28-02-2010 [05:16]
Müxalifətdaxili gərginlik və qarşılıqlı ittihamların ünvanı dəyişdi. Artıq AXCP sədri Əli Kərimli ilə Müsavat başqanı İsa Qəmbər arasında qarşılıqlı savaşa start verilib. Xatırladaq ki, Ə.Kərimlinin Müsavat başqanının müxalifətə yönəlik ittihamlarının Lalə Şövkətə aid olmaması barədə açıqlama verməsi İsa Qəmbər tərəfindən xoş qarşılanmayıb. Müsavat başqanı AXCP sədrinin bu fikirlərini şərt kimi qəbul etdiyini dilə gətirərək "Əli Kərimli ağsaqqallıq etmək istəyirsə, bunu "Azadlıq" bloku çərçivəsində məhdudlaşdırsın", - cavabını verib. AXCP sədrinin müavini Nurəddin Məmmədli isə gərginliyin şişirdilməməsinin tərəfdarıdır.
- Bu məsələ ətrafında iki partiyanın rəhbərləri nə mümkündür və bu gün üçün nə lazımdırsa, hamısını deyiblər. Bura nəsə əlavə etmək mümkün deyil. Qaldı ki bu prosesin sonrakı mərhələsinə, o, hələlik AXCP-nin Rəyasət Heyətində müzakirə olunur. Biz bir raund müzakirələri aparmışıq, amma qərarlar qəbul olunmayıb. İkinci raund müzakirələrdən sonra bütün məsələlərə aydınlıq gətirilərək, problemlə bağlı partiyanın mövqeyi açıqlanacaq. Nə qədər ki, bunlar olmayıb, bu məsələlər ətrafında hər hansı şərh verməyi məqbul saymıram. Çünki bu diskussiyanın böyüməsi və problemin müzakirəsinə daha çox insanın qatılması əslində problemi həlledilməz edir. Ona görə də, istərdim ki, barışmaq və birləşmək mümkünlüyünü nəzərə alan insanlar hər hansı şərh verməkdən çəkinsinlər.
[b]- Nurəddin bəy, bu günə kimi Siz də, digər həmkarlarınız da müxalifətdaxili inteqrasiyada, ümummilli məsələlərdə şərt irəli sürməməyi daha məqbul sayırdınız. Amma indi növbəti şərt Siz tərəfdən gəlir... [/b]
- Biz heç bir şərt irəli sürməmişik. Birinci dəfə müxalifətin geniş koalisiya vasitəsi ilə seçkilərə qatılması ideyasını Əli Kərimli irəli sürüb. O da yalnız bir şərt irəli sürüb, - heç buna şərt də demək olmaz, - yəni ki, müxalifət mövqeyində duran partiyaların birliyinə nail olmaq. Amma bunu şərt kimi qəbul etmək düzgün deyil. Bu, prinsipdir. Burada təəccüblü bir şeydə yoxdur, çünki müxalifətçi olmayan bir adamın bizimlə hansı birliyindən söhbət gedə bilər? Bu mənada bizim tərəfimizdən heç bir şərt irəli sürülməyib.
[b]- İsa Qəmbər isə Əli Kərimlinin Lalə Şövkətlə bağlı son təklifini şərt kimi qəbul edir... [/b]
- Mən dedim axı, liderlər bu barədə öz mövqelərini kifayət qədər açıq bildiriblər. Ona görə də şərh vermək istəmirəm. Yalnız onu demək istəyirəm ki, birlik ideyası AXCP və onun sədri tərəfindən irəli sürülüb. Biz heç bir şərt olmadan, yalnız bir prinsip əsasında real müxalifətçilik mövqeyində dayanan partiyaların birliyi modelini təklif etmişik. Bu gün də həmin ideyaya sadiqik. Yerdə qalan bütün məsələlər müzakirə olunub, aradan qaldırıla bilər. Bütün o qeyri-konstruktiv görünən, anlaşılmaz olan, mübahisəli problemlərin hamısını həll etmək mümkündür. Partiya müxalifət qüvvəsidirsə, biz onunla birləşməyin tərəfdarıyıq. Ona görə də mən hələlik Əli bəyin də qeyd etdiyi kimi, resursların tam tükənmədiyi qənaətindəyəm. Hesab edirəm ki, bu istiqamətdə danışıqlar həm partiyalar daxilində, həm də partiyalararası müstəvidə davam etdirilməlidir.
[b]- Hazırkı münasibətləri nəzərə alsaq, "Azadlıq" bloku ilə Müsavatın parlament seçkilərinə birgə getməsi ehtimalını neçə faiz qiymətləndirmək olar? [/b]
- Bunu heç kim hesablaya bilməz. Azərbaycanda statistika yoxdur, olan da başdan-ayağa yalandır. Mən isə münəccim deyiləm, ona görə də nəyin neçə faiz olduğunu deyə bilmərəm. Digər tərəfdən, siz özünüz də bilirsiniz ki, bu, məndən asılı deyil. Burada çoxlu sayda faktorlar var. Bunların hamısını eyni zamanda heç kim nəzərə ala bilməz. Mənim yeganə istəyim ümid etməkdir ki, bu birlik baş tutsun.
[b]- ALP ilə Müsavatın münasibətləri məlumdur. AXCP ilə Müsavatın isə münasibətləri gərginləşmək üzrədir. Belə münasibətlər fonunda necə bir yerdə olacaqsınız? [/b]
- Mümkün olmayan şey yoxdur, hər şey mümkündür. Müharibə edən, bir-birlərinin milyonlarla insanını qıran dövlətlər, məsələn, Almaniya ilə Rusiya bu gün yaxın, müttəfiq ölkələrdir. Yəni münasibətlərdə olan gərginliklər problem deyil. Maraqlar üst-üstə düşüb, siyasi iradə olanda hər şeyə yenidən baxıb, məsələləri həll etmək mümkündür.
[b]- Bu gün o maraqlar üüst-üstə düşürmü, əgər düşürsə, niyə liderlərin sözü bir-birinin boğazından keçmir? [/b]
- Mən sənin nə istədiyini bilirəm. İstəyirsən ki, kimisə ittiham edim, söyüşə keçim. Bir məsələnin üzərində müxtəlif sullarla fırlanırsan ki, mənim ağzımdan nəsə bir söz qoparasan. Mən nə lazımdırsa, dedim. Sizin istədiyinizi isə deməyəcəyəm.
[b]- "Azadlıq" blokundakı müttəfiqlərinizə sadiq qalacağınızı bildirirsiniz. Müsavat öz mövqeyində qalarsa, yəni yalnız Sizinlə əməkdaşlıq etməkdə israr edərsə... [/b]
[i]- (Sözümüzü kəsərək)[/i] Siz yenə də öz bildiyinizi edirsiniz. Bunun cavabı bəllidir. Buna Əli bəy hərtərəfli və birmənalı cavab verib. Buna nəsə əlavə etmək mümkün deyil. Əli Kərimlinin müsahibəsini diqqətlə izləsəniz, bunu görəcəksiniz.
[b]- Müxalifətin birliyi təklifi ilə çıxış edən Demokratiya Uğrunda İttifaqa Müsavat ötən həftə müsbət cavab verdi. "Azadlıq" bloku, yaxud AXCP mövqeyini nə zaman bildirəcək?[/b]
- Hazırda bütün spektr üzrə məsələlər müzakirə olunur. Müzakirələrdən sonra bütün məsələlərə aydınlıq gətirəcəyik və səbəbini izah edəcəyik.
[b]- Bəs, Siz müxalifətin hansı formatda seçkiyə getməsini istəyirsniz? [/b]
- Bunu bir neçə dəfə demişik. Yenə də deyirəm, bizim istəyimiz odur ki, müxalifət qüvvələri bir yerdə olsun. Amma bilirəm ki, sizi nə maraqlandırır. İstəyirsiniz ki, dolayı suallarınızı cavablandırarkən Əli Kərimlinin fikirlərinin ziddinə nəsə deyim.
[b]- Bəy, biz Sizi heç nəyə məcbur etmirik. Başqa bir sual. AXCP-nin seçki hazırlığı hansı səviyyədədir, nə iş görürsünüz? [/b]
- Biz bilavasitə özümüzə aid olan məsələlərlə məşğuluq. Amma seçkiyə qatılmanın forması müəyyən olunmadan geniş kampaniya aparmaq və bu istiqamətdə iş görmək mümkün deyil. Koalisiyaya daxil olan qüvvələr müəyyənləşdirilməlidir, ondan sonra namizədlərin yerləşdirilməsi, forma və digər məsələlər müzakirə olunmalıdır. Bu gün bu məsələlərin heç biri həll olunmadığına görə, geniş aspektdə seçki kampaniyasına başlamaq mümkünsüzdür.
[b]- Müxalifətin birliyindən danışırsınız. İsa Qəmbər deyir ki, bu günə kimi Müsavat olan yerdə uğur olub, qələbə qazanılıb, proseslər bizim ətrafımızda cərəyan edir. AXCP nümayəndəsi kimi, Müsavatsız seçkiyə getsəniz, necə olacaq? [/b]
- Hər bir partiya yetkilisini öz partiyası haqqında bu cür fikirlər söyləmək haqqı var. Hətta Azərbaycanda bircə nəfərdən ibarət, yəni papkasından, liderindən və adından ibarət olan partiyaların da özlərinin böyüklüyü haqqında fikir söyləməsi təbiidir. Amma bu təbiilik, Azərbaycanda demokratik seçki olmadığına görə, siyasi müstəvidə müəyyənləşə bilməz. Bunu siz çox yaxşı bilirsiniz, çünki hakimiyyətə bizdən bir az yaxınsınız.
[b]- Hakimiyyətə yaxınıqsa, Sizin hakimiyyətin əleyhinə fikirlərinizi necə yayırıq? [/b]
[i]- (Tələsik)[/i] Bilirsiz ki, bu gün Azərbaycanda seçki yoxdur. Hakimiyyət sahibləri kimi məsləhət bilirlərsə, o da seçkidə qalib göstərilir. Ona görə də Azərbaycanda bu gün gücün və gücsüzün yerini müəyyən etmək mümkün deyil. Kim "bazarlığa" gedə bilsə, yaxşı "alver" eləsə, satılmağa meylli olsa, onların adamı keçəcək. Bunun isə gücə heç bir aidiyyatı yoxdur. Müsavatın dedikləri yalnız normal, demokratik seçkidə müəyyən oluna bilər, o da yoxdur. Ona görə də bu gün gücdən danışmağın başqa kriteriyaları var. Mən hesab edirəm ki, 2005-ci ildən bu yana Azərbaycan Xalq Cəbhəsi Partiyasının 16 siyasi məhbusu var. Bu müddət ərzində heç bir siyasi partiyadan bir nəfər nə tutulub, nə cəzalanıb. Mənim qənaətimcə, gücün göstəricisi budur. Çünki həmişə hakimiyyət güclü ilə vuruşur, zəiflə yox. Seçkinin nəticələrinə gəldikdə isə, demokratik seçki olanda, biz o suala cavab verəcəyik.
[b]- Nurəddin bəy, bəs hazırkı situasiyanı necə qiymətləndirmək olar?[/b]
- Azərbaycan getdikcə feodallaşmaqdadır. Bu ölkədə sivil siyasi proseslərlə bağlı heç bir islahat aparılmır. Rüşvətxorluq və korrupsiya Azərbaycan dövlətinin sütunlarını dağıtmaqdadır. Ölkədə ləyaqətsizlik, şərəfsizlik, alçaqlıq təbliğ olunur və çörək qazanmaq vasitəsinə çevrilir. Ona görə də Azərbaycan sürətlə orta əsrlər doğru sürüklənməkdədir. Belə bir şəraitdə vətəndaşın hüquq və azadlıqlarına, ölkədə demokratik islahatların aparılmasına ehtiyac var. Bu isə rejim dəyişmədən mümkün deyil.
[b]- Konkret olaraq, budəfəki parlament seçkiləri barədə nə deyə bilərsiniz? [/b]
- Bütün bunları nəzərə alaraq, demək olar ki, Azərbaycanda hər hansı bir möcüzə baş verməsə, budəfəki parlament seçkiləri bir qədər öncə keçirilmiş bələdiyyə seçkiləri kimi olacaq. Yəni kim satılsa, onlara yer veriləcək. Amma hakimiyyət 2010 seçkilərində real müxalifətçilik mövqeyində duran, Azərbaycanın xilası uğrunda mübarizə aparan insanlara yer verməməyə çalışacaq. Əgər hər hansı möcüzə, qlobal yeni situasiya yaransa, demokratik seçki keçirilsə, AXCP-nin, o cümlədən onun təmsil olunduğu "Azadlıq" blokunun çox böyük uğur qazanacağına şübhə etmirəm.
[b]Zaur ƏHMƏD[/b]