Müsavat Rəsulzadə-Elçibəy ideyasına sadiq olan partiyaları birliyə çağırıb

img

02-03-2010 [11:14]


Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə gərə, qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə olunub. Toplantının əvvəlində İkram İsrafil Milli Məclisin nümayəndə heyəti tərkibində iştirak etdiyi Budapeştdə keçirilmiş beynəlxalq konfrans haqqında məlumat verdi. Arif Hacılı, Qubad İbadoğlu və Tofiq Yaqublunun Azadlıq Naminə Fridrix Nauman Fondunun Tiflisdə keçirilmiş tədbirində iştirakları haqqında məlumatları dinlənildi. Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə ölkədəki seçkiöncəsi şərait və parlament seçkilərində demokratik qüvvələrin əməkdaşlığı barədə müzakirələr davam etdirilib və konkret qərarlar qəbul edilib. Ölkədəki seçkiöncəsi şəraitin demokratikləşməsi və Seçki Məcəlləsinin təkmilləşdirilməsi, o cümlədən seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması, Seçki Məcəlləsində namizədlərin qeydə alınması zamanı depozit qaydasının bərpa olunması, proposional seçki sisteminin bərpa edilməsi, sərbəst toplaşmaq azadlığının bərqərar edilməsi, siyasi məhbusların və vicdan məhbuslarının azad edilməsi istiqamətində mart ayından əməli tədbirlərə başlamaq qərara alınıb. Müsavat Partiyası demokratik inkişaf yolunun tərəfdarı olduğunu bəyan etmiş bütün ictimai-siyasi qüvvələri bu istiqamətdə əməkdaşlığa dəvət edir. Divan eyni zamanda 2010-cu il parlament seçkilərində müxalifətin birgə iştirakı ilə bağlı partiyanın son aylarda dəfələrlə bəyan etdiyi mümkün koalisiya təklifini bir daha ictimaiyyətin diqqətinə təqdim edir. Müsavat Partiyası seçkilərdə real müxalifətin birliyini və güclü namizədlər ideyasını təklif edir. Nüvəsində Müsavat, AXCP, KXCP kimi Rəsulzadə-Elçibəy ideyasına sadiq olan partiyaların dayandığı belə bir birliyə digər partiyaların, ictimai təşkilatların, güclü namizədlərin cəlb edilməsi mümkün və məqsədəuyğun hesab edilir. Divan demokratik ictimaiyyəti görkəmli jurnalist Elmar Hüseynovun xaincəsinə qətlə yetirilməsinin 5-ci ildönümü ilə bağlı bu günlərdə keçiriləcək tədbirlərdə fəal iştirak etməyə çağırır. Böyük öndər M. Ə. Rəsulzadənin vəfatının 55-ci ildönümü ilə bağlı tədbir keçirilməsi qərara alınıb. Tədbirdə Aydın Balayevin M. Ə. Rəsulzadə haqqında yeni kitabının təqdim edilməsi nəzərdə tutulur. Sonda cari məsələlərə baxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA