Milli Məclisin komitə üzvləri ilə aparat əməkdazlarının birgə iclası keçirilib

img

12-03-2010 [01:01]


Milli Məclisdə hüquq siyasəti və dövlət quruculuğu, iqtisadi siyasət, sosial siyasət komitələri üzvlərinin və parlament aparatı əməkdaşlarının iştirakı ilə USAİD-in ölkəmizdə gördüyü işlərə dair hesabatın təqdimatı olub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev USAİD-in ölkəmizdə gördüyü işlərdən danışmış və bildirib ki, 2007-ci il fevralın 7-də Milli Məclislə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) arasında imzalanmış Anlaşma Memorandumuna əsasən təsis olunmuş Azərbaycan Parlament Proqramı layihəsi çərçivəsində parlament bu təşkilatla sıx əməkdaşlıq edir. Əvvəlcə layihənin müddəti 2 il nəzərdə tutulsa da, sonradan onun vaxtı 2010-cu il aprelin 22-dək uzadılmışdır. İndi isə USAİD tərəfindən layihənin daha 17 ay uzadılması təklif olunmuşdur və qarşılıqlı razılaşmaya əsasən layihə 2011-ci ilin sonunadək davam edəcək. Azərbaycan Parlament Proqramı layihəsi əsas 3 istiqamətdə - Milli Məclis Aparatı əməkdaşlarının imkanlarının inkişaf etdirilməsi və artırılması, qanunvericilik və prosedurlar sahəsində daha geniş şəffaflığın təşviqi və Milli Məclisin fəaliyyətində səmərəliliyin artırılması istiqamətlərində nəzərdə tutulub. S.Mirzəyev diqqətə çatdırıb ki, ötən dövrdə bu sahələrdə bir sıra işlər görülmüş, ABŞ-ın və digər inkişaf etmiş ölkələrin təcrübəsi əsasında Milli Məclisin deputatları üçün ?dəyirmi masa?lar, Aparatın əməkdaşları üçün seminarlar keçirilmiş, deputat köməkçisi institutu yaradılmışdır. İnkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi üçün deputatların və Aparatın əməkdaşlarının bu ölkələrə səfərləri də səmərəli olub. Deputat köməkçisi institutu yeni olduğuna görə köməkçilərin səmərəli fəaliyyətini təmin etmək üçün Azərbaycanın müxtəlif bölgələrində çoxsaylı treninq və seminarlar keçirilib. Milli Məclis Aparatının rəhbəri bildirib ki, yeni seçiləcək deputatlar üçün layihə çərçivəsində məlumat kitabçasının hazırlanması da nəzərdə tutulub. Bu, yeni seçilmiş deputatın Milli Məclisə adaptasiyası üçün mühüm əhəmiyyətə malikdir və layihənin faydalı nəticələrindən biridir. Qeyd olunub ki, USAİD Azərbaycanda təkcə Milli Məclislə deyil, bir sıra digər dövlət qurumları ilə sıx əməkdaşlıq edərək müxtəlif sahələrdə layihələr həyata keçirir. Ötən dövrdə görülən bütün bu işlər əhəmiyyətli olmuş, ölkəmizin inkişafına öz töhfəsini verib. Səfa Mirzəyev bu işlərin həyata keçirilməsinə verilən dəstəyə görə Milli Məclisin rəhbərliyinə və USAİD təşkilatına minnətdarlığını ifadə edib. USAİD-in Azərbaycan üzrə əlaqələndiricisi Skot Teylor bu təşkilatın ölkəmizdə ədalətli və demokratik idarəetmə, iqtisadi inkişaf, həmçinin səhiyyə sektorlarında gördüyü işlərdən danışmışdır. Bildirilmişdir ki, bu tədbirlər qanunun aliliyinin təmin olunması, media ilə işin qurulması, antikorrupsiya tədbirlərinin həyata keçirilməsi, maliyyə sektorunun sabitliyi, ticarət və investisiya islahatlarına yardım, özəl sektorun rəqabətliliyinin artırılması, ilkin tibbi yardımın gücləndirilməsi, reproduktiv sağlamlıq və ailə planlaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Sonra görülmüş işlər barədə deputatların fikirləri, gələcək fəaliyyət üçün onların təklifləri dinlənilib. Çıxış edən deputatlar Azərbaycan-ABŞ əməkdaşlığı, qarşılıqlı səfərlərin faydası, təcrübə mübadiləsi, deputatların həyata keçirilən layihələrdə iştirakı, deputat köməkçiləri institutunun yaradılmasının əhəmiyyəti, Dağlıq Qarabağın azərbaycanlı icmasının bu layihələrə cəlb olunması və digər məsələlərlə bağlı fikirlərini bölüşmüş, təkliflərini veriblər. Tədbirin sonunda bundan sonrakı əməkdaşlığın da fayda gətirəcəyinə əminlik ifadə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA