Mübariz Əhmədoğlu: "Azərbaycan uzunmüddətli müharibə aparmaqla Ermənistanı çökdürə bilər"

img

18-02-2010 [06:25]


Bu gün "RİA-Novosti" İnformasiya Agentliyində "Mübariz Əhmədoğlu ilə Qarabağ saatı" layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından danışan Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu jurnalistləri maraqlandıran suallara cavab verib. M.Əhmədoğlu deyib ki, Qazaxıstanın ATƏT-ə sədrlik etməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərəcək: "Qazaxıstanın xarici siyasəti elm və müasir texnologiyalara əsaslanır. Bu gün Ermənistanın Qazaxıstanın dəstəyinə ehtiyacı var. Əgər sabah Ermənistan Qazaxıstanın ədalətli təklifinə "yox" desə bu dəstəkdən məhrum ola bilər. Ermənistanın ən çox güvəndiyi parametr Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır. Bu təşkilatda qərarlar konsensus yolu ilə qəbul olunur. Əgər Ermənistan Qazaxıstanın təkliflərinə biganə qalsa, rəsmi Yerevanın KTMT daxilində də ciddi problemləri olacaq". SİTM sədrinin sözlərinə görə, Qazaxıstan Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünü təşkil edə bilər: "Çox güman ki, Qazaxıstan yaxın vaxtlarda belə bir təşəbbüslə çıxış edəcək. Azərbaycan icmaların görüşünə etiraz etməyəcək. Amma Ermənistan bu təkliflə razılaşmaya bilər. Bu isə Qazasxıstan-Ermənistan münasibətlərinin zədələnməsinə gətirib çıxaracaq. Nəticədə Ermənistanın xarici siyasət kursu növbəti dəfə uğursuzluğa düçar olacaq. Hazırda Ermənistanın Rusiya ilə də ciddi problemləri var. Rusiya marağı olan dövlətlərin Cənubi Qafqaz regionuna gəlməsinə mane olmağa çalışır. Amma Ermənistan bunun əksinə olaraq, Rusiya ilə marağı toqquşan dövlətlərin regiona gəlişini daha da sürətləndirir". Politoloq bildirib ki, Ermənistanın İranla münasibətlərində də müəyyən gərginlik hökm sürür. Onun fikrincə, Ermənistan Türkiyə əleyhdarı olduğu üçün İran bu ölkəyə maddi yardım göstərirdi. Ermənistanın Türkiyə ilə münasibətləri çözməyə çalışması rəsmi Tehranını narazılığına səbəb olub. M.Əhmədoğlu Ermənistanın konstruktiv mövqe nümayiş etdirməyəcəyi təqdirdə, müharibə variantının yenidən gündəmə gələcəyini istisna etməyib: "Ermənistan mövcud variantlardan birinin üzərində dayanmalıdır. Əks təqdirdə, Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmaya bilər. Azərbaycanın "ildırım sürətli müharibə" taktikasından imtina etməsi tamamilə mümkündür. Azərbaycan uzunmüddətli müharibə aparmaqla Ermənistanı çökdürə bilər. Bu zaman təkcə Dağlıq Qarabağ problemi deyil, "erməni məsələsi" də öz həllini tapmış olacaq". [b]Rəhilə MANAFOVA[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA