07-03-2010 [05:17]
Son zamanlar dünyanın aparıcı dövlətlərindən olan ABŞ-ın Türkiyə və Azərbaycana qarşı qərəzli mövqe sərgiləməsi ölkəmizin ictimaiyyətində bir sıra tanınmış insanların etirazı ilə qarşılanıb. Bununla əlaqədar, həmişə öz müstəqilliyi və obyektivliyi ilə fərqlənən hüquqşüns-ekspert tədqiqatçı, İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altayla söhbət etdik.
ABŞ Konqresi Xarici Əlaqələr Komitəsinin "erməni soyqırımı"nı tanımaq barədə Türkiyə dövlətinə qarşı qərarının qərəzli ssenarinin tərkib hissəsi olduğunu bildirən İlqar Altay bu məsələnin dərin köklərə söykəndiyini dedi: "Düzdür, bu qərar yalnız bir komitənin iradəsinin ifadəsi hesab olunur və onun hələ ki, hüquqi qüvvəsi yoxdur. Bunun üçün bu proses Amerika qanunlarına əsasən, bir sıra daha ali instansiyalardan keçməlidir. Bundan başqa, ABŞ-ın Prezident Administrasiyası həmin qərara qarşı rəsmi çıxış edib".
Ancaq diqqətlə müşahidə etdikdə bunun Prezident Administrasiyası da daxil olmaqla, Amerika dövlətinin Türkiyəyə qarşı apardığı siyasətin nəticəsi olduğunu düşünən İ.Altayın fikrincə, əslində bu, qurama bir oyundur və ola bilsin ki, Türkiyə və türkdilli xalqlar üçün bundan da sərt nəticələr hələ irəlidədir: "Əvvəlcə ermənilərlə münasibətlərin qurulması və sərhədlərin açılmasında israr etdilər. İsveçrədə protokollar imzalandı. Tələb etdilər ki, Türkiyə parlamenti bunu ratifikasiya etsin və Qarabağ probleminə qətiyyən əhəmiyyət verilmədən. Sonra ermənilər sənədə birtərəfli "soyqırım" və "ərazi iddiaları" kimi terminləri əlavə edib məsələni qəsdən qəlizləşdirdilər. ABŞ bununla belə, Türkiyədən yenə ratifikasiya tələb etdi. prezident Obama səviyyəsində hədəyə keçdilər ki, ermənilərin bütün ərköyün iddialarını təslimçi şərtlərlə qəbul etməsə Türkiyə martda Konqresdə "soyqırım" problemi ilə üzləşəcək. Baxın, bu gün artıq həmin problem yarandı. Daha doğrusu, yaratdılar".
Müsahibimiz Türkiyəyə qarşı belə bir münasibətin səbəbini son dövrlər Türkiyənin güclü bir dövlət kimi müstəqil siyasət aparmasında, həm türkdilli xalqlar, həm də region dövlətləri arasında lider kimi aparıcı və barışdırıcı mövqeyə iddia etməsində, Qərbin düşmənləri olan İran və Rusiya ilə yumşaq, əlaqəli münasibətdə görür: "Türkiyə 300 milyonluq dünya türk toplumunun içərisində güclü və böyük bir dövlət kimi irəli çıxmış yeganə qurumdur. Onun varlığı qalan türklərin dövlət olaraq varlığı və bütövlüyü üçün nümunədir, zəmindir. Ona görə də Türkiyəyə qarşı bu günkü basqılar - istər uyğur, istər türkmən, istər azəri türkü olsun, - hamımız üçün basqı hesab olunmalıdır. Xüsusilə də, bu basqı türkü özünə əzəli və barışmaz düşmən hesab edən ermənilər xatirinə ediləndə! Bütün türk dünyası bu təzyiqi öz üzərində hesab edib, öz səsini qaldırmalıdır".
"Washington Post" qəzetinin Azərbaycan prezidenti İlham Əliyev barəsində tənqidi məqaləsinə də münasibət bildirən İ.Altay bu məqalənin Türkiyəyə ABŞ Konqresi təzyiqi anında Azərbaycana qarşı yönəldiyini və heç də təsadüfi olmadığını qeyd etdi: "Mən dünən axşam məqaləni internetdən "Washington Post" qəzetinin öz saytında diqqətlə oxudum. Təhlil etdikdə, məqalə öz genişliyi, faktları, həmin faktlara müxtəlif ölkələrdən və dairələrdən operativ münasibətlərin öyrənilməsi, məqaləyə digər keçmiş və indiki "kompromatlar"la müxtəlif rənglər qatılması və bütün bunlara beynəlxalq rezonans yaratmaq səpgisində şərhlər verilməsi baxımından müstəqil bir ölkənin prezidentinə ismarlanmış zərbə xarakteri daşıyır. Hiss olunur ki, çox yuxarının sifarişidir və çoxdankı xüsusi hazırlanmış hazır məhsuldur".
İ.Altay məqalənin hansı dairələrin marağını güdməsi, hansı obyektivliyə əsaslanması, doğrudanmı demokratiya prinsiplərinə xidmət etməsi, onun Azərbaycan prezidentinə, yoxsa Azərbaycana qarşı yönələn siyasi akt olmasının aydınlaşmasının vacibliyini bildirdi: "Məqalədə bir neçə sual doğuran məqamlara diqqət edək. Özünə hörmət edən heç bir dövlətdə 11 yaşlı uşağa heç 10 min dollarlıq maşın, heç motoskilet belə alıb idarə olunması münasib bilinməz, nəinki 44 milyon dollarlıq mülklər. Daşınmaz əmlak almaq, tək ona sahib olmaqla bitmir, həm də, onun idarə olunub, mütənasib saxlanması ilə səciyyələnir. İstənilən ölkədə mülkiyyət alan şəxs qanunla həmin dövlətlə müqavilə bağlamış, rəsmi münasibətlər qurmuş olur. Vəzifə və məsuliyyət, öhdəlik və cavabdehlik daşıyır. Dubay kimi dünyanın iqtisadi mərkəzi 44 milyon dollarlıq böyük bir münasibəti yetkinlik yaşına çatmamış bir uşaqla necə qura bilərdi? Məqalənin orijinal ingiliscəsindən məlum olur ki, bu fakt onlara kiçik Heydər Əliyevin 11 yaşı olan zaman məlum olub. Indi onun 13 yaşına az qalıb. Bəs bu neçə müddətdə belə bir ciddi fakt vardısa "Washington Post" kimi ciddi bir qəzet onu indiyədək niyə açıqlamırdı? Çox təəccüblüdür ki, bu faktı niyə və hansı gün üçün saxlayırdı?".
Bütün bu halların dünya çaplı mətbuat orqanının mənsub olduğu dövlətin maraqları dairəsində fəaliyyət göstərməsinin təzahürü olduğunu qeyd edən hüquqşünas bu məqalənin dünyəvi demokratik prinsiplər və Azərbaycan xalqının mənafeyinə xidmət üçün hazırlanıb dərc olunmasını şübhə altına aldı: "ABŞ neçə illərdir Qarabağ məsələsində davamlı olaraq ermənipərəst ikili yanaşma mövqeyi tutub. Xalqımızın halal haqqını tanımaqdan yayınıb. 2003-cü ildən bəri ABŞ hakimiyyəti açıq-aşkar Azərbaycanda demokratiyanı öz geosiyasi və iqtisadi maraqlarından xeyli arxaya çəkib. İndiyədək bizdəki siyasi müxalifətə, vətəndaş cəmiyyətinə, iqtidar opponentlərinə, jurnalistlərə iqtidarın azacıq xətrinə dəyəcək dərəcədə dəstək verməyib. İndi, maraqlıdır ki, ABŞ-da birdən-birə Azərbaycan iqtidarının rəhbəri və onun ailəsini hədəfə götürüblər. Görünür, bizim iqtidardan indiyədək hər nə əldə etsələr də, Qarabağ barəsində xoşluqla heç nə əldə edə bilməyəcəklərini yəqin ediblər. Və görünür ki, bu həmlələr Qarabağ məsələsində təzyiq kimi hesablanıb və əslində Azərbaycan prezidentinə yox, ümumi Azərbaycana qarşı yönəlib. Öncə qeyd etdiyim kimi, Türkiyəyə olan basqı, bütün dünya türklərinə yönəlib. Yəni bu da bir siyasətidir, hər hansı toplumu sarsıtmaq üçün onun liderini hədəfə alırlar".