ADP iqtidarı Minsk qrupu çərçivəsində danızıqları dayandırmağa çağırıb

img

15-03-2010 [04:00]


Bu gün ADP İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda respublikada ictimai siyasi vəziyyət və partiyanın baş verənlərə münasibəti, həmçinin bəzi partiyadaxili məsələlər müzakirə mövzusu olub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclasda ABŞ Azərbaycan münasibətlərinin getdikcə gərginləşməsindən narahatlıq ifadə olunub. ABŞ Dövlət Departamentinin 2009-cu il üçün Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabatı haqqında fikir mübadiləsi aparan İH üzvləri sənəddə qeyd edilən tənqidlərin obyektiv faktlara əsaslandığını qeyd edib. Bununla yanaşı ADP İH ABŞ-ı ölkədəki vəziyyəti obyektiv qiymətləndirməklə kifayətlənməyib, insan hüquqlarının qorunması və demokratiyanın dəstəklənməsi üçün real addımlar atmağa çağırıb. Xarici işlər naziri Elmar Məmmədyarovun Madrid prinsiplərinin yenilənmiş variantı ilə əlaqədar açıqlamasına münasibət bildirən İH iqtidarı bu prinsiplər haqqında xalqa aydın məlumat verməyə və bu proses başlananadək Minsk qrupu çərçivəsində danışıqları dayandırmağa çağırıb. Minsk qrupunun Fransalı həmsədri B.Fasyenin Yerevandakı ermənipərəst bəyanatına münasibət bildirən İH, onun özü də bilmədən bu açıqlama ilə Azərbaycan torpaqlarının məhz Ermənistan tərəfindən işğal edilməsini təsdiq etdiyini qeyd edib və BMT-ni Ermənistanı işğalçı tərəf kimi tanımağa çağırıb. ADP İH İsveç parlamentinin xarici əlaqələr komitəsinin qondarma erməni soyqırımının tanınması ilə əlaqədar qərar qəbul etməsini qəti şəkildə pisləyib və müxtəlif ölkə parlamentlərində yüz il əvvəl baş vermiş, soyqırım olmasını təsdiq edən heç bir faktın olmadığı hadisələrlə bağlı analoji qətnamələrin qəbulunu beynəlxalq siyasi demoqogiya adlandırıb. Eyni zamanda ADP İH Norveç Krallığı parlamentinin haqlı olaraq qondarma erməni genosidi məsələsinin müzakirəyə çıxarılmasından imtina etməsini yüksək qiymətləndirib və tarixdə baş verənlərə bu cür obyektiv münasibətinə görə Norveç xalqına və parlamentinə minnətdar olduqlarını bildirib. ADP İH Türkiyə xaric türk dövlətləri hökumətlərinin bu məsələdə passiv fəaliyyətini tənqid edib və Azərbaycan, Türkmənistan və Qazaxstanı malik olduqları zəngin enerji ehtiyyatlarından və geopolitik mövqelərindən istifadə edərək yalançı erməni genosidinin tanınmasına əngəl olmaq istiqamətində ciddi səy göstərməyə çağırıb. İclasda həmçinin bir sıra təşkilatdaxili məsələlər, o cümlədən parlament seçkilərinə hazırlıqla əlaqədar məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA