"Bu hakimiyyət daha çox özünə gün ağladığına görə, xalq ondan üz döndərib"

img

21-02-2010 [04:23]


Millət vəkili Pənah Hüseyn hakimiyyətin "Siyasi partiyalar haqqında" Qanuna düzəlişlər etmək istədiyini bildirib. Bu düzəlişlərdə əsas məqsədlərdən birinin partiyaların maliyyələşməsi ilə bağlı olduğu deyilir. Uzun müddətdir ki, müxalifət tərəfindən də tələb olunan bu dəyişikliklərin nə vaxt reallaşacağı isə bilinmir. Ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı fikirlərini bizimlə bölüşən Müsavat Partiyasının başqan müavini, millət vəkili Arzu Səmədbəyli ilə söhbətə də bu mövzudan başladıq. - Normal dövlətlərdə siyasi partiyalar dövlət tərəfindən maliyyələşdirilir. Biz də istəyirik ki, siyasi partiyalar dövlət büdcəsindən maliyyələşsin. Bunun da bir neçə yolu var. Yəni bu, partiyaların parlament seçkilərində aldığı səslərə, prezident seçkilərində aldıqları səs fiazlərinə uyğun hesablana bilər. Amma əsas odur ki, hakimiyyət partiyaların bu variantlardan hansınınsa əsasında partiyaların maliyyələşməsinə imkan versin. Əslində bu, hakimiyyətin ortaya qoyduğu siyasi iradədir. Əgər hakimiyyətin belə bir siyasi iradəsi olsa, elə də problemli məsələ deyil. [b]- Necə düşünürsünüz, Sizcə hakimiyyət buna gedəcəkmi? [/b] - Təəssüflər olsun ki, hakimiyyətdə belə bir iradə yoxdur. Hakimiyyətin bütün fəaliyyəti siyasi partiyaların inkişafına yox, daha çox məhdudlaşdırılmasına yönəlir. Yəni əllərində olan bütün inzibati, siyasi resurslar vasitəsi ilə çalışırlar ki, partiyaların fəaliyyətini məhdudlaşdırsınlar. Bununla da özlərinin daha güclü olmasını nümayiş etdirməyə çalışırlar. Normal demokratik cəmiyyətlərdə o hakimiyyət güclüdür ki, onun güclü müxalifəti var. O zaman tərəflər arasında güclü rəqabət gedir. Yoxsa hakimiyyət əlində olan bütün inzibati resursları işə salır, müxalifətin imkanlarını məhdudlaşdırır, sərbəst toplaşmaq hüququna imkan vermir. Sonra da göstərir ki, guya müxalifətdən güclüdür. Bu da müəyyən məhdud dairədə, zamanda keçərli olur. Zaman keçir və hər kəs görür ki, Azərbaycan hakimiyyəti həm özünü, həm də dünyanı aldadır. [b]- Arzu bəy, bildiyiniz kimi, artıq seçki ilinə start verilib. Ölkədəki seçkiöncəsi vəziyyəti necə qiymətləndirirsiniz? [/b] - Hazırkı situasiya istər hakimiyyət, istərsə də müxalifət üçün uğurlu deyil. Hakimiyyət üçün ona görə uğurlu deyil ki, ötən seçkilərdən bu günə kimi keçən müddətdə bu hakimiyyətin xalq arasında nüfuzu çox aşağı düşüb. Xalqın hakimiyyətə olan etimadı tükənib. [b]- Hakimiyyət mənsubları bunun əksini söyləyir. Sizin arqumentləriniz nədən ibarətdir? [/b] - Xalq özünün güzəranında, yaşayış səviyyəsində hakimiyyətin ona verdiyi vədlərin heç birinin gerçəkləşmədiyinin fərqindədir. Bu hakimiyyət daha çox özünə gün ağladığına görə, xalq ondan üz döndərib. Getdikcə istər geopolitik aləmdə baş verən krizdən doğan situasiya, istərsə də ölkədə baş verən və indiyə qədər dəyişməyən idarəetmə üsulu bu xalqın güzəranının daha çox pisləşməsinə gətirib çıxarıb. Amma hakimiyyət bu barədə düşünmür. Əksinə, o, özünün gələcək taleyindən narahatdır, nəinki xalqın güzəranı, dolanışığından. [b]- İndiki vəziyyət müxalifət üçün niyə arzuolunmazdır? [/b] - Çünki bu gün müxalifətin arzuladığı şərait yoxdur. Yəni müxalifət istəyir ki, ölkədə vəziyyət dəyişsin, bu günə qədər bütün seçkiləri saxtalaşdıran bu hakimiyyət beynəlxalq birliyin təzyiqlərindən, uyarılarından nəticə çıxarsın. Bunların heç biri reallaşmayıb. Seçkiləri saxtalaşdıran Mərkəzi Seçki Komissiyası da eynən qalır, seçkiöncəsi hansısa bir dəyişiklik hiss olunmur. Hakimiyyət yetkililəri də bəyan edirlər ki, bu günə kimi keçirilən seçkilər normal olub və belə də davam edəcək. Bu da təbii ki, bizim üçün qəbulolunmazdır. Bu mənada müxalifət üçün mübarizə aparmağa uyğun situasiya yoxdur. [b]- Müxalifət ölkədə dəyişikliklərin olması, demokratik seçki mühitinin yaradılması üçün nə edib? Görünən odur ki, nəsə etməmisiniz ki, dəyişiklik yoxdur... [/b] - İndiyə qədər olan dövrdə müxalifət nə etmək lazım olduğunu həm yazılı, həm də şifahi mövqelərində bildirib. Biz söyləmişik ki, ölkədəki situasiyanı dəyişmək yalnız və yalnız normal, demokratik seçki prsesindən keçir. Bütün tərəfləri razı salacaq, paritet əsasda formalaşan komissiyaların formalaşması vacibdir və o komissiyalar ki, normal, demokratik seçki keçirəcək, seçkinin nəticəsi o qədər şəffaf olacaq ki, uduzan tərəf udan tərəfin əlini sıxacaq. Bununla da ölkədə normal situasiya yaranacaq. Təəssüflər olsun ki, bu situasiya yoxdur. Bunun üçün müxalifət nə edə bilər? Yalnız təkliflər, uyarılar verə bilər. Siz bilirsiniz ki, hakimiyyət tərəfindən ana müxalifət olan Müsavat Partiyasına seçki komissiyalarında təmsil olunmaq təklif olundu. Amma Müsavat ümumi maraqları üstün tutaraq, bu təklifdən imtina elədi. Dedi ki, biz normal, paritet seçki komissiyalarının formalaşmasını istəyirik. Bu, eyni zamanda beynəlxalq təşkilatların tələbidir. Təəssüflər olsun ki, hakimiyyət bizim istəklərimizi nəzərə almayıb. 2010 parlament seçkiləri öncəsi hakimiyyət yetkililəri tərəfindən verilən açıqlamalarda hansısa müsbət irəliləyişin olacağı güman olunmur. [b]- Belə çıxır ki, müxalifət hazıra nazir olmaq istəyir? [/b] - Mənə elə gəlir ki, bunu tək müxalifətin boynuna yükləmək o qədər də ədalətli mövqe olmazdı. Çünki müxalifət üzərinə düşən vəzifəni ağır şərtlər daxilində yerinə yetirmək əzmindədir və müxtəlif manevrlərlə bunu eləmək istəyir. Amma təəssüflər olsun ki, hər şey müxalifətdən asılı deyil. Axı bunu gerçəkləşdirəcək güc müxalifət deyil, hakimiyyətdir. Elə Ukraynaya baxın. Yuşşenko beş il prezident oldu. Növbəti prezident seçkilərində elə bir seçki keçirdi ki, cəmi beş faiz səs aldı. Yəni əlində olan inzibati resurslardan istifadə edərək nəticələri başqa cür də edə bilərdi. Azərbaycana da belə bir nümunə lazımdır. Bütün bunlar ölkədəki hakimiyyətdən, onun demokratiya istəyindən asılıdır. Azərbaycan hakimiyyəti demokratiya istəmir. Çünki ilk demokratik seçkidə bu iqtidar hakimiyyəti itirəcək. Elə ona görə də cidd-cəhdlə vəziyyəti bu şəkildə saxlamağa çalışır. Mənə elə gəlir ki, Azərbaycan xalqının potensialı Ukrayna xalqının potensialından heç də əskik deyil. Sadəcə olaraq, hakimiyyətdə olanların dünyada gedən prosesləri nəzərə alması lazımdır. Dünyaya göstərə bilərdik ki, Azərbaycan xalqı demokratiyaya layiqdir və 1918-ci ildə təsadüfən Şərqdə ilk demokratik dövlət qurmayıb. Müxalifət olaraq, biz bunu istəyirik. Əminəm ki, Azərbaycan demokratları hakimiyyətdə olsaydı, bunu nümayiş elətdirərdik. Təəssüflər olsun ki, bu gün hakimiyyətdə demokratlar deyil. [b]- Belə bir məqamda müxalifət qüvvələri qarşılıqlı ittiham kampaniyaları aparmaqla məşğuldur. Sizcə, bunun özü prosesə mənfi yönümdə təsir etmirmi? [/b] - Məncə, yox. Yəni bu, bir prosesdir, gedir. Hər zaman bu cür proseslər olub. Hər zaman sağlam əsaslara söykənən mübahisələrdən gerçəklər doğur. Hər kəs öz mövqeyini nümayiş elətdirir. Bu, artıq cəmiyyətin mövqeyidir ki, şərtlərə baxacaq, onları müqayisə edəcək və hansını daha doğru biləcəksə, onu dəstəkləyəcək. [b]- 2010-cu ilin ilk aylarının müzakirə mövzularından biri də müxalifətin birliyi və seçkidə hansı formatda iştirak məsələsidir. Bu məsələdə də yekdil fikir yoxdur. Bu barədə nə düşünürsünüz? [/b] - Mənə elə gəlir ki, bu prosesdə daha çox siyasi mövqeyi, ideoloji baxışları, hakimiyyətə qarşı mövqedə uzlaşan nöqtələri birgə tapan təşkilatlar yaxınlaşsa, bu, daha çox işin xeyrinə olar. Yoxsa sözdə hakimiyyətin əleyhinə olub, işdə həm hakimiyyətin, həm müxalifətin yanında olan, eyni zamanda manevr imkanları ilə cəmiyyəti çaşdırmağa çalışan qüvvələrin hamısının bir yerdə olması heç də işin xeyrinə olmaz. İndiyə qədər nümunə olacaq seçkilər olub. Xatırladım ki, 2000-ci il parlament seçkilərində Müsavat təkbaşına olsa belə, seçkilərin qalibi oldu, baxmayaraq ki, parlamentə buraxılmadı. 2003-cü il prezident seçkilərində İsa Qəmbər "Bizim Azərbaycan" blokunu təşkil edərək, ölkədə böyük bir prosesin başında dayandı və seçkinin qalibi oldu, amma halal haqqı onun əlindən alındı. 2005-ci ildə "Azadlıq" bloku seçicilərin böyük əksəriyyətinin səsini aldı, lakin beş nəfərin haqqı tanındı. [b]- Yəni müxalifətin bir arada olması önəmlidir... [/b] - Məncə, müxalifətin bir arada olması, seçicilərin səsinin hansı hissəsinin alıb-almaması əsas deyil. Söhbət ölkədəki siyasi situasiyadan asılıdır. Əgər doğurdan da, bu hakimiyyət yenə də əvvəlki mövqeyində olacaqsa, yenə də seçki komissiyalarının tərkibinin dəyişməsini mümkün etməyəcəksə, seçkiləri saxtalaşdırıb özünü qalib elan edəcəksə, hansısa qlobal dəyişikliyin olacağını güman etmirəm. [b]- Konkret olaraq, 2010-da müxalifət xalqdan səs ala biləcəkmi? [/b] - Müxalifət bu seçkilərdə seçicilərin böyük əksəriyyətinin səsini alacaq. Onu da deyim ki, 2005-lə müqayisədə 2010-da ciddi dəyişikliklər olacaq. Çünki bu xalq hakimiyyətdən istədiyini ala bilmədiyi üçün vəziyyət iqtidarın xeyrinə deyil. Ona görə də xalq onun gələcəyi ilə bağlı müsbət işlər görə biləcək qüvvənin arxasınca gedəcək. Bu da təbii ki, demokratik düşərgədir, müxalifətdir. Amma bəribaşdan seçkinin necə keçəcəyini, proseslərin necə olacağını da demək çətindir. Bizə düşən odur ki, öz mövqeyimizdə ardıcıl olaq, xalqa gerçəkləri anladaq, eyni zamanda xalqın öz hüquqları uğrunda mübarizədə ardıcıl olmasını istəyək, onun təkcə müxalifətə ümid olmasını yox, özünün mübarizəyə qoşulmasını təmin edək. O zaman situasiyanın dəyişməsindən söhbət gedə bilər. Ancaq hazırda bu barədə danışmaq tezdir. [b]- Seçkiyə qədərki planlarınız aydındır, seçkidən sonrakı dövrə necə, hazırsınızmı? [/b] - Bu məsələlər zaman-zaman olub və müzakirə edilib. Ötən seçkilərdə də bizim ən ağrılı yerlərimizdən biri bu olub. Biz çalışacağıq ki, ötən seçki dövrlərini təhlil edək və bu seçkilərə daha tədbirli gedək. Mənə elə gəlir ki, demokratlar özündə güc tapıb bu prosesin situasiyaya uyğun dəyərləndirəcək və adekvat olan addımları atacaq. [b]Zaur ƏHMƏD[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA