Müxalifət Müsavata qarzı cəbhə açıb

img

28-02-2010 [05:26]


Müsavat-AXCP birliyi ətrafında aparılan müzakirələr davam edir. Ancaq AXCP-nin "Azadlıq" blokundakı müttəfiqlərini istəmədiyini açıq şəkildə bəyan edən Müsavat artıq Xalq Cəbhəsinin də "bostanını daşlamağa" başlayıb. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının mətbuata açıqlamasında ALP-nin və AXCP-nin ünvanına tənqidi fikirlər səsləndirməsi qarşı tərəfdən müsbət qarşılanmayıb. Belə ki, A.Hacılı "AXCP-nin Müsavatla əməkdaşlığa daha çox ehtiyacı var",- deməsi Xalq Cəbhəsinə minnət vurması kimi anlaşılır. Müsavat yetkilisinin ALP-nin ünvanına səsləndirdiyi fikir daha sərt olub və ALP-ni ciddi siyasi qüvvə kimi qəbul etmədiklərini dilə gətirib. [b]Məsələylə bağlı açıqlama verən ALP-nin sədr əvəzi Əvəz Temirxan A.Hıcılının fikirlərinin tamamiylə qərəzli olduğunu bildirib:[/b] "Onda 2000-ci ildə Müsavat brendi altında 15 partiyadan sonra Arif Hacılının da etirafına görə, ikinci yeri tutmuş partiya ALP deyildi, bəs hansı partiya idi? 2003-cü ildə ALP-nin lideri prezident seçkilərində heç bir müttəfiqsiz, heç bir xarici maliyyə dəstəyi olmadan ilk üçlükdə bərqarar olmuşdu. Əgər klassik mənada ALP adlı partiya yoxdursa, 2005-ci ildə 70 namizədi ilə müstəqil olaraq YAP-la bərabər partiya kimi seçkiyə qoşulan ALP deyildimi? O 70 namizəddən 12-nin qalib gəldiyi partiyanın adı ALP deyildi, bəs nə idi? Saxtakarlığa etiraz əlaməti olaraq və Müsavatın deputatlarından fərqli olaraq, mandatdan imtina edən Lalə Şövkət hansı partiyanın lideri idi? Bütün bunlardan sonra Arif Hacılının ALP-yə bu cür yanaşması qərəzdən başqa bir şey deyil". ALP yetkilisi də öz növbəsində Müsavatın "damını daşlamağı" unutmadı: "Bəli, Müsavat Partiyası nə vaxtsa güclü olub. Xalq Hərəkatından çıxmış, hakimiyyət tərkibində formalaşmış bir partiya kimi güclü olub. Amma təəssüf ki, bu, keçmişdə qalıb. Mən istərdim ki, Müsavat güclü olsun, amma onun gücü keçmişdədir. 2005-ci ildən bu yana Müsavatın gücünü kim və harada görüb? Əgər kimsə klassik mənada Müsavatın gücünü hardasa görübsə, mənə izah etsin",- deyən Ə.Temirxanın sözlərinə görə, heç kim belə bir misal göstərə bilməz, ona görə ki, heç bir gücdən söhbət gedə bilməz. Müsavatın ALP ilə əməkdaşlıq etmək istəməməsinin səbəblərinə gəlincə, Əvəz bəy deyib ki, artıq Müsavat rəhbərliyinin müxalifət çərçivəsində sözü keçmir. Onun fikrincə, Müsavat rəhbərliyinin 2003, 2005-ci illərdə tutduğu cəsarətsiz mövqe onların cəmiyyətdə sözünün qəbul olunmamasına gətirib çıxarıb: "Lalə Şövkətin, Əli Kərimlinin, Əli Əliyevin sözü Müsavat liderindən fərqli olaraq, cəmiyyətdə prinsipial müxalifət mövqeyi kimi qəbul olunur. Bu isə bizim opponentə çevrilmiş həmkarlarımızda qıcıq yaradır. Seçki ilində bu qıcığın güclənməsi göz qabağındadır. Artıq bunu Müsavatın sıravi üzvləri etiraf edir və bildirirlər ki, rəhbərliyin saldığı qalmaqala görə xəcalət çəkirlər. Təəssüf ki, Müsavat rəhbərliyi seçki ilinə müxalifətdaxili qalmaqalla başladı. Qədim Romada bir deyim var: Bu, kimin xeyirinədir. Təbii ki, bu, hakimiyyətin xeyrinədir. Əməkdaşlığa gəlincə, ALP əməkdaşlıq etmək üçün Müsavata minnətçi düşəsi deyil". [b]AXCP sədrinin müavini Razi Nurullayev münasibətlərin daha da gərginləşməməsi üçün bir qədər ehtiyatlı ifadələr seçərək mövqeyini bildirib:[/b] "AXCP ilə Müsavat Azərbaycan müxalifətinin ən önəmli partiyalarındadır. Bu mənada hər iki partiyanın bir arada olması olduqca vacibdir. Hesab edirəm ki, bu iki qüvvənin qarşı-qarşıya olması 2010-cu ilin itirilməsi olar. Ona görə də, Müsavat Partiyası, AXCP, o cümlədən "Azadlıq" bloku və digər müxalifət partiyaları bir yerdə olmağa məhkumdurlar. Çünki 2010-cu ilin taleyi müxalifətin birliyindən keçir. Eyni zamanda onu da qeyd edim ki, Müsavatın və AXCP-nin olmadığı müxalifət birliyi bir o qədər də güclü görünmür. Partiya sədri Əli Kərimli səy göstərir ki, müxalifətin birliyi təmin olunsun. Hətta bəzi jurnalistlər prosesləri qızışdırıb, iki partiya arasında nifaq salmağa çalışırlar. Yaxşı ki, həm Müsavat, həm də AXCP yetkililəri bütün məsələlərə dözümlü və təmkinli yanaşırlar. Bu səbəbdən də partiya sədri müxtəlif fikirlərə münasibət bildirmir və mümkün qədər dözümlü yanaşır. Bizim susmağımız, deyilənlərə təmkinlə yanaşmağımız müxalifətin birliyini istəməyimizlə bağlıdır. Ancaq bu təmkinin də sonu olacaq". "AXCP-nin Müsavatla bir yerdə ola bilməməsi sizin üçün problemdirmi",- sualına gəlincə, R.Nurullayev burada heç bir faciə olmadığını deyib. Onun sözlərinə görə, birliyin olmaması Azərbaycan xalqı üçün faciədir, ona görə də bunu istəmirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA