"Avroviziya" finalçısına yabançı bəstəkardan təklif var

img

07-03-2010 [05:46]


10 ilə yaxındır müğənnilik fəaliyyəti ilə məşğul olan Məryəm Aranoviç "Avroviziya" müsabiqəsinin milli seçim turuna qatılması ilə özünü daha geniş kütləyə tanıtdı. Onu adıçəkilən müsabiqədə ölkəmizin təmsilçisi kimi görənlər isə digər namizədlərlə nisbətdə daha çox idi. Müsabiqənin keçiriləcəyi məkana, Oslo şəhərinə Səfurə Əlizadənin gedəcəyi artıq hamıya bəlli olsa da, Məryəm xanımın yaradıcılığına olan maraq hələ də qalmaqdadır. Bunu nəzərə alaraq, M.Aranoviçin müsabiqə təəssüratları və gələcək planları ilə maraqlandıq. Gənc müğənni final müsabiqəsinin keçirildiyi səhnədən təbəssümlə endiyini vurğuladı: "Müsabiqədə bir qalib olur, buna görə də haqlı, ya haqsız məbluğ olmağına normal yanaşmağı bacarmalısan. Təbii, qalib olmaq üçün çox əziyyət çəkmişdim. Amma qismət deyilmiş. Hərçənd hadisələrin gedişatı mənim, o cümlədən "Milk & Kisses" qrupunun pərəstişkarlarının daha çox olduğunu göstərdi. Hər bir finalçıya 25 bilet verilmişdi. Amma final konsertinə gələn tamaşaçıların əksəriyyəti daha çox məni və "Milk & Kisses" qrupunu dəstəkləyirdilər. Hətta jurnalistlər, internet forumlarında isə adi vətəndaşlar bununla bağlı öz mövqelərini açıq şəkildə bildirdilər. Qalib gəlməsəm də, müsabiqəyə qatılmağıma əsla peşman deyiləm. Hər bir müsabiqə yeni tanışlıqlar, təcrübə, bir sözlə, faydalı anlar qazandırır. Ümumiyyətlə, mən heç vaxt neqativi özümə yaxın buraxmıram". Məryəm xanım yaradıcılıq planlarından da danışdı: "Hazırda ilk albomum üzərində işləyirəm. Mənə mahnı təklif edənlər çoxdur, onlar arasında hətta xarici bəstəkarlar da var. Repertuarımda öz yazdığım mahnılar da olacaq. Adətən bir neçə üslubu - pop, rok, soul-blyuz və cazı sintez etsəm də, mahnılarımda milli koloritin olmasına da çalışacağam".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA