Hakimiyyətdən Qarabağla bağlı ictimai-siyasi qüvvələrə və aparıcı müxalifət partiyalarına bilgi verilməsi tələb edildi

img

15-03-2010 [07:13]


Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə olunub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, yığıncağın əvvəlində Müsavat Deputat Qrupunun üzvləri hökumətin Milli Məclisdə illik hesabatının müzakirəsinə hazırlıq barədə məlumat verib. Divan martın 17-də ?Əliyevlərin Dubay mülkləri? mövzusunda Dəyirmi Masa keçirilməsini qərara alıb. İsveç parlamentində sözdə erməni soyqırımı ilə bağlı qərar qəbul edilməsinə kəskin etiraz edilib. Qeyd edilib ki, tarixi həqiqətlərin parlamentlərdə araşdırılması kökündən yanlışdır və bu zaman ortaya tarixi həqiqət yox, müzakirədə iştirak edən deputatların siyasi konyukturaya uyğun mövqeyi çıxır. Divan hesab edir ki, bu məsələdə Azərbaycan həmişə qardaş Türkiyənin yanında olmalı və ona dəstək verməlidir. Xarici İşlər Naziri Elmar Məmmədyarovun Azərbaycanın yeniləşmiş Madrid prinsipləri ilə razı olmasını deməsi də ciddi müzakirələrə səbəb olub. Müsavat Deputat Qrupuna həvalə edilib ki, Milli Məclisdə hökumətin hesabatı zamanı XİN-dən bu məsələyə aydınlıq gətirməsi tələb olunsun. Qarabağ danışıqları ilə bağlı son vaxtlardakı canlanmanı nəzərə alaraq baş verənlərə aydınlıq gətirməsi məqsədi ilə Divan ölkə başçısı İlham Əliyevdən ölkədəki ictimai-siyasi qüvvələrə və aparıcı müxalifət partiyalarına bilgi verilməsini tələb edib. Divan ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasyenin Azərbaycanla Ermənistan arasında müharibə başlaması ehtimalından danışarkən erməni döyüşçülərinin döyüş qabiliyyətinin xüsusi vurğulamasını diplomatik etikaya zidd hesab edib və münaqişənin həlli ilə məşğul olan vasitəçinin missiyası ilə bir araya sığmadığını qeyd edib. Yığıncağın sonunda müxalifətdaxili məsləhətləşmələrin gedişatı haqqında məlumat dinlənilib. Bildirilb ki, yaxın günlərdə Müsavatla DUİ arasında ilikin məsləhətləşmə keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA