Zəlimxan Məmmədli: "Bu gün qeyri-bərabər döyüz mühitindəyik"

img

21-02-2010 [07:08]


[b]"Ortada ideoloji mübarizə yoxdur, bu müstəvidə diskucsiyalar aparılmır, yalnız şəxslər müzakirə olunur" [/b] Müxalifətdaxili gərginlik hələ də davam edir. Qarşıdan parlament seçkiləri gəlsə də, hakimiyyət əleyhdarları hələ də vahid mövqeyə gələ bilməyiblər. Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri, "Borçalı" Cəmiyyətinin rəhbəri Zəlimxan Məmmədli hazırkı durumun həm müxalifətin, həm də cəmiyyətin əleyhinə olduğunu deyir: - Mənə elə gəlir ki, hazırda hədəfdən yayınma meylləri var. Biz indiki şəraitə uyğun olaraq, ən azı hədəfləri müəyyən eləməliyik. Təəssüflər olsun ki, müxalifətli, hakimiyyətli, Azərbaycan cəmiyyətinin hədəfləri aydın deyil. Biz ümummilli dediyimiz məsələlərdə vahid mövqedə deyilik. Firqəçilikdir, hərbə-zorbalardır, fərdlərin ambisiyalarıdır, eyni zamanda hədəfin yoxluğudur, - bütün bunlar təbii ki, bir-birini müzakirə eləməyə gətirib çıxarır. Bunun nqəticəsində enerji daxilə, bir-birinə sərf olunur və ciddi siyasi proses gələndə enerji qıtlığı yaranır. Əslində bütün bunların siyasi rəqabətə də aidiyyatı yoxdur. Rəqabət əsasən normal cəmiyyətlərdə hakimiyyətlə müxalifət arasında gedər. Bizdə isə bu sistem yoxdur. [b]- Zəlimxan bəy, son prosesləri də nəzərə almaqla, bu hədəfdən yayınmada, qarşılıqlı ittihamlarda ümumilikdə müxalifətin günahı var, yoxsa ayrı-ayrı liderlərin?[/b] - Müxalifətin olmasını bu dəqiqə liderlər müəyyən edir. Yəni ümumi müxalifətlə liderlərin ovqatını ayırmaq yanlışdır. Ortada ideoloji mübarizə yoxdur, bu müstəvidə diskucsiyalar aparılmır, yalnız şəxslər müzakirə olunur. Amma bu gün Azərbaycan cəmiyyətinin fəallığında maraqlı olmalıyıq, ən azı ona görə ki, dövlət başçısı səviyyəsində güc tətbiq etməklə torpaqların azad olunacağı ilə bağlı bəyanatlar verilir. Cəmiyyət bütövlükdə bu ovqatda olmaldır. Təəssüf ki, biz həmişə olduğu kimi bunu gələcək zamanlara atırıq. Təbii ki, müxalifətarası pərakəndəlikdə kənar qüvvələr də təsirsiz deyil. Yəni Azərbaycanda kifayət qədər marağı olan güclər, hakimiyyət, hakimiyyətin ayrı-ayrı qolları, ayrı-ayrı iqtisadi güclər, dini sektalar, media qurumları, partiyalar, - bunların hamısının öz maraq dairələri var. Hər birinin kəşfiyyatı və əks-kəşfiyyatı mövcuddur. [b]- Müsavat başqanı İsa Qəmbər də elə müxalifət daxilində bu cür qüvvələrin olduğunu dedi və düşərgədə ara qarışdı... [/b] - Ara niyə qarışmalıdır? Bu cür fikirlər o qədər deyilib ki. Biz zamanında çox şeyləri söylədik, hətta bizə qaragüruh, filan da deyirdilər. O vaxı dediklərimizi sübut etmək də çətin idi, çünki imkanlar məhdud idi. Zaman keçdi və bu müddət ərzində çox şey aydın oldu. Bu gün də yeni format ortaya qoyulmur, indiki bundan əvvəlki parlament seçkilərində ortaya qoyulan formatdır. O format bir neçə dəfə uğursuzluğa düçar olub, amma yenə də bu format üzərində hamı bir-birindən nəsə gözləyir. Əslində son prezident seçkilərindən sonra müxalifət bir araya gəlib müzakirə apararaq, parlament seçkilərinə hansı formatda getməyi müəyyənləşdirməli idi. Vaxtiylə təklif olunan Demokratiya Uğrunda İttifaq beş partiyanın bir araya gəlməsi deyil. Biz demokratiya məsələsində daha geniş spektrlə sıx əməkdaşlıq edə bilərdik. Amma həmin təkliflər yetərincə qiymətləndirilmədi. İndi yenə də həmin birlik modeli təklif olunur. Halbuki hazırda siyasi mübarizənin çalarları da, metodlar da on il bundan qabaqkından fərqlidir. Bu gün cəmiyyət qarşısına başqa meyarlarla çıxmaq lazımdır. Bax, onun üzərinə işlənilməlidir. Bu gün birliklə bağlı verilən açıqlamalarda təəssüf elədiyim məqamlar kifayət qədər çoxdur. Hər halda arzuolunmayan proseslər gedir. Əsas hədəflər qalıb bir tərəfdə dostlarımız bir-birini nədəsə ittiham edirlər. [b]- Müxalifətdaxili gərginlik yarada biləcək məsələlərdən biri də KXCP-yə yaxın qəzetdə Lalə Şövkətlə bağlı yazının dərcidir... [/b] - Mənim enerjimin xeyli hissəsi Borçalı məsələsinə yönəlib, daha çox millətimizin, dövlətimzin maraqlarına uyğun layihələr üzərində işləyirəm. Bu mənada qeyd etdiyiniz məsələlərdən bir qədər kənardayam. Ona görə də bu barədə nəsə deməyə çətinlik çəkirəm. Təbii ki, bu cür məsələlərə,- yazıya görə də, əsəbləşənə görə də təəssüf edirəm. İndiki zamanda mənim bu məsələlərə müdaxilə edib, hansısa mövqe qoymağım da yanlışlıq olar. [b]- Bu gün müxalifətin parlament seçkilərində birgə iştirak etməsi üçün müxtəlif formatlar təklif olunur. Siz bu formatlardan hansını uğurlu sayırsız? [/b] - Bu işlə məşğul olan insanlar var. Hər bir addım atılanda millətimizin, dövlətimizin maraqları öndə olacaqsa, orda xeyirlisini tapacağıq. Yox, əgər fərdlərin ambisiyaları öndə olacaqsa, onun nə millətə, nə dövlətə aidiyyatı olmayacaq. Hər şey çox yaxşı görünür, ona görə də onlara bələdçi lazım deyil. [b]- Nə görünür? [/b] - Hər şey çox aydın görünür. Azərbaycanın dostu da, düşməni də, onun uğrunda vuruşan da, talayan da görünür. Bu gün biz qeyri-bərabər döyüş mühitindəyik. Bu mübarizə mühitində ən yüksək zirvəni fəth eləməyi hədəf götürməyi hədəf götürürük. Biz bilməliyik ki, o zirvə bütün arsenalları ilə qorunur. Həyatamızın mahiyyəti müstəqil dövlət qurmaqdırsa, onun qan itirmədən demokratikləşməsi, sonra isə bütövləşməsi mühüm borcumuzdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA