Xocalı soyqırımı Mehdiabad bələdiyyəsində də anılıb

img

26-02-2010 [05:09]


Dünən Abşeron Rayon Mehdiabad bələdiyyəsində erməni şovinistlərinin Xocalı şəhərində əliyalın əhaliyə qarşı həyata keçirdikləri soyqırıma həsr olunmuş tədbir keçirilib. Bələdiyyə üzvləri və tədbir iştirakçıları əvvəlcə qəsəbə mərkəzinə gələrək, Azərbaycanın ərazi bütövlüyü uğrundakı döyüşlərdə həlak olan mübariz Vətən oğullarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Sonra tədbir qəsəbə bələdiyyəsində davam etdirilib. Tədbiri giriş sözü ilə Mehdabad bələdiyyəsinin sədri Əbülfət Nuriyev açaraq, Ermənistanın azərbaycana qarşı təcavüzkar siyasətindən, həmçinin xalqımıza qarşı həyata keçirdiyi terrorizm və soyqırım aktlarından danışıb. O, Xocalı qətliamının baş vermə səbəblərinə toxunaraq, qeyd edib ki, dinc sakinlərinə qarşı soyqırımı aktı Dağlıq Qarabağ bölgəsinin işğalı zamanı Ermənistan Respublikasının həyata keçirdiyi etnik təmizləmə siyasətinin tamamilə yeni bir mərhələsidir. Onun sözlərinə görə, bu dəhşətli cinayət əməlinin məqsədi doğma torpağının müdafiəsinə qalxmış dinc əhalini qorxudub onun mübarizə əzmini qırmaq, eyni zamanda, ölkədə siyasi vəziyyəti qarışdıraraq Azərbaycan torpaqlarının işğalını asanlaşdırmaq olub: ?Bəzi xarici dövlətlərdən böyük miqdarda hərbi yardım alan Ermənistan Respublikasının silahlı qüvvələri, bütün beynəlxalq hüquq normalarına zidd olaraq, Dağlıq Qarabağı özünə birləşdirməyə cəhd etməklə, bu yolda ən ağır işgəncəyə, vəhşiliyə əl atmaqdan belə çəkinməyib. Xatın, Liditsa, Oradur, Xirosima, Naqasaki, Sonqmi kimi dəhşətli faciələrlə bir sırada dayanan Xocalı soyqırımı da aqressiv və cinayətkar erməni siyasəti nəticəsində törədilib. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşən və şəxsi heyətinin əksəriyyəti ermənilərdən ibarət olan 366-cı motoatıcı alayın köməyi ilə dinc əhaliyə qarşı qətliam həyata keçiriblər?. Bələdiyyə üzvü Kamil Qasımov Azərbaycan xalqının 200 il ərzində müxtəlif hegomon dövlətlərin himayəsini görən erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qaldığını diqqətə çatdırıb. Bildirib ki, belə siayasət nəticəsində azərbaycanlılar tarixi torpaqlarından qovularaq, qaçqına, məcburi köçkünə çevrilib: ?Bütün bu proseslər ermənilər tərəfindən kütləvi qırğınla müşayiət olunub. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə daha geniş vüsət alıb. Bu müddət ərzində Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal edilib, 18 mindən çox həmvətənimiz həlak olub, 20 mindən çox insan yaralanıb, 50 mindən çoxu isə əlil olub. 4 mindən çox azərbaycanlı əsir və itkin düşüb?. Xocalı faciəsinə verilən hüquqi-siyasi qiymətdən danışan K.Qasımov deyib ki, erməni qaniçənlərinin Azərbaycan xalqının məhv edilməsinə yönəldilmiş soyqırım və işğalçılıq siyasətinin davamı olan Xocalı faciəsinə siyasi qiymət vermək yalnız mərhum Prezident Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra mümkün olub: ?İlk növbədə Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olunaraq, bu faciənin dünyaya tanıdılması istiqamətində xeyli işlər görülüb. Məhz ulu öndərin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi 1994-cü il fevralın 24-də ?Xocalı soyqırımı günü haqqında? xüsusi qərar qəbul edərək, hadisənin baş vermə səbəblərini, günahkarları təfsilatı ilə açıqlayıb. Eyni zamanda, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi önə çəkilib?. Tədbirdə bələdiyyə üzvlərindən Vüsal Süleymanov, Fuad Əkbərov, Bəxşeyiş Behbudov və başqaları da çıxış edərək erməni vandalizminin acı nəticələrindən söhbət açıblar. [b]Orxan HACIYEV[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA