Azərin piratlardan zikayətlənir

img

21-02-2010 [04:30]


Son vaxtlar xarici qastrol səfərlərində daha çox olan əməkdar artist Azərinin fikrincə, müğənni ancaq vətənində fəaliyyət göstərməli deyil: "Əgər dəvətlər varsa, qastrollara getmək də vacibdir. Biz də gedirik. Həm özəl, həm də diaspor xəttilə səfərlərimiz çox olub. Bəzilərinin düşündüyünün əksinə olaraq, bu işdə əsas olanı heç də maddi maraq deyil. Bir il əvvəl Türkiyədə Şırnaq, Diyarbakır və Siyirddə mehmetçilərə verdiyim konsertlər mənə xüsusi mənəvi zövq verdi. Nədənsə, bizdə belə hesab edirlər ki, ancaq Heydər Əliyev Sarayında verilən konsert əsl konsertdir. Mənim də bu məkanda iki solo-konsertim olub və uğurla keçib. Amma bundan başqa, il boyu müxtəlif yerlərdə, qastrollarda, əsgərlər qarşısında da konsertlərim olub və düşünmürəm ki, fəaliyyətdən kənardayam". Xeyli vaxtdır TRT "Avaz" telekanalında "Azərinlə esintilər" verilişini aparan Azərin xanım bunu hər şeydən öncə öz vətəndaşlıq borcu saydığını deyir: "Musiqimizin dünyada təbliği biz müğənnilər üçün hər şeydən ümdədir. Dahi Üzeyir bəyin Əhməd Cavadın sözlərinə yazdığı "Çırpınırdı Qara dəniz"ə Türkiyədə də klip çəkildi. Bunun sayəsində dahilərimizin əsərləri, bununla yanaşı mədəni irsimiz daha geniş kütləyə çatdırıldı. Bu gün vətənpərvər mahnılarını şəxsi məqsədlərlə oxuyanlar da var. Bu mövzu xalqımız tərəfindən, eləcə də bütün türk dünyasında çox dəyərləndirilir. Təəssüf ki, biz incəsənətin təbliği və dəyərləndirilməsi baxımından Türkiyə kimi sivil ölkələrdən geri qalırıq. Bu gün Azərbaycanda albom, disk satışı bərbad gündədir. 3 albomum işıq üzü görüb, amma piratlar qazanc əldə etməyə imkan vermirlər. Buraxdıqları məhsulun nə görünüşcə, nə də səslənməsində keyfiyyət olmur. Bu gün Azərbaycanda sənət adamları, o cümlədən müğənnilər əlçatmaz deyil. Mahnılarımızı isə təkcə efirdə və restoranlarda deyil, internet səhifələrində də dinləyə bilirlər. Buna görə, düşünmürəm ki, albom çıxarmamaq qəbahətdir. Yeri gəlmişkən, Türkiyədə albom buraxmaq təklifləri də almışam. Amma hələ qəti fikrə gəlməmişik". Azərin xanım pərəstişkarlarını da unutmadığını söylədi: "Bütün dünyada tanınmış bir neçə klassik əsəri lentə almışam. Operaya tələbat güclü olmasa da, bu amilə fikir vermirəm. Mən klassik üslub ifaçısıyam, vokalistəm. Buna görə də həmişə repertuarımda həm Azərbaycan, həm də dünya klassikası yer alır. İnsanların yüksək səviyyədə musiqi eşitmələri üçün bu lazımdır. Bundan əlavə, Xəlil Rza Ulutürkün sözlərinə, Samir Nasimin yazdığı "Mən Azərbaycanam" adlı vətənpərvər mövzuda daha bir mahnım var. Musin Yalçınoğlunun sözlərinə bacım Zümrüd Tağıyevanın bəstələdiyi "Üşüyorum" adlı mahnıya klip çəkdirməyi də düşünürəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA