ki, hamını yoxladıq, cavablar müsbətdi, qaldı sağlamlığın, sonra da əlavə etdi :Bir xəstəliyin - filan yoxdu ki? Yox cavabımdan sonra sağ olan dayılarım, əmilərim, bacılarımın yoıdaşları barədə də yazılı informasiya alıb, çağıracaqlarını deyib yola saldılar və həmişəki kimi heç kimə heç nə danışmamağımı xatırlatdılar.
Bölmədən çıxandan sonra anlayırdım ki, məsələ düşündüyüm kimi sadə deyil. Ailəmiz, yaxın qohumlar yoxlanılır, özüm yoxlanıram, mənə nəzarət olunur.Yoxlama mexanizmlərin necə olduğunu bilmirdim və yalnız işə qəbul olandan sonra bu prosesin necə həyata keçirildiyini öyrəndim, daha doğrusu öyrətdilər. Sadə görünən isə rayon bölməsindəki iş otaqları, işçi sayının az olması, başqa idarələrin iş otaqlarından xüsusi bir fərqin olmaması idi. Amma, bundan sonra hər şey görünən sadəlikdən mürəkkəbliyə doğru inkişaf etməyə başladı.
Avqust ayında Zeynalov məni yenə Ağdama çağırıb DTK-nın poliklinikasına göndəriş vərəqəsi verdi. Bakıya gəlib poliklinikada həkim komissiyasından keçdim. Hər bir yoxlamadan sağlam çıxdım, dişlərimdən başqa. Komissiya bir neçə xəstə dişimin olduğunu, müalicəyə ehtiyac olduğunu söyləyib, müalicədən sonra gəlməyimi bildirdi. Bu faktı yada salmaya bilərdim. Yazmaqda məqsədim odur ki, KQB-də, xüsusi xidmət orqanlarında həqiqi hərbi xidmətə qəbul olunananlara ciddi yanaşma vardı. Bəlkə də deyə bilərdilər ki, komissiyadan səni keçiririk, amma get dişlərini müalicə et. Xeyr. Xüsusi xidmət orqanında münasibətlər çox ciddi, prinsipial, professionallıqla qurulmalıdı. Burda ilkin münasibət həm də xarakter formalaşdırır, bu isə keyfiyyətli xidmətin başlanğıcıdı, zabitin gələcək işinə prinsipial yanaşma tərzidi, burda "qanunun yanından keçmə " anlayışı olmamalıdı, çünki bu cür yanaşma əvvəl bir nəfərin işini, sonra bütöv bir qurumu, nəhayət adından göründüyü kimi dövlətin təhlükəsizliyini təhlükəyə sala bilər. Yaxın tariximizdə biz bu vəziyyətin şahidi olmuşuq.
Tez bir zamanda dişlərimin müalicəsi başa çatdı və təkrar komissiyadan ugurla keçdim. KQB-nin yoxlamaları isə davam edirdi. Orta məktəbdə ədəbiyyat müəlliməmizlə, direktorla barəmdə söhbət etdiklərini bir neçə gündən sonra eşitdim. Universitet müəllimlərimlə, dekan Tofiq Rüstəmovla söhbətlərini də sonralar öyrəndim, qiymət cədvəlimə qədər baxmışdılar. Bir gün Zeynalov iş yerimə gəlib bir sənəd verdi, ordakı suallar və tezislər əsasında avtoreferat yazmalı olduğumu söylədi. Bir ay vaxtım olduğunu deyib getdi. Sənəddə xeyli suallar vardı, avtobioqrafik suallarla yanaşı, dostluq və dostlarım haqqında, hobbi, maraq dairəsi, ədəbiyyat, sevdiyim yazıçı, bəstəkar haqqında , musiqiyə, hətta heyvanlara münasibət barədə suallar qoyulmuşdu. Azərbaycan dilində referatı hazırlayıb, Leninqradda təhsil almış qohumum Cavanşir müəllimin yanına gedib bir yerdə tərcümə etdik. Maraqlı avtoreferat alınmışdı, yəni oxunaqlı idi, suallar nə qədər rəsmi olsa da, cavablarda bədii detallar, hətta romantika vardı.
Bərdədə işləməyimin bir ili tamam oldu. Kommunist Partiyasına üzv olmağım vacib şərtlərdən idi. Ərizə ilə müraciət etdim. Partiyaya qəbul edənlərlə bir binada oturduğum, hər gün görüşdüyüm adamlar heç bir bürokratiyaya yol vermədən məni üzvlüyə namizəd kimi KP-na qəbul etdilər. Ağdama gedib məlumat verdim.Yadımdadı, rəis Əvəz Quliyev Bakıya zəng edib hazırladığı kadrın, yəni mənim artıq partiyaya qəbul olunduğumu dedi və əlavə etdi ki, ”gəlin bu məsələni uzatmayaq, bu oğlanı ya birbaşa işə götürün, ya da məktəbə oxumağa göndərin, bizim də adımızı o qara siyahıdan çıxarın". Telefonu yerinə qoyub - yəqin avqustda səni oxumağa göndərəcəklər-dedi. Hələ yoxlamaların bitmədiyini, hərəkətlərimə diqqət etməyimi tövsiyyə etdi.
May ayı gəldi, məzuniyyətə çıxdım və Moskvada komsomolun Mərkəzi Komitəsinin "Yoloçka” istirahət mərkəzinə getdim. Kaş getməyəydim. Bu, ömrümün ən kədərli, heç vaxt yaddan çıxmayan, həmişə əzabla xatırlayacağım məzuniyyətim oldu. Anam məni qapıya qədər yola salıb, üzümdən öpdü...
Ardı var...
Trampdan gözlənilməz bəyanat: "Putin dəli olub, əgər o, bunu edərsə, Rusiya çökəcək"
Tramp Aİ ilə anlaşdı - 50%-lik tarif 9 iyuladək təxirə salınıb
İmişli rayon sakini güllələnib
AMİP QURULTAYA GEDİR - Ali Məclis "hə" dedi
Türkiyə super liqasını tərk edən son komanda bəlli oldu
"Fənərbağça" Avropa çempionu oldu
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Nə istəyirsə, qoy desin" - Ayaz Salayev Röyaya baş qoşmadı
Azər Bağırov istefa verdi
Xəzər dənizi sahilində 117 ölü suiti aşkarlanıb
7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat tapılıdı - Bu gün qəbul imtahanı keçirilib (YENİLƏNİB)
Prezident senat sədrini qəbul edib - FOTOLAR (Yenilənib)
Azərbaycanlı zəvvarlar Həcc ziyarətinə gedib
Şuşada “Xarıbülbül” VIII Beynəlxalq Musiqi Festivalının açılışı oldu
Azərbaycan nefti 68 dollara qalxdı
Hikmət Hacıyev, Zeynal Nagdəliyev, Fuad Ələsgərov, Altay Həsənov, Ramil Usubov və... - Onların qəbul günləri + CƏDVƏL
Bloqerlər və influenserlərin "separat reklam" oyunları bitdi - Yeni qanun nələr vəd edir?
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ermənilər Bakıda hakim qarşısında: “Ağdam, Cəbrayıl, Ağdərə, Füzuli və..." (YENİLƏNİB)
"Real Madrid" Karlo Ançellotti ilə yollarını ayırdığını açıqlayıb
Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi
MHP sədrindən "namizəd olmayacam" deyən Ərdoğana mesaj: "Türkiyənin sənə ehtiyacı var, geri çəkilə bilməzsən..."
Mərkəzi Bankın valyuta ehtiyatları artıb, qızıl isə azalıb - Hesabat
Dövlət Agentliyi, MSK, ƏƏSMN... - Bu qurumların istismar müddəti bitmiş xidməti maşınları satışa çıxarıldı
Qurban bayramı: 126 ünvanda heyvan satışı və kəsimi olacaq - SİYAHI
İcra başçısı məktəb direktorunu özünə müavin təyin etdi
Lalə Şövkətin oğlu: "O, heç vaxt öz görüşləri haqqında danışmır" - "Qarşıda çox xoşagəlməz hadisələr ola bilər"
Növbəti iki gündə güclü külək əsəcək - Xəbərdarlıq
Hücumçu "Fənərbağça"dan ayrılır - Azarkeşlərə görə
Lavrov: Azərbaycanla Ermənistan arasında sazişə dəstək verməyə hazırıq" - “Ermənistanla Türkiyə arasında..."
Rusiya XİN başçısı Vatikana "yox" dedi: "Ukraynaya Zelenskinin qanunları ilə yaşamağa imkan verməyəcəyik"
Kənd təsərrüfatı subsidiyaları: güzəştli kreditlər, lizinq mexanizmləri və... - İlham Əliyev dəyişikliyi təsdiqlədi
İndoneziyada 5,7 bal gücündə zəlzələ olub - 100-dən çox ev dağılıb
Məhkəmə tiktoker Vüqar Zeynalzadə haqqında qərar verdi - Həbs qətimkan tədbirinin müddəti uzadılıb
QARABAĞA NÖVBƏTİ KÖÇ OLUB
Ərdoğan "Aşkım" dediyi şəhərdə uduzur - Sorğu
Deputatar nə vaxt toplanacaq? - Spikerdən açıqlama
İsrail ordusu Qəzzada 75 məntəqəyə havadan zərbə endirib
Yunanıstanda əhali qorxuya düşüb - İçməli suda uran aşkarlanıb
“Yaşayış minimumu haqqında” qanuna dəyişib