14-03-2010 [06:31]
[b]Aydın Mirzəzadə: "Müxalifətdəki daxili mübarizə, birləşmələr, ayrılmalar sayca az olan sosial bazaya sahib olmağa yönəlib" [/b]
ABŞ Dövlət Departamenti 2009-cu il üçün Azərbaycanda insan haqlarının vəziyyətinə dair hesabatını açıqlayıb. Hesabatda qeyd olunur ki, qanunlar mətbuatda senzuranı qadağan etsə də, hökumət praktikada tez-tez bu hüquqlara hörmətsizlik edir. Bundan əlavə, ölkədə demokratiyanın vəziyyətinə dair tənqidi məqamlar da hesabatda öz əksini tapıb. Hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə ilə söhbətə bu mövzudan başladıq.
- Hesabatda Dağlıq Qarabağla bağlı fikirlər ciddidir, ABŞ-ın dövlət imicinə uyğundur. Ancaq Azərbaycanda demokratik inkişafla bağlı qeyd olunanlar qətiyyən reallığa uyğun gəlmir. Sanki söhbət Azərbaycandan deyil, hansısa uydurulmuş və hər şeyin qara rəngdə olduğu bir ölkə haqqında gedir. Heç nə yox, ABŞ Azərbaycandakı real vəziyyəti öyrənmək üçün burdakı səfirliyin məlumatına əsaslana bilərdi. Təəssüf edirəm ki, Azərbaycandakı demokratik inkişafla bağlı tamam əks fikirlər səslənir. Sanki bu, demokratik ənənəsi olan bir ölkənin deyil, Azərbaycanda radikal, barışmaz bir müxalifətin seçkiqabağı şüarlarının təkrarlanmasıdır. Mən ABŞ-dan obyektiv qiymət gözləyirdim və təəssüf edirəm ki, Dövlət Departamentinin çinovnikləri Azərbaycanla bağlı obyektiv məlumata malik deyillər.
[b]- Ancaq hesabatda elə məqamlar var ki, hazırda Azərbaycanda həmin problemlər yaşanır. Məsələn, şəhərin mərkəzində aksiyalara icazə verilmir, yaxud aksiyada polis zorakılığı baş verir, həbslər olur... [/b]
- Qərb mətbuatında belə bir prinsip var - həqiqəti demək, həqiqətdən başqa heç nəyi deməmək, amma həqiqətin hamısını deməmək. Departamentin bəyanatında da bu prinsip ideal səviyyədə gözlənilir. Fikir verin, bildirilir ki, şəhər mərkəzində aksiyalara icazə verilmir, amma bildirilmir ki, paytaxt meriyasının qərarı ilə şəhərin 10-a qədər yerində mitinq keçirilməsi üçün yer ayrılıb. Məgər bu demokratiya deyilmi? Avropanın hansı paytaxtında mitinqlər harda gəldi keçirilir? Bildirilir ki, mitinq keçirənlər tutulur. Amma bildirilmir ki, icazəsiz mitinq keçirənlər tutulur. Məgər Amerikanın özündə izacəsiz mitinq keçirilməsinə imkan verilirmi? Yəni göründüyü kimi, hər şeyi qara rəngdə verməyə və həqiqətin hamısının deyilməməsinə cəhd edilir.
[b]- Azərbaycanda korrupsiyanın genişlənməsi ilə bağlı məqamlar da hesabatda öz əksini tapıb...
[/b]
- Bunu isbat etmək lazımdır. Ümumi şəkildə nəsə bildirmək olar. ABŞ Dövlət Departamenti bunu bir şüar kimi ortaya buraxır. Mən çox istərdim ki, ABŞ əlində olan bütün imkanlardan istifadə edərək, bu məsələlər barədə konkret faktlarla danışaydı.
[b]- Aydın müəllim, başqa mövzuya keçmək istərdim. Hazırda seçki ilidir və əksər siyasi qüvvələr seçkiyə hazırlaşır. YAP-ın seçki hazırlığı hansı səviyyədədir? [/b]
- Cəmiyyətdə ayrı-ayrı siyasi qüvvələrin seçki hazırlığı hiss olunur. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, hələ rəsmən seçki kampaniyası başlamayıb. Partiyalar daxilində isə seçkiqabağı hazırlığın getməsi normal prosesdir. Bütün siyasi qüvvələr kimi, Yeni Azərbaycan Partiyası da partiya daxilində qüvvələrini yoxlayır, startegiyasını müəyyənləşdirir, əvvəlki prezident və bələdiyyə seçkilərindən irəli gələn təcrübəsini ümumiləşdirərək parlament seçkilərində yeni texnologiyaların tətbiqi ilə istifadə etmək fikrindədir. Yəni partiya daxilində ümumi hazırlıq işləri gedir.
[b]- Həmkarınız yeni bir təkliflə çıxış edib ki, deputatlığa namizədlər üçün fond yaradılsın. Ancaq opponentləriniz iddia edir ki, hakimiyyət bununla daha pullu namizədlərin prosesə cəlb edilməsinə çalışır... [/b]
- Mənə elə gəlir ki, deputat həmkarım istənilən məsələ ilə bağlı nə təklif versə, müxalifət tərəfindən onu başqa tərəfə yozmaq cəhdləri olacaqdı. Mən o fikirlə tanışam və hesab edirəm ki, burada qanunazidd, seçki mədəniyyətinə zidd olan heç bir şey yoxdur. Ümumi şəkildə bir fond yaradılması təklif olunur. Belədə isə YAP Seçki Məcəlləsindən kənara çıxmaq fikrində deyil. Seçkidə qeydiyyata alınan namizəd özünün seçkiqabağı fondunu yarada biləcək. Kimsə buna hazırlıq görürsə, bu, onun şəxsi işidir. Buna görə nə partiya ona hansısa tapşırıq vermir, nə də partiya məsuliyyət daşımır.
[b]- Ümumiyyətlə, YAP parlament seçkilərində istər namizədlərin müəyyənləşdirilməsi, istərsə də taktiki baxımdan hansı dəyişikliklər edəcək? Partiyanın seçkiyə yeni namizədlərlə gedəcəyi ilə bağlı söz-söhbətlər barədə nə dey bilərsiniz?[/b]
- Bu sualların cavabı seçkiqabağı mərhələdə veriləcək. Buna tələsmək lazım deyil. Amma bir məsələdə YAP ənənəsinə sadiq qalacaq. Partiyamız bütün fəaliyyətini Seçki Məcəlləsinin tələbləri çərçivəsində həyata keçirəcək. Seçkiyə hansı formada gediləcəyi, namizədlərin kimlər olacağı seçkiöncəsi bəlli olacaq.
[b]- Opponentlərinizin seçki hazırlığını necə dəyərləndirirsiniz? [/b]
- Opponent ümumən müxalifət dairələri nəzərdə tutulursa, seçki fəallığı hiss olunur. Seçkiqabağı mübarizənin gərgin keçəcəyi gözlənilir. Yeni Azərbaycan Partiyası da ümumən buna hazırdır və bütün polemikalarda öz arqumentlərini ortaya qoyacaq.
Nəzərə almaq lazımdır ki, seçkidə təkcə müxalifət namizədləri iştirak etmir. Bitərəflər də, ortaya yeni çıxan siyasi qüvvələr də, yaxud da özünü parlament səviyyəsində sınamaq istəyən şəxslər də olacaq. Yəni seçkidə mübarizə iqtidarla müxalifət arasında deyil, prosesə qoşulanlar arasında gedəcək.
[b]- Seçkiqabağı mübarizənin gərgin keçəcəyini deyirsiniz. Yəni bu seçki hakimiyyət üçün çətin olacaq, yoxsa... [/b]
- Söhbət seçkiqabağı mübarizənin gərginliyindən gedir. Namizədliyini vermiş şəxslərin - YAP-ın namizədlərinin, müxalifətçi və müstəqil namizədlərin, eyni zamanda yeni simaların bir yer uğrunda mübarizəsi olacaq. Hər bir tərəf öz resurslarını ortaya qoymağa çalışacaq. Bu mənada seçkiqabağı mübarizənin gərgin olacağını düşünürəm. Ancaq YAP daxilində namizəd irəli sürmək uğrunda gərginlik olmayacaq. Müxalif siyasi qüvvələrdən fərqli olaraq, YAP daxilində partiya xəttinə bağlılıq var. Müzakirələrdən sonra ayrı-ayrı dairələrdən layiqli namizədlər irəli sürüləcək.
[b]- Yəqin ki, qarşı tərəf kimi müxalifətin fəaliyyətini izləyirsiniz. Hazırda müxalif düşərgə seçkiyə birgə getmək istiqamətində müzakirələr aparsa da, hələ də vahid mövqeyə gələ bilmir. Bu barədə fikirlərinizi öyrənmək istərdik. [/b]
- Müxalifət bir ideologiyaya bağlı olan qüvvələrdən ibarət olmadığına görə, ona ümumi qiymət vermək çətindir. Bu gün geniş spektrli müxalifət var, - ifrat soldan, ifrat sağa qədər. 90-cı illərin əvvəllərindən gələn müxalifətlə yanaşı, son dövürdə yaranan, yeni müxalifətçilik ənənəsi gətirən qüvvələr də var. Bunların hər biri siyasi spektrdə yer tutmağa, yaxud da yerini genişləndirməyə çalışır. Belə də birmənalı demək olar ki, Azərbaycanda müxalifət var və fərqli fikiri müdafiə etmək şəraiti mövcuddur. Ayrı-ayrı qüvvələr daxilində gedən mübarizələrə, birləşmələrə və ittifaqlara gəlincə, bütün bunların hamısı konkret sosial bazaya söykənmək uğrunda mübarizədir. Yəni müxalifətin ümumilikdə sosial bazası çox məhduddur. Çünki iqtidar ümumən üzərinə düşən vəzifəni yerinə yetirdiyinə, əhalinin etimadını doğrultduğuna, sosial problemləri həll etdiyinə görə hakimiyyətdən narazılar təbəqəsi geniş deyil. Narazılar və ümumən özünü göstərmək istəyənlər qrupu isə bugünkü müxalifətin sosial bazasını təşkil edir. Bu sosial baza uğrunda bir çox siyasi qüvvələr mübarizə aparır. Müxalifətdəki daxili mübarizə, birləşmələr, ayrılmalar sayca az olan sosial bazaya sahib olmağa yönəlib. Onlar YAP-ın sosial bazasını əldə edə bilməyəcəklərini çox gözəl bilirlər. Hər bir qüvvə bu sosial bazanın təmsilçisi olmaq üçün seçki mübarizəsi aparır.
[b]- Amma 2010 parlament seçkilərinə fərqli mövqedə yanaşılır. Müsavat yetkililəri 2010-dan ciddi siyasi dəyişikliklər gözləyir, İqbal Ağazadə isə deyir ki, əksəriyyət dəyişiklik olmayacağını anladığı üçün daha çox mandat qazanmağa çalışır. Hakim partiya nə gözləyir? [/b]
- Müxalifət öz şansını qiymətləndirir. Biz isə bu parlament seçkilərində Yeni Azərbaycan Partiyasının yenidən qələbə çalacağını gözləyirik. Çünki YAP heç nə olmasa da, yarım milyon insanın birləşdiyi siyasi qüvvədir, seçkidən-seçkiyə üzərinə düşən vəzifəni yerinə yetirən, cəmiyyətlə bağlı olan, hər seçkidə yeni təmsilçilərini önə verən bir təşkilatdır. Müstəqillərin və müxalifətçilərin də parlamentdə təmsil olunacağı gözlənilir. Nə qədər olacığını demək bir qədər çətindir. Amma bir məsələ aydındır ki, müxalifət namizədləri 2010 seçkilərində 2005-ci il uğurlarını çoxalda bilməyəcəklər. Ən əsas səbəblərdən biri odur ki, müxalifətdə heç bir dəyişiklik olmur. Nə partiyanın rəhbərliyindəkilər dəyişir, nə apardıqları siyasi kursda, nə də proqramlarında dəyişiklik edirlər. Mənə elə gəlir ki, opponentəlrimizin ən mənif keyfiyyəti və getdikcə zəifləmələrinin səbəbi də budur. Bəlkə də bu seçkidən sonra müxalifəti daha yeni simalar parlamentdə təmsil edə bilər. Ümumən isə düşünürəm ki, hər bir mandat uğrunda demokratik mübarizə gedəcək, hər bir tərəf isə özünün daha yaxşı olduğunu sübut etməyə çalışmalıdır.
[b]Zaur ƏHMƏD[/b]