BAXCP Azərbaycanın ABŞ-dakı səfirinin geri çağırılmasını tələb etdi

img

06-03-2010 [02:41]


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma erməni soyqırımı ilə bağlı qəbul edilmiş qərarı qətiyyətlə pisləyir. BAXCP mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, BAXCP ABŞ-ın bu gün bölgədə təcavüzkar siyasət yürüdən Ermənistana işğal altında saxladığı Azərbaycan torpaqlarının azad edilməsi üçün təsir göstərmək əvəzinə bu təcavüzkar ölkə ilə sərhədlərin açılması üçün Türkiyəyə təzyiq etməsini, nəinki beynəlxalq hüquqa, hətta mənəvi və əxlaqi çərçivəyə sığmayan hərəkət kimi dəyərləndirir. BAXCP hesab edir ki, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qəbul etdiyi qərar bölgədə sülhə və əmin-amanlığa ciddi təhlükə yaradan təxribat xarakterli sənəddir və partiya dünya ictimaiyyətini bölgədə münasibətlərin gərginləşməsinə xidmət edən bu qərarı pisləməyə çağırır, Azərbaycan ictimaiyyətinin bütün təbəqələrini Türkiyə ictimaiyyətindən daha çox fəallıq nümayiş etdirməyə və etirazlarını daha qabarıq şəkildə bildirməyə dəvət edir. Çünki ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qəbul edilən qərar işğalçı Ermənistanla sərhədlərini açmayan Türkiyəyə qarşı təzyiq xarakteri daşıyır. Partiya ABŞ-ın bütün siyasi dairələrini Azərbaycana qarşı yönələn və elan olunmuş dostluq, tərəfdaşlıq münasibətlərinə uyğun gəlməyən hərəkətlərdən çəkinməyə çağırır. BAXCP Azərbaycan hökumətini ABŞ Azərbaycana səfir təyin etməyənədək öz səfirini bu ölkədən geri çağırmağa dəvət edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA