Tahir Kərimli:"iqtidarı dəyizmək imkanı olsaydı, mən də prosesə qozulardım"

img

07-03-2010 [05:21]


Radikal müxalifət mövqeyini hakimiyyətyönlü siyasi kursla əvəzləyən Vəhdət Partiyası parlament seçkilərində iştirak etməyi planlaşdırır. Partiya seçki hazırlıqlarına da start verib. Vəhdət Partiyasının sədri Tahir Kərimli isə hakimiyyətyönlü mövqe seçmələrinin seçkilərdə onlara uğur qazandıracağını düşünür. - Biz gözləyirik ki, rəsmi orqanlar seçki qrafikini elan etsin və ona uyğun olaraq, Vəhdət Partiyasının Baş Məclisi çağırılacaq və qərar veriləcək. Amma buna baxmayaraq, Siyasi Şura seçkidə iştirak etmək barədə qərarını artıq verib. Bilirsiniz ki, biz, ötən seçkilərdə Azərbaycançı Qüvvələr Birliyinin daxilində 46 namizədlə iştirak etmişdik, amma heç bir seçki dairəsində uğur qazanmamışdıq. Bu dəfə isə namizədlərin sayının çox olmasının arxasınca qaçmamaq qərarına gəlmişik. Hesab edirik ki, real namizədlərlə seçkiyə qatılmaq daha məqsədəuyğundur. Hazırda da real namizədlərin müəyyənləşdirilməsi istiqamətində iş görürük. [b]- Budəfəki parlament seçkilərində hansı formatda iştirak etmək niyyətindəsiniz? [/b] - Vəhdət Partiyası prezidentin strategiyasını müdafiə edir. Amma o da məlumdur ki, Yeni Azərbaycan Partiyası seçkiyə təkbaşına gedir. Ona görə də Vəhdət Partiyası da seçkiyə təkbaşına getməklə bağlı qərar verib. Əgər YAP prezidenti dəstəkləyən partiyaların koalisiyasının yaradılması barədə təklif irəli sürərsə, biz, mənuniyyətlə bunun arxasınca gedərdik. Arzu edir ki, "Vəhdət"lə YAP-ın namizədləri eyni dairədə toqquşmasın, bir-birimizin namizədinə dəstək verək. [b]- YAP təkcə Sizi deyil, hakimiyyəti dəstəkləyən digər partiyaları da yaxına buraxmır, seçkiyə tək gedir. Bu nə ilə bağlıdır?[/b] - YAP hakim partiyadır və özünü kifayət qədər güclü hesab edir. Bu yaxınlarda 500 mininci üzvü qeydə alındı. Ancaq hakimiyyətin siyasətini dəstəkləyən partiyaların liderləri də kifayət qədər güclüdür. Düşünürəm ki, YAP o namizədlərin mövqeyini, şansını nəzərə almalıdır. Ona görə də həmin namizədlərin birgə müdafiəsi təşkil olunmalıdır. [b]- Bundan əvvəlki illərdə radikal müxalifət mövqeyindən imtina edərək hakimiyyətə loyal müxalifət, yaxud hakimiyyətyönlü mövqeyə keçənlər mandat qazandılar. Ötən parlament seçkilərindən bu yana Siz də mövqeyinizi dəyişmisiniz, bu mənada 2010-da mandat qazanacağınızı real saymaq olarmı? [/b] - İki dəfə parplament seçkilərində iştirak eləmişəm, 90-cı ildə seçilmişəm, 2005-ci ildə isə seçilə bilməmişəm. Sonuncu parlament seçkilərinə qədər gözlədim ki, mövqe dəyişikliyim müxalifətə arxadan zərbə kimi olmasın. Müxalifət tamamiylə uduzduqdan, şanslarını, sosial bazasını itirdikdən sonra belə bir addım atdıq. Güman edirəm ki, indiki mövqeyimiz də hörmətlə qarşılanıb. Həm də çalışırıq ki, siyasi etiket qaydalarını pozmayaq. Əlbəttə ki, bizim hakimiyyətlə indiki münasibətlərimizə baxanda seçkidə uğur qazanmaq şansımız daha böyükdür. Təbii ki, YAP "Vəhdət"in namizədini müdafiə edərsə, onun şansı çox olar. [b]- Konkret olaraq, Sizdən söhbət gedir? [/b] - Onun dəqiq deyə bilmərəm. Amma parlamentə düşə bilməyəcəmsə, namizədliyimi verməyəcəm. İndi şanslar var, ümid edirəm ki, bu seçkidə mandat qazanım. [b]- Hakimiyyətin siyasi kursunu müdafiə edirsinz, eyni zamanda seçkidə uğur qazanmaq istəyirsiz. Problemləri artan vətəndaşlara nə deyib hakimiyyəti müdafiə edəcəksiz?[/b] - Biz heç vaxt ölkədə problemlərin olduğunu danmamışıq. Hətta yazılı şəkildə bu problemlərlə bağlı fikirlərimizi hakimiyyət mənsublarına çatdırmışıq. Yəni biz də tənqid edirik, amma söyüşlə yox. Məsələn, vaxtiylə Tarif Şurası haqqında müraciət etmişdik, indi şura ləğv olunur. Əməkhaqqı, pensiya, sosial problemlərlə bağlı da həmişə öz sözümüzü demişik. Amma hesab etmirəm ki, iqtidarın nailiyyətləri yoxdur. Bilmirəm, görəsən, müxalifət indi hakimiyyətdə olsaydı, hansı işləri görərdi? Hesab edirəm ki, iqtidar xarici siyasətdə balanslı siyasət yürüdür, o cümlədən strateji məsələlərdə də nailiyyətləri var. [b]- Ancaq korrupsiya, rüşvətxorluq, işsizlik və bu kimi problemlər nəinki azalmayıb, hətta artıb. [/b] - Korrupsiya ilə bağlı narahatlığımızı ifadə etmişik. Amma bir şeyi başa düşmək lazımdır ki, müxalifətçilik ancaq prezidenti söymək deyil. Gəlin, belə fərz edək ki, prezidenti dəyişmək mümkün oldu, iqtidarda, yaxud müxalifətdə elə bir fiqur varmı ki, həmin şəxs prezident olsun və ölkədəki sabitlik davam eləsin. Bəziləri başa düşmür ki, prezident dəyişsə, o zaman ölkədə sabitlik pozular, metroda qəzalar törədilər, Bakı-Ceyhan partladılar və s. Bir dəfəlik anlamaq lazımdır ki, sabitlik bizə hava, su kimi lazımdır. Digər tərəfdən, iqtidarı dəyişmək imkanı olsaydı, mən də prosesə qoşulardım. Amma belə bir imkan yoxdur. "Hakimiyyəti dəyişəcəm, özüm iqtidara gələcəm",- kimi bəyanatlar verməkdənsə, prezidentə dəstək vermək lazımdır. Təkliflərlə çıxış eləmək ən yaxşı yoldur. [b]- Axı, Sizin təklifləri nəzərə alan yoxdur... [/b] - Vallah, indi nəsə olanda da demirlər ki, təklifinizi nəzərə aldıq. Amma soyqırımla bağlı qanun layihəsi vermişik. Qaz borclarının silinməsi ilə bağlı təklif vermişidik, prezident əhalinin borcunu sildi. Düzdür, sinəmə döyə bilmərəm ki, ancaq bizim təklifimizlə oldu. Bundan əlavə, əxlaqsızlıq mühitinin televiziyadan və mətbuatdan yığışdırılması ilə bağlı təklif vermişik, hakimiyyətdən ən yüksək səviyyədə bu məsələyə toxunuldu. Əlbəttə, ən böyük arzumuz korrupsiyanın aradan qaldırılmasıdır. Mən vəzifədə olanda göylə uçan quş da mənə bir konfet belə rüşvət verə bilməzdi. Mən həmişə məhkəmə sisteminin müstəqilliyi üçün çalışmışam. Yəni belə bir iş görmüşəm və istəyirəm ki, məhkəmə-hüquq sistemində çalışanlar təmiz işləsinlər. [b]- Bəs məhkəmələrin bugünkü vəziyyətini necə qiymətləndirirsiniz? [/b] - Məhkəmələrin hazırkı fəaliyyətini qənaətbəxş saymıram. Hesab edirəm ki, bu sahədə islahatlar apırılmalıdır. Əgər qəbul etmişiksə, Andlılar Məhkəməsi yaradılmalıdır, dəyişikliklər olmalıdır, məhkəmələrin daha çox müstəqil olması üçün addımlar atılmalıdır. Hazırda məhkəmələrə prokurorluğun, hardasa icra hakimiyyətlərinin nəzarəti var. Ona görə də məhkəmələrin müstəqilliyinə çalışmaq lazımdır. Güman edirəm ki, prezident də bunu istəyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA