MQP müxalifət daxilində baz verən qarzıdurmaları aradan qaldırmağa çağırıb

img

16-02-2010 [03:29]


MQP Böyük Məclisinin növbəti sessiyası keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, 51 BM üzvündən 29-nun iştirak etdiyi toplantıda qarşıdan gələn parlament seçkilərində partiyanın iştirakına münasibət, son vaxtlar partiya rəhbərliyinə olan təzyiqlərlə bağlı müraciətlərə hakimiyyət orqanlarının səssiz qalması, kadr dəyişiklikləri və cari məsələlər müzakirə olunub. BM üzvləri müxalifət daxilində baş verən proseslərə də münasibət bildirib. Müzakirələr barədə məlumat verən MQP Siyasi Şura üzvü Yusif Əli BM üzvlərinin əksəriyyətinin qarşıdan gələn parlament seçkilərinin boykot edilməsinə tərəfdar olduğunu, lakin Vüqar Bəyturanın təklifi ilə bu istiqamətdə yekun qərar qəbulunun təxirə salındığını bildirib. Partiya başqanı BM üzvlərinin tam tərkibdə iştirak etmədiyini, qərara təsir edəcək amillərin tam yekunlaşmadığını, 34 MQP üzvünün seçkilərdə iştirak etmək istəyini əsas gətirərək, partiyadaxili müzakirələrin davam etdirilməsini, hər iki tərəfin arqumentlərinin bu müzakirələrdə dəyərləndirilməsini təklifini irəli sürüb və BM səs çoxluğu ilə bu təklifi qərar formasında qəbul edib. Son vaxtlar partiya rəhbərliyinə edilən təzyiqləri pisləyən MQP BM hakimiyyət orqanlarının MQP Siyasi Şurasının müraciətinə səssiz qalmasını təhdidlərin müəlliflik məsuliyyətini üzərlərinə götürmək kimi qəbul etdiklərini bəyan edib. Qərara alınıb ki, beynəlxalq təşkilatlar qeyd olunan məsələ ilə bağlı bilgiləndirilsin. MQP BM partiyanın qurultay səlahiyyətli konfransında formalaşdırılmış Siyasi Şuranın yenidən təşkili ilə bağlı qərar verib və MQP başqanına növbəti toplantıya qədər yeni SŞ üzvlərinin namizədliklərini müəyyənləşdirmək həvalə olunub. Müxalifət daxilində baş verən qarşıdurmaları aradan qaldırmağa çağırış edən MQP BM müxalif partiyalar arasında qarşılıqlı ittihamları pisləyib, bu cür çıxışların hamıdan çox iqtidarın mənafeyinə uyğun gəldiyini vurğulayaraq, tərəfləri parçalanma istiqamətində deyil, birləşmə yolunda addımlar atmağa dəvət edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA